Rekreasiya

Rekreasiya (polyakca – recreacya – istirahət. Lat. recreatio – istirahət) – Təbiətin qoynunda istiharət etmək və ya turist gəzintiləri yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması[1].

Rekreasiya dəyişilmələri

İstirahət edənlər və turistlər tərəfindən torpağın həddindən çox tapdanması (bərkiməsi), bitkilərin və xırda heyvanların məhv edilməsi nəticəsində ekosistemin tərkibinin, strukturunun və fəaliyyətinin antropogen diqressiyası (pisləşməsi). Bitkinin rekreasiya dəyişməsi retroqres tipli suksessiya variantıdır. Rekreasiya təsirinin intensivliyi rekreasiya yükü kimi qiymətləndirilir.

Rekreasiya diqressiyası

Əhalinin istirahəti üçün təbii komplekslərin (əsasən meşə biosenozları) intensiv istifadəsi nəticəsində dəyişməsi. Meşə biosenozuna əsas rekreasiya təsirləri bunlardır: mexaniki (tapdanma, budaqların kəsilməsi, odun hazırlanması, tonqal qalanması, heyvanların qorxudulması və s.), meşədən göbələk, giləmeyvə, çiçək və s. yığılması. Meşəyə daim təsir nəticəsində (bitkinin tapdanması və torpağın bərkiməsi) baş verir.

Rekreasiya coğrafiyası

Ərazi rekreasiya sisteminin – planetin quru ərazisində və akvatoriyasında istirahət yerlərinin yaranması, yerləşməsi və fəaliyyətini öyrənən elm sahəsi.

Rekreasiya ərazisi

Əhalinin istirahəti, sağlamlıq və əmək fəaliyyətini bərpa etmək üçün təyin olunmuş quru və ya su səthi sahəsi.

Rekreasiya kadastrı

İnsanın istirahəti və sağlamlığının bərpası məqsədilə ayrılmış ərazilər haqqında məlumatların məcmusu. Rekreasiya kadastrına obyektlərin estetik qiyməti, marşrutların mürəkkəblik dərəcəsi, onların müxtəlif istirahətçi kateqoriyası üçün əlverişliliyi və s. göstərilir.

Rekreasiya meşələri

Əhalinin kütləvi istirahət və əyləncə məqsədi üçün ayrılmış meşə sahələri. Bu məqsədlə təşkil olunan yaşıl zonalar, meşə-parklar təbii meşələr fonunda yaradılır və meşələrin normal funksiyası saxlanılmaqla rekreasiya həcmi artırılır. Belə ki, meşə-parklar yaradarkən orada meşə landşaftları, çəmənlik sahələri, ayrı-ayrı meşə talaları öz təbii halında saxlanılır. Eyni zamanda burada bir sıra tədbirlər sistemi də həyata keçirmək lazım gəlir. Meşə-parklarda çəmənliklər, idman meydançaları, gündəlik istirahət üçün evlər və s. yaradılması məsləhətdir. Parkqoruqdan fərqli olaraq Rekreasiya meşələrinə gələn vətəndaşlar müxtəlif istiqamətlərdə gəzintiyə çıxmaq, ç içək, göbələk, meyvə, giləmeyvə, dərman bitkisi yığmaq, balıq tutmaq imkanına malik ola bilər. Ona görə də Rekreasiya meşələrində xüsusi yollar, cığırlar şəbəkəsi də planlaşdırılır. Respublikamızda Rekreasiya meşələri əsasən sanatoriya və kurortlar ətrafında (İstisu, Şuşa, Şəki, Abşeron, Yalama) meşəli rayon mərkəzləri tərafında yerləşir.

Rekreasiya obyekti

İstirahət üçün ayrılmış kiçik təbiət sahəsi(göl, nohur, meşə talası və s.).

Rekreasiya potensialı

Təbiət ərazisinin insana müsbət fiziki, psixoloji təsir bağışlaması xassəsi. Bu əsasən istirahət vaxtı təzahür edir.

Rekreasiya resursları

İnsanın istirahətini təmin edən, onun sağlamlığını və əmək qabiliyyətini bərpa edən təbii resurslar.

Rekreasiya su hövzəsi

Əhalinin kütləvi istirahəti məqsədilə istifadə etdiyi su hövzəsi.

Rekreasiya yükü

İstirahət edənlərin (balıqtutma, turist, ovçu və s.) və onların nəqliyyat vasitələrinin təbii komplekslərə və rekreasiya obyektlərinə bilavasitə təsir dərəcəsi. Vahid sahəyə və ya rekreasiya obyektinə bir gündə gələn adamların sayı ilə ifadə olunur.

İstinad

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.