Rüfət Quliyev (deputat)
Rüfət Atakişi oğlu Quliyev (6 may 1963, Bakı) — III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, İqtisadi siyasət komitəsinin üzvü, MDB Parlamentlərarası Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının sədr müavini, GUAM-ın Elm, Mədəniyyət və Təhsil üzrə Komitəsinin üzvüdür. İqtisad elmləri doktoru, professor, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professorudur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadiyyat bölməsinin Ekspert Şurasının üzvüdür. MDB PA-nın İqtisadiyyat Ekspert Şurasının üzvüdür.[1]
Rüfət Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 may 1963 (60 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Rüfət Quliyev 1963-cü il may ayının 6-da Bakı şəhərində anadan olmuşdur.[1] 1981-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin (hazırda T. Şevçenko adına Kiyev Milli Universiteti) İqtisadiyyat fakültəsinə qəbul olub və 1986-cı ildə həmin Universiteti bitirərək, Azərbaycan Politexnik İnstitutunda (hazırda Azərbaycan Texniki Universiteti) pedaqoji fəaliyyətə başlamışdır. Baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləmişdir.
1995-ci ildən iqtisad elmləri namizədi və 2004-cü ildən isə iqtisad elmləri doktorudur. 2006-cı ildən Azərbaycan Texniki Universitetinin professorudur. Hazırda həmin Universitetinin "İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı" kafedrasının müdiridir.
300-ə yaxın elmi əsər və məqalənin (o cümlədən 7 monoqrafiya, 4 dərslik, 3 broşüra) müəllifidir və onlardan 41-i ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Slovakiya, Latviya, Estoniya, Qazaxıstan, İsveç və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub. Yerli və beynəlxalq elmi konfransların, forum və seminarların fəal iştirakçısı olmuşdur. O, dəfələrlə Nitsa, London, Kiyev şəhərlərində keçirilən simpoziumların işində iştirak etmiş və Böyük Britaniya, Rusiya, Ukrayna, İtaliya, Çin Xalq Respublikası, Küveyt, Almaniya, Şimali Kipr, Latviya, Moldova, Qazaxıstan, BƏƏ-də Azərbaycan hökuməti tərəfindən təşkil edilən konfranslarda Azərbaycan iqtisadiyyatının inkişaf yolları və əldə edilmiş uğurlar barədə çıxışlar etmişdir.
1999–2017-ci illərdə "European Tobacco-Baku" ASC-nin İdarə Heyətinin sədri idi. O, Azərbaycan Türkiyə İş Adamları Birliyinin həmsədridir.
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Milli Məclisin, MDB parlamentlərarası Assambleyasının xəttilə çoxsaylı xarici səfərlərdə olub, MDB məkanında keçirilən prezident və parlament seçkilərinin əksəriyyətində müşahidəçi qismində iştirak edib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli və məqsədyönlü iş aparır.
Azərbaycan Həmkarlar Ittifaqı Konfederasiyasının "İşçilərin sosial-iqtisadi hüquqlarının və mənafelərinin qorunmasında xüsusi xidmətlərinə görə" medalı, İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin BMT-nin 60 illiyi münasibətilə fəxri yubiley medalı, Ukrayna Ədliyyə Nazirliyi İnsan Hüquqlarının Müdafiəsi Beynəlxalq Komitəsinin fəxri medalı, MDB-nin 20 illiyi fəxri yubiley medalı, T. Şevçenko adına Kiyev Milli Universitetinin 3 fəxri medalı, Qırğızıstanın "Birimdik-Yedinstvo" Ictimai fondunun "Birimdik-Yedinstvo" ordeni ilə təltif olunmuşdur.
Bitərəfdir.
Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilir. Ailəlidir, iki övladı var.[1]
İstinadlar
- "Arxivlənmiş surət". 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-16.