Qurd Cəbrayıl

Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri.

Qurd Cəbrayıl
Cəbrayıl Əlibaxış oğlu Baxşıyev
Doğum tarixi
Doğum yeri Maştağa, Bakı
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Uşağı Xoşqədəm İbinqurd[1]
Milliyyəti azərbaycanlı

Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu.

Həyatı

Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur.

Səhv gəmiylə Həştərxana

Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub. O, özünə pul qazanmaq məqsədilə dovğaya su qatarmış. Bundan babası gec xəbər tutur. Babasının dovğa məsələsindən xəbərdar olduğunu bilən Cəbrayıl həmin gecə evə getməmək qərarına gəlir. O, "bir-iki günlüyə xalamgilə gedim, babamın hirsi soyuyandan sonra geri qayıdaram" düşüncəsi ilə gəmiyə minir. Yolboyu xalasıgilə çatacağı anı səbirsizliklə gözləyən Cəbrayıl yalnız bir neçə saat keçəndən sonra gəmiyə səhv mindiyini anlayır. Sərnişinlərdən gəminin uzaq diyara – Həştərxana gedəcəyini bilincə isə ağlamağa başlayır. Yalnız böyüklərin sözləri onu ovudur. Elə həmin gəmi ilə də geriyə – Bakıya qayıtmağı düşünürmüş. Taleyin qismətindəndir ki, hava həddindən artıq küləkli olur və gəminin Bakıya dönməyi təxirə düşür.

Limanın yaxınlığında gəzən Cəbrayıl bir nəfərin faytonunun təkərinin çıxdığını görüncə ona yaxınlaşır. 9 yaşlı bu oğlan faytonun təkərini yerinə bərkidir. Bu isə faytonçunun – milliyyətcə tatar olan Ravilin xoşuna gəlir. Cəbrayılın nə üçün tək gəzməsi ilə maraqlanan Ravil ata-anasının olmadığını bilib, ona elə oradaca övladlıq təklif edir: "Mənim böyük bir qənnadı sexim var, yəni yaşayışım yaxşıdır. Amma övladım olmur. Gəl sən mənə oğul ol".

Evin xanımı ona doğma övlad gözü ilə baxmasa da, o, Ravil kişinin sevgisini qazanır. Beləliklə, Cəbrayıl təxminən 9 il Ravilin evində qalır.

Yasəmənin xilaskarı

Günlərin birində Ravil pul kisəsini Cəbrayıla verib, bir nəfərə çatdırmağı tapşırır. Üstəlik 1 manat da faytonpulu verir. Yolda yaşıdlarının dəmir pullarla pul-pul (qumar) oynadığını görən Cəbrayıl onlara qoşulur. Xırda pulları qurtarandan sonra faytonpulunu da uduzur. Ravilin verdiyi pul kisəsindən 1 manat faytonpulu götürsə də, onu xərcləməyə ürək eləmir, fikirləşir ki, birdən bilərlər, özünə olan etimad itər. Yoluna kəsə yolla davam edən Cəbrayıl qəbiristanlıqdan keçəndə iki nəfər atlını görüb, qəbirlərdən birinin arxasında gizlənir. Həmin adamlar qəbiristanlıqda yer qazaraq özləri ilə gətirdikləri böyük bükülünü orada basdırıb, çıxıb gedirlər. Cəbrayıl adamların xəzinə basdırması ehtimalı ilə həmin yeri qazmağa başlayır. Qazıb qurtarandan sonra çıxardığı kisənin ağzını açır və... gözlərinə inanmır: orada boynuna bıçaq saplanmış bir qız vardı. Bıçağı dartıb çıxarınca üzünə qan fışqırır və Cəbrayıl özündən gedir. Gözlərini açanda isə özünü xəstəxanada görür. Ətrafdakılar qızı Cəbrayılın vurduğunu zənn edirmiş. Lakin sağ qalan qız onu Cəbrayılın vurmadığını deyib, xilaskarını həbsdən qurtarır...

...Özünə gəldikdən sonra xəstəxanadakı otaqlardan birinə girən Cəbrayıl oradakı çarpayıda ətrafı yasəmən gülləri ilə dolu olan bir gözəl qız görür. "Mənim başım gicəlləndi. Amma bilmirəm bu sənin gözəlliyindəndir, yoxsa yasəmən güllərinin ətrindən" – deyərək, qıza yaxınlaşır. Qız isə "elə mənim də adım Yasəməndir, xilaskarım" deyə, cavab verir. Bundan sonra Yasəmən başına gələnləri nəql etməyə başlayır: "Atam çox varlı idi. Onun iki qızı vardı – mən və bacım. Atam ölməzdən əvvəl var-dövlətini iki bacı arasında bölmüşdü. Məni bıçaqlayıb qəbiristanlıqda basdıranlar isə bacımın əri ilə qaynı olub".

Sağaldıqdan sonra Yasəmən Cəbrayıla öz evinə köçməyi təklif edir. Cəbrayıl Ravil kişiylə sağollaşıb, qızın evinə köçür. Üstündən çox keçməmiş Yasəmən ona qəsd etmiş bacısının həyat yoldaşı və qaynını öldürüb, doğrayır. Doğranmış meyitləri isə Cəbrayılın köməkliyi ilə basdırır. O, ev də daxil olmaqla hər şeyi satıb, bütün pulları Cəbrayıla verir. Beləliklə, Cəbrayılla Yasəmən Bakıya yollanırlar. Cəbrayıl Həştərxan yaxınlığındakı stansiyaların birində düşərkən Yasəmən qatarda qalır. O, Yasəmənin olduğu vaqona minməyərək Bakıya başqa qatarla qayıdır...

Stalinlə görüş

Təsadüfən Rostovdan Bakıya gələn oğrularla tanış olan Cəbrayıl ilk ciddi "iş"lərinə həmin vaxtdan başlayır. O dövrün ən tanınmış avtoriteti sayılan Rəşid oğlu Məhərrəmlə birgə oğurluğa gedən Cəbrayıl az müddətdə məşhurlaşır. Onun sorağı hətta Bakıda olarkən İosif Stalinə də çatır. Cəbrayılı Stalinin yanına aparırlar. O, Cəbrayıla Bakıdakı banklardan birindən külli miqdarda pul oğurlamağı tapşırır. Tapşırığı layiqincə yerinə yetirən Qurd Cəbrayıl sonradan həmin vəsaitin inqilaba xərcləndiyini öyrənir. Yeri gəlmişkən, müharibə dövründə həbsxanada olarkən Cəbrayıl Stalinə xahiş məktubu yazır. Məktubda xahiş edir ki, onu həbsxanadan buraxsın, əvəzində cəbhə bölgəsinə göndərsinlər. Lakin Stalin onu həbsxanadan buraxdırmaq barədə heç bir göstəriş vermir.

Paxan Cəbrayıl

Sonralar Yasəməni axtarıb tapan Cəbrayıl onun vaxtilə verdiyi pul kisəsini özünə qaytarır və onunla birgə Bakıya dönür. Onlar artıq ər-arvad münasibətlərində yaşasalar da, bu, rəsmiləşməmiş qalır. Cəbrayıl göbəkkəsdisi edilmiş xalası qızı Minəxanımla evlənir. Yasəmən də onlarla birgə yaşayırmış, lakin övladı olmadığına görə çıxıb gedir. Yasəməndən fərqli olaraq, Minəxanım düz 7 övlad dünyaya gətirir (onlardan 2-si uşaq vaxtı dünyasını dəyişib). Övladlarının doğum tarixlərinə baxınca Cəbrayılın müxtəlif vaxtlarda neçə il həbsdə yatdığı da məlum olur: 1928, 1930, 1933, 1938, 1948, 1952. Ümumilikdə isə Cəbrayıla 70 ilə yaxın iş kəsilib. Lakin o, aldığı işin yalnız yarısını – 36 ilini həbsxanada keçirib. Milis rəisindən tutmuş həbsxanada onu öldürmək üçün tutulmuş qatili o dünyaya göndərməyə qədər. Sibirdən tutmuş məhkəmə salonlarına qədər o yer qalmayıb ki, oradan qaçmasın. Oğurluqlar da öz yerində. O daha çox tək işləməyə üstünlük verdiyinə görə Qurd ləqəbini qazanıbmış. Ancaq kriminal aləmdə daha çox "Paxan Cəbrayıl" kimi tanınırmış.

Həbsxanadan sonuncu dəfə 1963-cü ildə çıxıb. Oğlu Xoşqədəm danışır ki, 63 yaşlı Cəbrayıl həmin vaxtdan ömrünün sonuna qədər başını aşağı salıb, heç kimlə işi olmayıb: "Əslində heç vaxt onun heç kimlə işi olmayıb. O, varlılardan, ermənilərdən oğurlayardı".

"Arxadan vurulan zərbə" filmində Qurd Cəbrayıl sərrast bıçaq atandırsa da, əslində o tapança ilə yaxşı nişan almağı bacarırmış. Həmin filmdəki Fəttah dayı – Qurd Cəbrayıl rolunun ifaçısı Yusif Vəliyev Cəbrayıl Baxşıyevlə tanış imiş. Onlar eyni məhəllədə yaşayırmış. Filmdə rola dəvət alan Yusif Vəliyev onun oğlundan – Xoşqədəmdən atası ilə ünsiyyət qurmağı xahiş edir. Yusif Vəliyevlə Cəbrayıl Baxşıyev bir müddət ünsiyyətdə olublar, bir yerdə durub, bir yerdə oturublar, nərd oynayıblar və s. Filmin ekrana çıxmasını isə Qurd Cəbrayıl görməmişdir.

Ömrünün sonuna qədər hörmətli şəxslərdən biri kimi qalan Cəbrayıl 1976-cı il mayın 9-da dünyasını dəyişib. Oğlunun dediyinə görə, həmin vaxt SSRİ-dəki bütün həbsxanalarda onun üçün "Yasin" oxutdurulub, ehsan verilib: "Bizə çoxlu məktublar gəlirdi. Ölümündən sonra SSRİ-nin müxtəlif yerlərindən dostları gəlib birgə iş qurmağı təklif etdilər, ancaq dedim yox".

Mənbə

İstinadlar

  1. ""Qurd Cəbrayıl"ın oğlu ölüm ayağında". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-05.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.