Rahim Sadıqov
Sadıqov Rahim Fərahim oğlu (1972, Masallı) — iqtisad elmləri namizədi, dosent, Bakı Biznes Universitetinin tədris işləri üzrə prorektoru.
Rahim Sadıqov | |
---|---|
Doğum tarixi | 1972 |
Doğum yeri |
Həyatı
Rahim Fərahim oğlu Sadıqov 1972-ci ildə anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri 19 saylı orta məktəbə birinci sinifə getmiş, 1989-cu ildə Masallı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Rahim Fərahim oğlu Sadıqov həmin ildə Azərbaycan Neft-Kimya İnstitutunda məktəblilər arasında keçirilən ümumrespublika riyaziyyat olimpiadasında I dərəcəli diploma layiq görülmüşdür. O, 1989-cu ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialına (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olmuşdur və 1994-cü ildə oranı bitirmişdir.
1995-ci ildə Binəqədi rayon Vergilər İdarəsində böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuşdu. 1999-cu ilə qədər şöbə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ildə Naxçıvan Universitetində tədris hissəsinin müdiri kimi çalışmış, 2002-ci ildə “Firmadaxili planlaşdırmanın formalaşdırılması və təkmilləşdirilməsi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ildən 2006-cı ilədək Bakı Biznes Universitetində dekan müavini və dekan vəzifələrində çalışmış, 2006-cı ildən 2009-cu ilədək Azərbaycan Universitetində tədris hissəsinin müdiri kimi fəaliyyət göstərmişdir. 2009-cu ilin sentyabr ayından etibarən Bakı Biznes Universitetinin tədris işləri üzrə prorektorudur.
Fəaliyyəti
Rahim Fərahim oğlu Sadıqov 50-dən çox elmi məqalənin müəllifidir. O Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun doktorantıdır. Hal-hazırda "Sənaye müəssisələrində strateji idarəetmənin moderləşdirilməsi və inkişafı" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Doktorluq dissertasiya işi ilə əlaqədar dünyanın bir neçə ölkələrində; Avstriya, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Tailand, Malayziya və başqa ölkələrdə ezamiyyətdə olmuş, bir sıra nəzəri və praktiki materiallarla tanış olmuşdur.
Doktorluq dissertasiyasının yerinə yetirilməsi ilə əlaqədar 6 ay müddətinə Portuqaliyanın Viana do Kastello şəhərində Politexnik İnstitutunda ezamiyyətdə olmuşdur. Ezamiyyətdə olduğu müddətdə Portuqaliyada və İspaniyada dərs vəsaiti və monoqrafiyası çap olunmuşdur. Çalışdığı umiversitetin "Menecment" kafedrasında pedaqoji fəaliyyətlə məşqul olmaqla yanaşı, bu sahədə fundamental elmi araşdırmalar aparır. "Menecment" dərs vəsaitinin həm müəllifidir. Bundan başqa 2 dərs vəsaitinin, 3 monoqrafiyası nəşr olunmuşdur. 20-dən çox konfranslarda, elmi simpoziumlarda, beynəlxalq konfranslarda iştirak etmişdir. 2013-cü ilin mart ayında Təhsil Nazirinin əmri ilə “Qabaqcıl təhsil xadimi” fəxri adına layiq görülmüşdür.
Ailəlidir. İki övladı var.