Rais Rəsulzadə
Rais Rəsulzadə (tam adı: Rais Azər oğlu Rəsulzadə; 1 noyabr 1946, Qazaxıstan) — Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1978-ci ildən). Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2002).Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri (2009).
Rais Rəsulzadə | |
---|---|
Doğum tarixi | 1 noyabr 1946 (77 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Həyatı
Rais Rəsulzadə 1946-cı ildə uzaq Qazaxıstanda dünyaya göz açmışdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dostu Rais Rəsulzadənin adının mənasına da aydınlıq gətirmişdir: "Ra" qədim şumerdə "Günəş" deməkdir, "is" işıq, istilik. Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar Rəssamı, Məhəmməd Əmin Rəsulzadənin yadigarı Rais Rəsulzadənin varlığına və yaratdığı hər əsərdə var.
Rais Rəsulzadə 3 yaşından anasız qalır. Təbii ki, məktəbi ana dilində deyil, rus dilində oxumalı olur. Amma buna baxmayaraq, o, yaxşı oxuyur və hətta uşaq yaşlarından şahmat oynayır və çempionatlarda birincilik də qazanmışdır. Orta məktəbi, həm də qiyabi universiteti bitirəndə artıq 50–60 əsəri var idi. Sürgün həyatından əvvəl Bakıda rəssamlıq məktəbini bitirən, burada rəssamlıq sənətinin sirlərini Mehdi Hüseynzadə ilə birlikdə öyrənən Azər Rəsulzadə, taleyini birdəfəlik Qazaxıstan torpağı ilə bağlamalı olsa da, oğlu Rais ata-baba yurdunda ömür sürməyi üstün tutdu. Əslində, Raisi Qazaxıstandan Azərbaycana qaytaran amil onun rəssam olmaq istəyi idi. Ancaq, o Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini 1969-cu ildə bitirsə də, sonradan Bakıdan geriyə Qazaxıstana qayıtmadı. Rais Rəsulzadənin yaradıcılığı elə o vaxtdan bu günə kimi Azərbaycanla bağlı olduğundan sənətsevərlər rəssam kimi onun imzasını ayrı-ayrı sərgilərdən yaxşı tanıyırlar. Onun müxtəlif janrlarda olan sənət əsərləri çox olsa da, əsasən daha çox mənzərəyə üstünlük vermişdir.
1972–1977-ci illər arası ali təhsil alır və 1978-ci ildə institutu bitirəndən 1 il sonra müəllim kimi fəaliyyətə başlayır.
Rais Rəsulzadə 1978-ci ildə keçmiş SSRİ və Azərbaycan rəssamlar ittifaqlarına üzv qəbul olunub və həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Rəsm, heykəltaraşlıq və boyakarlıq" kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim təyin edilib. Özünü hazırlıqlı, tələbkar bir müəllim kimi göstərib. Rəssamlar İttifaqının ən fəal üzvlərindən biri kimi ardıcıl olaraq çalışıb və İttifaqın bütün yaradıcılıq və ictimai işlərində fəallıq göstərib. Təsadüfi deyil ki, o, yaradıcılıq birliyinin respublika və keçmiş SSRİ Rəssamlar İttifaqının sərgilərində, habelə xarici ölkələrdə təşkil olunan sərgilərdə ardıcıl olaraq iştirak etmişdir. Onun əsərləri Kubada (Havana-1980), Əfqanıstanda (1980–1981), Polşada (1988) və ABŞ-də (Hyuston-1989) və başqa ölkələrdə nümayiş etdirilib. Ümumittifaq, respublika mətbuatında, informasiya vasitələrində əsərləri barədə elmi-publisistik məqalələr dərc olunub, reproduksiyaları verilib. Son illər Azərbaycan incəsənətinin Bakıda, Moskvada, İstanbulda açılmış "Payız", "Yaz", "Novruz" sərgilərində, 1990-cı ildə "Yanvar-90" və akvarel sərgilərində, 1991-ci ildə "Yaz" və başqa sərgilərdə əsərlərini nümayiş etdirib. 1994-cü ildə Bakı şəhərində Rəssamın birinci, 1995-ci ildə II fərdi sərgisi açılıb. 1996–1998-ci illərdə respublikada və xarici ölkələrdə təşkil olunmuş sərgilərdə, 2000–2001-ci illərdə "Sənətdə təmayüllər" və "İncəsənət və neft səltənətində" tematik bədii sərgilərdə, 2001-ci ilin dekabr ayında "Mənzərə" bədii sərgisində, 2002-ci ilin martında "XXI əsr – yeni əsərlər", 2002-ci ilin noyabrında "Naturmort", 2003-cü ildə "Bakı, İçərişəhər", "Təsviri sənətdə qadın obrazı", "Gül aləmində", 2004-cü ildə "İnteryerdə naturmort" sərgilərində və digər sərgilərdə iştirak etmişdir. Rais Rəsulzadənin 800 yaxın sənət əsəri var. Onlardan bəziləri bunlardır:
Əsərləri Azərbaycanın və digər ölkələrin şəkil qalereyalarında saxlanılır. 2009-cu ildən — Əşrəf Mehdiyevin vəfatından sonra Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik etmək təklifini qəbul edib.
Şəxsi həyatı
Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin və Azərbaycanın ilk birinci xanımı Ümbülbanu Rəsulzadənin nəvəsidir, Azər Rəsulzadənin oğludur.
2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.[1]
Mükafatları
- Azərbaycan Respublikasının əməkdar rəssamı (30 may 2002-ci il)[2]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11 iyun 2002-ci il)[3]
- "Şirməmməd Hüseynov" mükafatı (2023)[4]
Filmoqrafiya
İstinadlar
- ""Seçkilərdə İlham Əliyevi dəstəkləyəcəm" - Rəsulzadənin nəvəsi". Metbuat.az. 2023-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
- E-qanun.az. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (az.). E-qanun.az. 2002-06-11. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2002-06-11.
- E-qanun.az. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (az.). E-qanun.az. 2002-05-11. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2002-05-11.
- Real TV. ""Ş.Hüseynov mükafatı" təqdim edilib - Rais Rəsulzadə bu mükafatın 4-cü qalibidir" (az.). Youtube.com. 29.12.2023. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
Ədəbiyyat
- Azərbaycanın Əməkdar rəssamı, Rais Rəsulzadə. Bakı.2017
- Bakı İncəsənət Mərkəzi, Yeni Gallery. Bakı.2016
- Türkistan qəzeti, Əyyubova Səlimə, 2016, s.16