Rövşən bəy Əfəndizadə

Rövşən bəy Əfəndizadə və ya Rövşən bəy Əfəndiyev (31 dekabr 1884 (12 yanvar 1885), Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyasıbilinmir) — Azərbaycan ictimai və maarif xadimi, müəllim. Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsinin mübaşiri (icraçı direktoru).[1][2]

Rövşən bəy Əfəndizadə
Gürcü "Teatri da tsxovreba" jurnalı (29 mart 1915, №13)
Gürcü "Teatri da tsxovreba" jurnalı (29 mart 1915, №13)
Doğum adı Mir Rövşən bəy Mustafa oğlu Əfəndizadə
Doğum tarixi 31 dekabr 1884 (12 yanvar 1885)
Doğum yeri
Vəfat tarixi bilinmir
Vəfat səbəbi siyasi repressiya
Vətəndaşlığı
Fəaliyyəti müəllim, maarifçi, mübaşir[d]

Həyatı

Rövşən bəyin babası Məhəmməd əfəndi zəmanəsinin məşhur ruhanilərindən olub. Şəkidəki "Məhəmməd əfəndi piri" adlı ziyarətgah onun məzarı olan yerdir. Məhəmməd əfəndinin oğlu Mustafa əfəndinin ziyarətgahı isə Yuxarıbaşın birinci rayonundakı came məscidindədir. Mustafa əfəndinin 12 oğlunun, 2 qızının olduğu söylənilir.[3]

Mir Rövşən bəy Mustafa oğlu Əfəndizadə 31 dekabr 1884-cü ildə (indiki təqvimlə 12 yanvar 1885-ci ildə) Şəki şəhərində doğulub. İlk təhsilə Şəki ibtidai "müsəlmani-rusi məktəbdə" (bunu daha çox "rus-tatar məktəbi" adlandırırlar) başlayıb, 1896-da Şəki rüşdiyyəsinə girib (rüşdiyyə progimnaziya tipli məktəbdi). Həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1901-də Bakı Sənaye Məktəbinə daxil olaraq burada iki il oxuyub.[1][2]

Rövşən bəy 1904-də Şəki ibtidai məktəbində müəllimliyə başlayıb. Burada o həm müəllim, həm də nazir (baxıcı) işləyib. 1905-də Rusiyada inqilab baş verərkən imperiyanın hər yerində, o sıradan Azərbaycanda da ictimai mühit hədsiz gərginləşmiş, burada milli münaqişələr güclənmişdi. Bu zaman özəlliklə milli düşüncəli gənc aydınlar ortaya atılaraq sinələrini qabağa verirdilər. Onlardan biri də Rövşən bəy idi. O, milli və ictimai işlərə ciddi qarışdığından Gəncə əsgəri valisi (qeneral-qubernatoru) onun Qafqazdan sürgün edilməsi haqqında əmr verir. "Övraqi-nəfisə"nin yazdığına görə, şeyxülislam Pişnamazzadə (1853–1938) və Ələkbər bəy Rəfibəyov (1839–1919) kimi o çağın ən hörmətli kişiləri bu qərarın ləğvinə çalışaraq onun sürgündən qurtulmasına nail olublar. Sürgün əmri ləğv olunsa da Rövşən bəyin daha Şəkidə yaşamasına icazə verilməyib. Bu üzdən o, bir il də Qazax mahalında müəllimlik edib.[1][2]

1906-cı ildən Şəkidəki üsuli-cədid məktəbi təzədən camaatın idarəsinə keçmişdir. Mir Rövşən bəy yenidən rus dili müəllimi işləmişdir. Giləhli məhəlləsinin adlı ziyalısı Məhəmmədəli Xəlifəzadənin "Tazə həyat" qəzetinə yazdıqlarından[4]:

" Bu gün, 24 iyulda Şəkinin birinci milli məktəbinə camaat tərəfindən müəllim təyin olunduq. […] Burada ikinci müəllim Haşım Məhəmmədzadə, rus dili müəllimi Mir Rövşən Əfəndiyev idi. "

1908-dən Tiflis şəhərində müəllim işləməyə başlayıb. Müəllim Rövşən bəy Əfəndizadə burada da yenə milli işlərdə önə çıxıb – xeyriyyə işlərində, dram cəmiyyətlərində və başqa məsələlərdə fəallıq göstərib. 1911-ci ildə Cəlil Məmmədquluzadə və Cahangir bəy Qayıbovun təşəbbüsləri ilə yaradılmış "Tiflis dram cəmiyyəti"nin qanunnaməsində cəmiyyətin 8 nəfər idarə heyətində (Nadir bəy Qayıbov, Eynəli bəy Sultanov, Yusif bəy Tahirov, Mir Rövşən bəy Əfəndizadə və Əlimirzə bəy Nərimanov) Rövşən bəy Əfəndizadə də var idi.[5]

1915-ci ildə Əlimərdan bəy TopçubaşovMəhəmməd Əmin Rəsulzadə ilə birgə gürcü şairi Akaki Seretelinin dəfnində iştirak etmiş və nitq söyləmişdir.[6] "Teatri da tsxovreba" jurnalı onun şəklini dərc etmiş və bu haqda yazmışdır[7]:

" 8 fevral İrəvan meydanında Akaki Seretelinin dəfn mərasimində nitq söyləmiş tatar nümayədələr: Topçubaşov — rusca, Rəsulzadə və Əfəndiyev — tatarca. "

Birinci Dünya müharibəsinin acı nəticələrindən biri olaraq Tiflisə gətirilən Türkiyə hərbi əsirlərinin, əsir zabitlərinin buradakı yaşamının asanlaşdırılması, yüngülləşdirilməsi üçün R. Əfəndizadə hədsiz çalışıb. Qızğın türk millətçisi və yurdsevəri olan bu kişi dərbədər düşmüş türk balalarını xristian evlərindən bir yerə toplamaq üçün Tiflisdə yaradılan Darüleytamın (Yetimlər evinin) təsisində də yaxından iştirak edib. Bu ağır dönəmdə "qaçqınlar baş vəkili" Xosrov paşa Sultanovun (1879–1941) təklifi ilə bütün cəbhələri: QarakilsəQarsdan tutmuş İrəvanGümrüyə qədər şəhərləri, qəsəbələri, kəndləri, qışlaları və xristian evlərini dönüb-dolaşaraq tapdığı yetimləri min məşəqqətlə toplayaraq Tiflisə gətirib.[1][2]

Rusiyada 1917-ci il Fevral burjua inqilabından sonra Rövşən bəy Tiflis Müsəlman Milli Komitəsi İcraiyyə Komitəsinin, Qafqaz Hərbi Şurasının üzvü olub. 5 iyul 1917-ci ildə Azərbaycan heyətinin tərkibində "Xirqeyi-səadət mərasimi"ndə iştirak üçün İstanbulda Ulduz sarayında Osmanlı sultanı V Məhməd Rəşadın qəbulunda olmuş və nümayəndə heyəti adından çıxış edərək demişdir[1][2]:

" Şövkətli xaqanımız! Qafqaziya türkləri didari-hümayununuza müştaqdırlar. Onlar da bu tacü-taxtın pək xalis övladlarıdır. Hissiyyatı-sədaqətimizi lütfən buyurunuz. Böyük Allah sayeyi-səltənətinizi üzərimizdən əksik etməsin, əfəndimiz! "

Türkiyənin "Tanin" qəzetinin yazdığına görə (1917-ci il, № 3429), "tərəfi-əşrəf xilafətpənahidən (yəni sultandan) belə bir cavab alınıb: "Siz də, biz də həmdiniz, həmirqiz, bu günlərə nailiyyətimizdən dolayı sizi də, bizi də bəxtiyar ədd elər və hamımızı təbrik edirəm. Görüşdüyümüzə məhfuz oldum".[1][2]

Rövşən bəy Əfəndizadə (yerdə sağdan 2-ci) Hacıbəyov qardaşlarının teatr truppasında. Bakı, 1918–1919-cu illər

Rövşən bəy Əfəndizadə Türkiyədən qayıtdıqdan sonra Tiflisdəki məmuriyyətini tərk edib və Azərbaycanın paytaxtı Bakıda ibtidada müəllimliyə girmiş, sonra isə Hacıbəyli qardaşları müdiriyyətinə mübaşir (icraçı direktor) təyin edilməklə "türk səhnəsinə xidmət etməkdədir".[8]

Sonrakı həyat fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Qardaşı oğlu Mustafanın dediyinə görə, əmisi Mir Rövşən sonralar Bakıya köçmüş, rus dili müəllimi işləmiş, nəhayət, bədnam repressiyanın qurbanı olmuşdur.[3]

Ədəbiyyat

  • "Övraqi-nəfisə" jurnalı, 1919-cu il, № 3
  • Aqil Əfəndiyev. Əfəndizadələr. Bakı: Azərnəşr, 2007

İstinadlar

  1. Ədalət Tahirzadə. "Sultanla görüşmüş Rövşən Bəy Əfəndizadə kimdir?". "Şəkinin səsi" qəzeti (№ 2 (438)). 30 may 2011. 2022-01-10 tarixində arxivləşdirilib.
  2. Ədalət Tahirzadə. "Sultanla görüşmüş Rövşən bəy Əfəndizadə kimdir?". tarix.shaki.info. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-23.
  3. Zəkəriyyə Əlizadə; Sevinc Bəharəddin qızı. Şəkidə məhəllə adları, soyadlar və ləqəblər. Bakı: Nafta-Press. 2004. səh. 134–136.
  4. "Tazə həyat" qəzeti. 5 avqust 1907.
  5. "Səda" qəzeti. 13 fevral 1911.
  6. Həmid Vəliyev. Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində. Bakı: Yazıçı. 1984.
  7. "Teatri da tsxovreba" jurnalı (№13). 29 mart 1915.
  8. "Övraqi-nəfisə" jurnalı (№ 3). 1919.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.