Rauf Arifoğlu
Rauf Arifoğlu (23 iyul 1966, Yuxarı Öysüzlü, Tovuz rayonu) — Azərbaycanlı jurnalist. "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri.
Rauf Arifoğlu | |
---|---|
May 2001 – ? | |
Sədr | İsa Qəmbər |
Əvvəlki | Vəzifə təsis edildi. |
İyun 1992 – ? | |
Sədr | İsa Qəmbər |
Əvvəlki | Vəzifə təsis edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 iyul 1966 (57 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Texnologiya İnstitutu; Qərb Universiteti |
Fəaliyyəti | jurnalist |
Dini | İslam |
|
|
Təltifləri | |
raufarifoglu.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Rauf Arif oğlu Abbasov 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunu mühəndis texnoloq ixtisası üzrə, 1994–1996-cı illərdə isə Qərb Universitetinin Dünya siyasəti və iqtisadiyyatı fakültəsini, politoloq ixtisası üzrə bitirib.[1]
İctimai-siyasi fəaliyyəti
Rauf Arifoğlu 1988-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulub. 1989-cu ilin sonlarında qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ilin 10 noyabrında isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyasının (AMDP "Yeni Müsavat") 5 qurucusundan biri, təkilatın ideologiya məsələləri üzrə katibi olub.[2]Partiyanın Mərkəzi və "Yeni Müsavat" qəzetinin gizli redaksiyası 1989-cu ilin dekabrından 1991-ci ilin sonlarına qədər Gəncə şəhərinə köçürülüb. Həmin vaxt Gəncə ətrafında, konkret olaraq, Xanlar rayonunun (indiki Göygöl) ərazisindəki Çaykənd kəndində erməni-rus diversantlarına qarşı xalq müqavimət dəstələri döyüşürdü. Rauf Arifoğlunun yaxından iştirakı ilə "Yeni Müsavat"ın ilk könüllü silahlı dəstəsi qurulub. Həmin dəstəyə Qərbi Azərbaycandan qaçqın olan, Əfqanıstan müharibəsi veteranı Səfər Hümbətov rəhbərlik edirdi. Dəstənin qatıldığı döyüşlərin birində, 12 yanvar 1990-cı ildə Çaykənd-Todan istiqamətində AMDP "Yeni Müsavat"ın üzvləri Bəxtiyar Əliyev, Ruzigar Qasımov, Abbasqulu Məmmədov, Neman Vəliyev və başqaları şəhid olublar. Azərbaycanın Qərb bölgələrinin qorunması və müdafiəsinin təşkilində Rauf Arifoğlunun, "Yeni Müsavat" qəzeti və partiyasının ətrafında cəmləşmiş gənclərin əhəmiyyətli rolu olub.
1991-ci ilin dekabr ayında "Yeni Müsavat" qəzetinin rəsmiləşməsi baş tutub. Həmin müddətdən etibarən qəzetin redaksiyası Bakı şəhərinə, Azərbaycan Xalq Cəbhəsinin (AXC) "Sahil bağı"nda yerləşən qərargahına köçürülüb. Həmin vaxt AXC sədri Əbülfəz Elçibəy qəzetin ilk redaksiyasının qurulması üçün təşkilatın binasında iki otaq ayırıb.
Rauf Arifoğlunun Əbülfəz Elçibəylə yaxın münasibətləri və apardığı danışıqlar nəticəsində 1992-ci ilin yanvar ayında AXC rəhbərliyində olan bir neçə şəxs Əbülfəz Elçibəyin razılığı və deputat İsa Qəmbərovun başçılığı ilə təşkilatdan ayrılaraq, Müsavat Partiyasını bərpa etmək üçün ortaq komissiya qurublar. 5 nəfər "Yeni Müsavat"dan, 5 nəfər AXC-dən olmaqla, Bərpa Mərkəzi yaradıldı, daha sonra Ankarada fəaliyyət göstərən Milli Mərkəzin iştirakı ilə onun tərkibi genişləndirildi. Nəticədə 1992-ci ilin iyun ayında Müsavat Partiyası rəsmi olaraq Azərbaycana qaytarıldı, bərpa edildi və iqtidar ortağı oldu. Rauf Arifoğlu Bərpa Qurultayında bu tarixi təşkilatın mətbuat və informasiya katibi seçildi. O, paralel olaraq, Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin 7 üzvündən biri, AXC Mətbuat və İnformasiya şöbəsinin müdiri idi. Rauf Arifoğlu 1993-cü ilin yanvar ayında təşkilatın "Cümhuriyət" adlı yeni bir qəzetini də yaradıb. "Yeni Turan" qəzeti, "Dünya" jurnalı da R. Arifoğlunun həmin dönəmdə qurduğu media quruluşlarındandır.
2000-ci il parlament seçkilərində Rauf Arifoğlu Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 7-ci sırada olmuşdur.[3] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4.85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Rauf Arifoğlu deputat seçilə bilməmişdir.[4][5]
O, 2006-cı ilə qədər Müsavat Partiyasının rəhbərliyində olub. 2006-cı ildən başlayaraq, daha çox mətbu fəaliyyətə istiqamətlənib. 2009-cu ilin feval ayında rəhbərlik etdiyi qəzeti Müsavatın qərargahından çıxardaraq, yeni redaksiya qurub və onun əsas mətbu uğurları həmin tarixdən sonra başlayıb. Qəzetin müstəqilləşməsi ona hakimiyyətlə münasibətini normallaşdırmaq imkanı yaradıb.
"Yeni Müsavat" qəzetinin elektron əlavəsini Musavat.com adı ilə müstəqil informasia portalına çevirib, daha sonra, 2013-cü ildə yeni media markası yaradıb. Rus dilində yaymlanan Minval.az saytını, onun redaksiyasını qurub və bu gün artıq Minval brendi həm rus, həm də Azərbaycan dillərində xəbər xidməti göstərən informasiya quruluşları kimi uğurla fəaliyyət göstərir. "Yeni Müsavat" və "Minval" brendlərinin sosial mediada seqmentlərinin qurulmasında da onun ciddi uğurları var. Onun ən son uğurlarından biri də Musavat TV adlı internet televiziyasının qurulması və güclü bir platformaya çevrilməsidir.
Hazırda "Yeni Müsavat" Media Qrupunda 1 qəzet, 5 sayt, Youtube platformasında 1 TV (200 min abunə), 3 böyük Facebook səhifəsi, 2 Instagram, 2 Telegram səhifələri fəaliyyət göstərir. Bütün bunları 60 nəfərlik mobil kollektiv idarə edir.
Rauf Arifoğlu 33 ildir siyasətdədir; eyni zamanda, 32 ildir media sektorunda fasiləsiz fəaliyyət göstərir.
Mükafatları
2011-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görülüb.[6][7][8]
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən jurnalistika sahəsində fəaliyyətlərinə görə 2015-ci ilin 22 iyulunda Əməkdar jurnalist fəxri adı ilə mükafatlandırılmışdır.[9][10] Prezidentin daha bir sərəncamı ilə 2019-cu ilin 27 may tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub.
27 iyul 2016-cı ildə "Mirzə Cəlil" Ali Media Mükafatı ilə təltif edilib.[11]
2017-ci ilin iyul ayında Güney Azərbaycan Konqresi tərəfindən Seyid Cəfər Pişəvəri mükafatına layiq görülmüşdür.[12]
22 iyul 2020-ci ildə Avropa Azərbaycanlıları Konqresi tərəfindən "Xatirə medalı" ilə tətif edilib.[13][14]
Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. Medalı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib.[15]
Bundan başqa, R. Arifoğlu bir sıra Türkiyə və Azərbaycan QHT-ləri tərrəfindən tərifnamə və plaketlərlə təltif olunub.
Ailəsi
Evlidir, 3 övladı var.
İstinadlar
- "Rauf Arifoğlu – 49" (az.). azinforum.az. 23.07.2015. 2016-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
- Аббасов Рауф Ариф оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 22. ISBN 5-89600-253-x.
- "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
- "Ali Media Mükafatına layiq görülənlərə ümumilikdə 21 min manat pul verilib". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- "Mətbuat Şurasının Ali Media Mükafatı indiyədək kimlərə verilib — Maraqlı qaliblər, təzadlı məqamlar". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- "Ali Media Mükafatı alan jurnalistlərin siyahısı açıqlandı". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- "Rauf Arifoğlu mükafatlandırıldı". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-09.
- "Prezident təltif etdi, Rauf Arifoğlu Müsavatdan getdi". 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-09.
- "Bakıda "Mirzə Cəlil" Ali Media Mükafatı təqdim edilib (FOTOLENT)". 2017-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- "Rauf Arifoğlu Pişəvəri mükafatı aldı". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-09.
- "AAK media rəhbərlərini medalla təltif etdi — Foto". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- "AAK ictimai xadimləri və media rəhbərlərini medalla təltif etdi — Foto". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- "Prezident İlham Əliyev Rauf Arifoğlunu TƏLTİF EDİB - FOTO". musavat.com (az.). İstifadə tarixi: 2024-04-09.