Rəfiyə Sultan (II Əbdülhəmidin qızı)
Rəfiyə Sultan (15 iyun 1891, Konstantinopol – təq. 1938, Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.
Rəfiyə Sultan | |
---|---|
Osmanlı türkcəsi: رفیه سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1891 |
Doğum yeri | Ulduz sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | təq. 1938 |
Vəfat yeri | Beyrut, Livan |
Dəfn yeri | Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq |
Fəaliyyəti | Əsilzadəlik |
Atası | II Əbdülhəmid |
Anası | Sazkar xanım |
Həyat yoldaşı | Əli Fuad bəy |
Uşaqları |
Rabiyə xanım Sultan Ayşə Həmidə xanım Sultan |
Həyatı
Rəfiyə Sultan 15 iyun 1891-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli xanımı Sazkar xanımdır. Digər bacı və qardaşları kimi Ulduz sarayında mükəmməl təhsil aldı. Atasının səltənətinin son illərində müşir Əhməd Əyyub Paşanın oğlu Əli Fuad bəylə (d. 1887 — ö. 1953) nişanlandı. Ancaq 1909-cu ildə atasının taxtdan endirilməsinin ardından ailəsiylə birlikdə Salonikiyə sürgünə göndərildi.
Sürgündə bir il qaldıqdan sonra atası Sultan Əbdülhəmid onu, bacıları Ayşə Sultan və Şadiyə Sultanla birlikdə İstanbula göndərdi və qardaşı Sultan Rəşaddan onları evləndirməsini xahiş etdi. Bu xahişin ardından əmisi Sultan Rəşad tərəfindən 3 sentyabr 1910-cu ildə baş tutan mərasimlə Əli Fuad bəylə evləndirildi və cütlüyün bu nikahdan 2 övladı dünyaya gəldi.
3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Rəfiyə Sultan da anası və ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Fransanın Nitsa şəhərində yaşamağa başladı və burada kiçik qızları Ayşə Həmidə xanım Sultan 1934-cü ildə qəza nəticəsində vəfat etdi. Qızının vəfatının ardından cənazəsinin Suriyaya aparılmasını istəyən Rəfiyə Sultan onu Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında — əmisi Sultan Vahidəddinin yanına dəfn etdirdi.
Daha sonra qızının məzarına daha yaxın olma məqsədilə ailə Beyrut şəhərində yaşamağa qərar verdi. Qızının vəfatından 4 il sonra Rəfiyə Sultan Beyrutda vəfat etdi və cənazəsi Dəməşqə daşınaraq Süleymaniyyə təkyəsinin qəbiristanlığında qızının yanına dəfn edildi.
Övladları
- Rabiyə xanım Sultan (d. 13 iyul 1911, İstanbul — ö. 19 iyun 1988, İstanbul) — Heç evlənməmişdir. Cənazəsi Sultan Mahmud türbəsinə dəfn edilmişdir.
- Ayşə Həmidə xanım Sultan (d. 1918, İstanbul — ö. 1934, Nitsa) — Heç evlənməmişdir. Cənazəsi Dəməşqdəki Süleymaniyyə təkyəsi qəbiristanlığına dəfn edilmişdir.
Mənbə
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5
- Kırpık, Cevdet (2011). "Şehzade Evliliklerinde Değişim". OTAM (in Turkish)
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
- Osmanoğlu, Ayşe (May 30, 2020). The Gilded Cage on the Bosphorus: The Ottomans: The Story of a Family. Ayşe Osmanoğlu. ISBN 978-1-9163614-1-6