Rahib Əliyev (mühəndis)
Rahib Oruc oğlu Əliyev (d. 20 fevral 1937, Lənkəran şəhəri – v. 3 oktyabr 2020, Bakı şəhəri) — Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı üzrə əməkdar mühəndisi (2007), texnika elmləri doktoru, alim, "Azdövsutəslayihə" institutunun 6-cı direktoru.
Rahib Əliyev | |
---|---|
Rahib Oruc oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | meliorasiya, su təsərrüfatı |
Mükafatları |
Həyatı
Rahib Əliyev 1937-ci ilin 20 fevral tarixində Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1955-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) hidromeliorasiya fakültəsinin "Su elektrik stansiyaları və çay qurğularının hidrotexniki tikintisi" ixtisasına qəbul olunmuş və 1960-cı ildə institutu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir.
1969–1970-ci illərdə Yəmən Ərəb Respublikasının Xodeyda şəhərində su təsərrüfatı sahəsində tikinti işlərini aparan sovet mütəxəssis qrupunun rəhbəri olmuşdur. 1970–1973-cü illərdə "Azərsutikinti" Baş İdarəsinin Lənkəran şəhərində yerləşən 2 saylı trestinin müdiri, 1973–1975-ci illərdə Bakı şəhərində "Azərsutikinti" Baş İdarəsində qrup rəhbəri, "Su tikintisinin təşkili və texnologiyası" trestində 1975-ci ildə şöbə müdiri, 1976–1983-cü illərdə isə trestin müdiri vəzifəsində çalışmışdır.
Respublikamızda mütəxəssis kadrların hazırlanması sahəsində də R.Əliyevin böyük xidmətləri var. Onun rəhbərliyi altında 6 aspirant və dissertant dissertasiya işlərini yazaraq, müxtəlif elmi şuralarda müvəffəqiyyətlə müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsini almışdır.1983–2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Hidrotexniki tikinti" ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur. 1995-ci ildə müsabiqə yolu ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Bünövrələr, özüllər və yeraltı qurğular" kafedrasında professor vəzifəsinə seçilmişdir.
Rahib Əliyev 1983-cü ildən 2008-ci ilədək "Şərəf nişanı" ordenli Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi İnstitutunun — "Azdövsutəslayihə" İnstitutunun direktoru vəzifəsində işləmişdir. Lənkəran rayonunda inşaat işləri üzrə idarənin baş mühəndisi, rəisi və trest müdiri olaraq Rahib Əliyevin Masallı rayonunda "Babasər", "Viləşçay, I növbə", Astara rayonunda "Ləvain", Biləsuvar rayonunda "Bolqarçay", Lənkəran rayonunda "Yuxarı Xanbulançay" su anbarlarının tikintisində və bölgədəki 10 min hektardan artıq əkin sahələrində suvarma sistemlərinin tikilib istifadəyə verilməsində böyük əməyi olmuşdur. 1983-cü ildən 2008-ci ilə kimi Azərbaycan Respublikasının ərazisində tikilmiş meliorasiya və su təsərrüfatı obyektlərinin layihələri Rahib Əliyevin rəhbərliyi ilə işlənmişdir. Bu layihələrdən aşağıdakıları göstərmək olar:
- Baş Şirvan kollektorunun yenidən qurulması layihəsi;
- Şəki rayonunda Əyriçay su anbarının layihəsi;
- Lənkəran rayonunda Təngərüd-Lənkəran çayları arasındakı ərazidə suvarma sistemlərinin layihəsi;
- Baş Mil-Muğan kollektorunun layihəsi;
- Naxçıvan Muxtar Respublikasında "Vayxır" su anbarının layihəsi;
- Şəmkir maşın kanalının layihəsi;
- Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi və s.
Mükafatları
1975-ci ildə "Hidrotexniki qurğuların hesabatında hissəciklərin hidravlik böyüklüyünün yayılmasının qanunauyğunluğu" mövzusunda yazdığı namizədlik dissertasiya işini Tbilisi şəhərində müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1991-ci ildə isə "Dağ və dağətəyi regionlarda meliorasiya sistemlərinin və hidrotexniki qurğuların yaradılması və tikilməsi problemləri mövzusunda" yazdığı doktorluq dissertasiya işini Tbilisi və Moskva şəhərlərində müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.
R.O.Əliyevin məhsuldar əməyi müxtəlif dövrlərdə müntəzəm olaraq dövlət tərəfindən qiymətləndirilmişdir. "Şərəf nişanı" ordeni (1971),"Su təsərrüfatı obyektlərinin tikintisinin əlaçısı" (1975), "SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin" bürünc medalı (1977), "SSRİ ixtiraçısı" döş nişanları ilə təltif olunmuşdur. 1987-ci ildə SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin "Fəxri Fərmanı"nı almışdır. Azərbaycan KP-nin XXVIII qurultayının iştirakçısı olmuşdur. Lənkəran rayon sovetinin 1983–1984, 1984–1987-ci illərdə deputatı seçilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Rahib Əlievə "Azərbaycan Respublikasının Əməkdar Mühəndisi" fəxri adı verilmişdir.
Rahib Əliyev nəşr olunmuş 100-ə yaxın elmi əsərin, 12 ixtiranın, 2 dərs vəsaitinin, 3 monoqrafiyanın, mərkəzi qəzetlərdə çap olunmuş çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir. O, 2000-ci ildə Altunin adına Rusiya Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycan MEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda doktorluq dissertasiya işlərinin müdafiəsi üzrə fəaliyyət göstərən Elmi Şuranın, 2005-ci ildən nəşr olunan "Ekologiya və su təsərrüfatı" elmi-texniki və istehsalat jurnalının redaksiya heyətinin üzvü olub.
Respublika və beynəlxalq səviyyələrdə keçirilən elmi konfranslarda R.Əliyev müntəzəm olaraq iştirak etmişdir. 1991-ci və 1997-ci illərdə Türkiyə Cümhuriyyətinin İstanbul və Ankara şəhərlərində, 1995-ci ildə Hollandiyanın Haaqa şəhərində keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
Ədəbiyyat
- Elbrus Paşayev, Fərzəli Həsənov. "Azdövsutəslayihə" İnstitutu 80. Bakı, 2013
- Elçin İsgəndərzadə. XXI əsr Azərbaycan alimləri və maarifçiləri. Bakı, 2003