Rahib Abbasov
Abbasov Rahib Yusif oğlu (23 fevral 1939, İrəvan – 1 dekabr 2022) — Tibb xidməti polkovniki, ali dərəcəli terapevt. Professor, “Poema zdorovya” ailə klinikasının kliniki rəhbəri. "Rusiya Federasiyasının Əməkdar Həkimi" (2002).
Rahib Abbasov | |
---|---|
Abbasov Rahib Yusif oğlu | |
Doğum tarixi | 23 fevral 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 1 dekabr 2022 (83 yaşında) |
Elmi adı | |
Təhsili |
|
Mükafatları |
Həyatı
Abbasov Rahib Yusif oğlu 1939-cu il fevralın 23-də İrəvanda anadan olub. 1962-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-diaqnostika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildən Sankt-Peterburqda yaşayır.[1]
R.Abbasov tələbəlik illərində institutun yuxarı kurslarında oxumaqla bərabər, Bakıdakı kliniki xəstəxanalardan birinin terapevtik şöbəsində kiçik tibb işçisi kimi çalışıb. R.Abbasov institutu bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılır və o vaxtdan, həyatının təxminən otuz ilini bu işə həsr edir. 1962-ci ildən hərbi hissələrdə tibb məntəqəsi lazaretinin rəisi və raket qoşunları tədris mərkəzinin tibbi xidmət rəisi olub.
1967-ci ildə R.Abbasov Leninqradda S.M.Kirov adına Hərbi Tibb Akademiyasının kliniki ordinaturasına daxil olub. Ordinaturanı bitirəndən sonra 1969-1990-cı illərdə Hərbi Tibb Akademiyasının hərbi-səhra terapiyası kafedrasında baş ordinator, baş elmi işçi, müəllim, baş müəllim vəzifələrində çalışıb.
Hərbi xidmətin bu dövründə müxtəlif kimyəvi və fiziki amillərin insana təsiri zamanı mədəaltı vəzinin xarici sekretor fəaliyyətinin funksional vəziyyətini öyrənib. R.Abbasov dünyada ilk dəfə sübut edib ki, mədəaltı vəzinin xarici sekretor fəaliyyətinin vəziyyəti ekstremal təsirlərdən sonra uzun müddət orqanizmin ümumi reaksiyasının indikatorudur.
Aparılmış tədqiqatların son nəticələri məşqlərin və uçuşların optimal rejimlərinə, pilotlarda və kosmonavtlarda müxtəlif nasazlıqların profilaktikasına və onların rasional qidalanmasına dair tövsiyələr işlənib hazırlanması zamanı istifadə edilib.
R.Abbasov ftorlu və ftor-üzvi birləşmələrin, ionlaşdırıcı şüaların, impuls maqnit sahələrinin, mexaniki və istilik hadisələrinin insan orqanizminə təsirini öyrənib. Həmin tədqiqatların nəticələri SSRİ Müdafiə Nazirliyi və SSRİ Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş rəhbər sənədlərdə (“Kombinə edilmiş radiasiyadan zərər çəkmiş şəxslərin tibbi təxliyyəsi mərhələlərində diaqnostikası, tibbi çeşidlənməsi və müalicəsinə dair Təlimat” (1980), “Klinika, diaqnostika, müalicə və profilaktika üzrə Metodik Tövsiyələr” (1981) və s.) tətbiq edilib.
1990-cı ildə ordudan tərxis ediləndən sonra R.Abbasov Elmi-Tədqiqat Sənaye və Dəniz Təbabəti İnstitutunun peşə patologiyası və ümumi terapiya klinikasına rəhbərlik edib. 1994-cü ildə o, eyni zamanda, institut direktorunun kliniki iş üzrə müavini, 1999-cu ildə isə “Medbioekstrem” Federal İdarəsinin Peşə Patologiyası Mərkəzinin baş həkimi vəzifəsinə təyin olunur.
1990-1994-cü illərdə R.Abbasov həm də Radiasiya və kimyəvi qəzalar zamanı təcili tibbi yardım üzrə Şimal-Qərb Regional Mərkəzinə rəhbərlik edib. Alim qısa müddətdə ittifaq və respublika əhəmiyyətli 11 subyektin daxil olduğu Mərkəzin ştattəşkilat strukturunu hazırlayıb və bu subyektlərin fəaliyyətini məharətlə tənzimləyib. Bu dövrdə R.Abbasov atom buzqıran donanması dənizçilərinin çoxillik dispanser müşahidəsi təcrübəsini ümumiləşdirib və xroniki patologiyanın formalaşmasında məskunlaşma amillərinin rolunu aşkar edib. Çernobıl Atom Elektrik Stansiyasında (ÇAES) qəzaları ləğv edən insanlarda xromosom aberrasiyaları və bu insanların immunitet vəziyyəti arasında qarşılıqlı əlaqə və digər problemləri tədqiq edilib.
R.Abbasov qastroenterelogiya, endokrinologiya, hematologiya, revmatologiya və terapiyanın başqa sahələrinə həsr edilmiş 117 elmi işin müəllifidir.
R.Abbasov “Semeynaya medisina” (“Ailə təbabəti”) klinikası yanında Rusiyada ilk dəfə anlaqsız və çətinliklə anlayan xəstələr üçün tibbi mərkəz təşkil edib və on il həmin Mərkəzə rəhbərlik edib.
Hazırda R.Abbasov “Poema zdorovya” ailə klinikasının kliniki rəhbəri və Elmi-Tədqiqat Sənaye və Dəniz Təbabəti İnstitutunun peşə patologiyası mərkəzinin tibbiekspert komissiyasının sədridir.
2002-ci ildə R.Abbasova “Rusiya Federasiyasının Əməkdar Həkimi” fəxri adı verilib.
İstinadlar
- Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.