Radio proqram

Radio proqram

Radio proqram tipləri

Radioda proqram tipləri 3 yerə bölünür: "Musiqili formatlar"-əsas yük musiqiyə düşür, "Danışıq formatları"-veriliş danışıq üzərinə qurulur, "Xəbər formatları"-məlumat xarakteri daşıyır. Adətən stansiyalar daha çox dinləyici cəlb etmək üçün formatı tez-tez dəyişir. Bəzən də həmin format üçün rəqabət güclü olduğuna görə radiostansiya onu dəyişmək qərarına gəlir. Radio proqramlar müxtəlif və fərqli tipdə olur.

Məqsədinə görə radio proqramlar

Məqsədinə görə radio proqramları təhsil, mədəniyyət, dram, musiqi-əyləncə, xəbər, idman və reklam proqramlarına ayrılır.

Təhsil proqramları

Təhsil proqramlarının məqsədi bilgi vermək, xəbərdarlıq etmək, öyrətməkdir. Radio bu prosesi yerinə yetirərkən hər şeydən əvvəl obyektiv olmalıdır. Təhsil proqramlarında əsas iş dinləyicinin marağını oyatmaqdır. Təhsil proqramları hazırlayarkən ilk növbədə hansı məqsədə xidmət edəcəyini və bu xidməti reallaşdırmaq üçün hansı işlərin lazım olduğunu müəyyənləşdirək vacibdir. Ümumilkdə radio və tv-də təhsil iki formada öyrənilir: məktəb və məktəbdən kənar təhsil. Bir ölkənin sosial iqtisadi qaydaları radio ilə veriləcək təhsilin məzmununu da müəyyənləşdirir. Dinləyicilər təhsil proqramlarına yalnız önəm verdikləri və ya maraqlandıqları bir məqama toxunulursa qulaq asırlar. Təhsil proqramını effektiv etməyin müxtəlif yolları var. Məsələn, məşhur bir kino aktyorun aparıcısı olduğu bir veriliş diqqət çəkə bilər. Təhsil proqramlarında düzgün və aydın nitqi olan, dinləyicinin etibarını qazanan, inanılan və sanbalı aparıcılara üstünlük verilməsinə diqqət edilməlidir.

Mədəniyyət proqramları

Radioda mədəniyyət proqramlarına da yer verilir. Ədəbiyyat, rəsm, heykəltaraşlıq, musiqi, kino, rəqs kimi mövzular mədəniyyət proqramlarının əsasını təşkil edir. Özəl radiolarda bu tip verilişlər çox azdır. Bu tip proqramların məqsədi mədəni dəyərləri ictimaiyyətə çatdırmaq, dünya mədəniyyətlərini tanıtmaqdır. Cəmiyyətin inkişafı bu cür proqamlarla mümkündür.

Dram proqramları

Dram proqramları dedikdə ağıla ilk gələn bir vaxtlar məşhur olan radioteatrlardır. Televiziyanın inkişafı ilə radioteatrlar arxa plana keçdi. Dramatik proqramlarda bütün incəliklər əvvəlcədən yazılan ssenaridə qeyd edilir. Bu zaman mövzu seçimi çox önəmlidir. Mövzunun qeyri-adi olması üçün hədəf kütləsinin hər hansı bir problemini dilə gətirməsi, problemin həllini axtarması və yaxud dinləyicinin yaşadığı məkanın xəyal dünyasına gətirilməsi lazımdır. İnsanların yaşadıqları mühit ilə yaşamaq istədikləri mühitin fərqliliyindən qaynaqlanan ziddiyyət dram proqramlarının mövzusu ola bilər. Adından da bəlli olduğu kimi dramatik quruluş tərzi önəmlidir. Ən kiçiik hiss belə səs və sözlə verilə bilər. Radio oyunlarında danışıq dili vacibdir. Dialoq cümlələri mümkün olduğu qədər xəbər verilişlərində oduğu kimi qısa, sadə və anlaşılan olmalıdır. Musiqi effektləri əsasən girişdə, keçid hissələrdə və finalda istifadə olunur. Dramatik proqramlarda hər hadisə müəyyən məkanda baş verir. Məkan proqramın psixoloji təfsilatı barədə məlumat verir. Sevincli, romantik və s kimi effektlər oyuna motivasiya edir.

Musiqi-əyləncə proqramları

Radio verilişlərin ümumi məqsədindən asılı olmayaraq musiqi və əyləncə tipli proqramlara hər radioda rast gəlinir. Hətta musiqi və əyləncənin digər verilişlərin dinlənməsi üçün bir vasitə olduğu da deyilir. Özəl radiolarda reklamın daha çox gəlməsi üçün musiqi və əyləncəyə üstünlük verilir. Musiqi radionun əsas üç qolundan biridir. Danışıq və səs effektləri səsin əsasıdır. Musiqidən uyğun yerdə istifadə edilməlidir. Hər yerdə musiqidən istifadə etmək olmaz. Düzgün seçilmiş, zamana uyğun musiqi proqrama rəng qatır, yersiz musiqi isə dinləyicini hövsələdən çıxarır. Musiqi parçalarının sıra ilə verilməsi, reklamın nə vaxt girəcəyi və proqramın zamanı kompüterlərlə idarə olunur. Musiqi proqramlarının vaxtı və ritmi dinləyicini darıxdırmayacaq şəkildə hazırlanılır. Yayım vaxtında sevilən və tanınan musiqi parçalarını sona saxlamaq dinləyicini axıra qədər proqramı dinləməyə vadar edir.

Xəbər proqramları

Xəbər proqramları məlumatların bir və ya iki səslə verildiyi düz proqramlardır. Bu cür proqramlarda musiqi və effektlərə nadir hallarda müraciət edilir. Bu cür verilişlər xəbər bülletenlərindən daha əhatəli, anlaşıqlı, öyrədici olur. Radionun əsasını xəbər təşkil edir. Hər radio kanalının yayım formatına uyğun olaraq uzun və qısa xəbər bülletenləri var. Bütün radio kanllarında gündə 2-3 dəfə uzun xəbər bülletenləri və hər saat başı qısa xəbər bülletenləri verilir. Xəbərə daha çox üstünlük verən, hətta sadəcə xəbər verən radiolar da var. Xəbər proqramlarını hazırlayarkən mövzunu dərindən araşdırmaq vacibdir.

Xəbər proqramı hazırlayanların güclü arxivi olmalıdır. Radio xəbər qısa, anlaşılan, axıcı olmalıdır. Radio xəbərçiliyində sürət əsasdır. Xəbər radioya çatdığı anda dinləyiciyə ötürülməlidir. Radio aparıcısının xəbəri təkrar etmək şansı olmadığından anlaşılan və qısa cümlələrdən istifadə etməlidir. Radio xəbərdə anonsun seçimi önəmlidir. Dinləyicini ilk andan radioya kilidləmək üçün düzgün seçilmiş anonsdan istifadə edilməlidir. Radioda dinləyici adətən ilk sözə diqqət etmir. Buna görə də önəmli ifadələr 2-3-cü cümlələrdə verilməlidir. Radio yalnız qulağa səslənən vasitə olduğundan anons mümkün olduğu qədər tez-tez səsləndirilməlidir. Beləcə dinləyici qaçırdığı xəbərin önəmli nöqtələrini öyrənmiş olur. Radioxəbərdə “bu gün” sözündən istifadə olunmamalıdır. Xəbərin seçimi qədər təqdimatı da önəmlidir. Aparıcının səs tonunu düzgün qurması, qüsursuz danışması vacibdir. Vurğu yerində olmalıdır. Bütün dünyada mövcud olan xəbər bülletenində operativ məlumatlar, hadisə yerindən səsli baglantılar olur. Bülletenin düzümü və sürəkliliyi efirdə səslənmə zamanından, əhəmiyyətindən, aktuallığından, radiostansiyanın profilindən, daha doğrusu istiqamətindən də asılıdır. Belə ki, musiqiyönümlü radiostansiyalar qısa xəbər buraxılışlarına üstünlük verir.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.