Radioverici qurğu

Radioverici qurğu — informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir[1].

Struktur sxemləri

Vericidə üç əsas proses baş verir[1]:

  • Yüksək tezlikli rəqsin generasiyası;
  • Yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi;
  • Yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi.

Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası (TM) və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər[2][3]. Amplitud modulyasiyasının xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur. Modulyasiya nəticəsində modulyasiya olunmuş yüksək tezlikli cərəyan, gərginlik və elektromaqnit sahə rəqsləri alınır. Modulyasiya olmadıqda vericinin antenasında yüksək tezlikli modulyasiyasız rəqs yaranır və o fəzaya şüalandırılır. Modulyasiyalı və ya modulyasiyasız yüksək tezlikli rəqslərin gücləndirilməsi üçün güc gücləndiricisindən istifadə olunur. Güc gücləndiricisini, həmçinin xaricdən təsirlənən generator da adlandırırlar. İş rejimlərinə nəzərən vericidə istifadə olunan gücləndiriciləri üç əsas qrupa bölmək olar:

  1. bufer gücləndiriciləri;
  2. gücləndirici-vurucular;
  3. çıxış gücləndiriciləri.

Sadə vericidə birinci iki növ gücləndirici olmaya, çıxış gücləndiricisi isə həmdə tezlik vurucusu ola bilər. Bir çox radiolokasiya vericilərində gücləndirici olmur. Belə vericilər impuls rejimində işləyir. Bu halda avtogenerator kifayət qədər böyük gücə malik olur. Radiolokasiya vericisinin tipik güclü impuls avtogeneratoru maqnetrondur. Metal-keramik lampalar, xüsusi ifrat yüksək tezlikli (İYT) cihazlar və adi lampalar üzərində yığılmış güclü avtogeneratorlardan da istifadə olunur.

İmpuls radiorabitə vericilərində (o cümlədən radiolokasiya vericilərində) şüalandırılan radioimpulsların davametmə müddəti, onların amplitudaları və ya təkrarlanma tezliyi dəyişə bilər. Bundan əlavə radioimpulsların generasiya vaxtı müəyyən takt momentlərinə nəzərən də dəyişə bilər. Ona görə də impuls modulyasiyası ümumi şəkildə çox müxtəlif ola bilər.

Radiovericiləri cədvəldə göstərilən kimi qruplaşdırmaq olar[4][5][6]:

Əsas istifadə məqsədinə görə
radiorabitə
radioyayım
televiziya
radiolokasiya
radionaviqasiya
Quraşdırılma yerinə nəzərən
stasionar
mobil
İşçi tezlik diapazonuna əsasən
uzundalğalı
ortadalğalı
qısadalğalı (QD)
ultraqısadalğalı (UQD)

Öz növbəsində UQD vericilərini metrlik, desimetrlik, santimetrlik və millimetrlik vericilərinə bölürlər. Optik diapazon (lazer) vericilərini xüsusi qrup kimi ayırırlar.

Vericiləri həmçinin iş növünə, modulyasiya növünə, gücünə və digər əlamətlərinə nəzərən fərqləndirirlər.

AM və TM radiovericilər

Sadə AM radiovericinin struktur sxemi və hər bir pillənin çıxışında formalaşan gərginlik epürləri.
Sadə TM radiovericinin struktur sxemi və hər bir pillənin çıxışında formalaşan gərginlik epürləri.

AM radiovericinin verici generatorunda parametrləri dəyişməyən yüksək tezlikli rəqslər yaradılır. Güc gücləndiricilərində onlar gücləndirilir və amplitudaları modulyatorda informasiya siqnallarının təsiri ilə dəyişdirilir. Nəticədə tələb olunan gücə malik amplitud modulyasiyalı siqnal alınır. Bu siqnal verici antenaya istiqamətləndirilir və fəzaya şüalandırılan AM radiodalğa yaradır.

TM radiovericidə modulyator verici generatorun rəqs konturuna təsir edərək onun kökləmə tezliyini informasiya siqnalına uyğun olaraq dəyişdirir. Bu səbəbdən generasiya olunan rəqslərin tezliyi dəyişir. Bu dəyişmə orta qiymətə nəzərən kiçik intervalda həyata keçirilir. Güc gücləndiricisində TM rəqslər gücləndirilir. Verici antena fəzaya TM dalğa şüalandırır. TM yalnız (ultraqısa dalğalı) UQD diapazonda tətbiq olunur. Digər diapazonda onun tətbiqi mümkün deyil.

Vericilərin əsas göstəriciləri

Radiovericilər müəyyən texniki göstəricilərinə nəzərən xarakterizə olunurlar[5][7].

1. Vericinin işçi dalğa diapazonu. Vericilərin əksəriyyəti işçi dalğa uzunluğunu dəyişməyə imkan verən kökləmə elementinə malik olur. Adətən vericini geniş dalğa diapazonunda kökləmək mümkün olur. Bu kökləmə səlis və ya diskret ola bilər. Səlis kökləmə zamanı verici verilmiş diapazonun istənilən tezliyində işləyə bilər. Diskret kökləmə zamanı isə verici yalnız müəyyən edilmiş (fiksə olunmuş) tezliklərdə işləyə bilir. Bir çox hallarda vericinin işçi tezlik diapazonu bir neçə alt diapazona bölünür. Bu alt diapazonlardan hər biri örtmə əmsalı ilə, yəni dağa uzunluğunun maksimal qiymətinin onun minimal qiymətinə nisbəti ilə xarakterizə olunur. Adətən örtmə əmsalı 3-4 həddində olur. Alt diapazonların örtmə əmsallarının eyni olması məqsədəuyğun hesab edilir.

2. Vericinin gücü. Vericidən antenaya istiqamətləndirilən elektrik rəqslərinin gücüdür. Müxtəlif vericilər üçün bu güc vattın hissələrində onlarla meqavatta qədər ola bilər. İmpuls rejimində işləyən vericilər üçün impuls gücünü və impulsların təkrarlanma dövrü ərzində olan orta gücü fərqləndirirlər. Adətən impuls gücü vericinin orta gücündən yüzlərlə və ya minlərlə dəfə böyük olur.

3. Vericinin faydalı iş əmsalı (FİƏ). Bu parametr antenaya ötürülən gücün vericinin qida mənbəyindən sərf etdiyi gücə nisbəti kimi tapılır. Vericinin FİƏ-si onun iqtisadi cəhətdən əlverişli olmasını müəyyən edir. Az güclü vericilər üçün FİƏ (10-20)%, böyük güclü vericilər üçün isə (40-60)% həddində olur.

4. Vericinin tezliyinin stabilliyi. Bu parametr konkret şəraitdə işləyən vericinin daşıyıcı tezliyinin müəyyən olunmuş zamanda buraxıla bilən meylini xarakterizə edir. Vericinin tezliyinin stabilliyi ədədi qiymətcə nisbi qeyri-stabillik əmsalı ilə xarakterizə olunur. Bu əmsal vericinin daşıyıcı tezliyinin buraxıla bilən maksimal meylinin onun nominal qiymətinə nisbəti kimi tapılır. Vericinin tezliyinin stabilliyi nə qədər böyük olursa nisbi qeyri-stabillik əmsalı bir o qədər kiçik olur. O adətən 10−4 ÷ 10−8 həddində olur.

İstinad

Ədəbiyyat

  • Левичев В.Г. Радиопередающие и радиоприемные устройства. М.: Воениздат, 3-е, переработ. и дополн. 1974.-510 с.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.