Rafiq Quliyev (rəssam)

Rafiq Məhərrəm oğlu Quliyev (4 oktyabr 1956, Quycaq, Cəbrayıl rayonu) — rəssam, sənətşünas, beynəlxalq və ümumittifaq festivalların laureatı.[1]

Rafiq Quliyev
Rafiq Məhərrəm oğlu Quliyev
Doğum tarixi 4 oktyabr 1956(1956-10-04) (67 yaş)
Doğum yeri
Atası Məhərrəm
Fəaliyyəti rəssam

Həyatı

4 oktyabr 1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuşdur. Bu gün təsviri sənət məkanında rəngkar və heykəltaraş kimi tanınan Rafiq Quliyev ixtisas təhsilini Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə almışdır. Həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirəndən sonra o, 1980-ci ildə təyinatla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində (indiki Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz- MEMM) işə başlamışdır. Bu gün onun həmin müəssisədə “İncəsənət bilikləri” şöbəsinin müdiri vəzifəsində çalışması da onun Azərbaycanda xalq yaradıcılığının öyrənilməsi və təbliği sahəsində apardığı səmərəli fəaliyyətə verilən dəyərin əyani nümunəsidir.

Sonradan Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alan Rafiq Quliyev ötən illərdə respublikanın müxtəlif güşələrində yaşayan istedadları üzə çıxarmaqla yanaşı özü də yaradıcılıqla məşğul olmuş, rəngkarlıq, qrafika və heykəltaraşlıq sahələrində yaddaqalan əsərlər yaratmışdır. Əsərlərin vaxtaşırı müxtəlif miqyaslı yerli və xarici sərgilərdə uğurla göstərilməsi də nəticəsiz qalmamışdır. Belə ki, hazırda o, Azərbaycan Rəssamlar İttifaqının üzvü olmaqla bərabər, həm də neçə-neçə Beynəlxalq festivalın laureatıdır. Yaradıcılığını ictimai fəaliyyətlə vəhdətdə davam etdirən Rafiq Quliyevin Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü olması da onun həyatda nümayiş etdirdiyi vətəndaşlıq mövqeyinə göstərilən ehtimadın ifadəsidir.

Onun Azərbaycan təsviri sənətinin problemlərindən bəhs edən tədqiqatları da ictimayyət tərəfindən rəğbətlə qarşılanmışdır. Rafiq Quliyevin “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə” (2007) və “Təsviri sənətdə insan dünyası” (2009) kitablarını sənətşünaslığımıza layiqli töhfə hesab etmək olar. İnanırıq ki, onun yenı tətqiqatının nəticəsi olan “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabı da sənətsevərlərin və mütəxəssislərin marağına səbəb olacaqdır.

Əsərləri

  • “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə” (2007)
  • “Təsviri sənətdə insan dünyası” (2009)

İstinadlar

http://www.xalqqazeti.com/az/news/education/38456 Arxivləşdirilib 2014-08-07 at the Wayback Machine

  1. "Təqvim 27 sentyabr - 4 oktyabr". medeniyyet.az (ingilis). 2024-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-29.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.