Qum bazilikası

Qum bazilikasıQax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə[1] aid üçnefli, günbəzli[2] alban məbədi. Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası[1] adlandırılır.

Qum bazilikası
Bazilikanın qalıqlarının ümumi görünüşü
Bazilikanın mərkəzi nefi və tağlı kollonadaların görünüşü
41°27′25″ şm. e. 46°54′34″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Qax
Yerləşir Qum
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi IV-V əsrlər
İstinad nöm.286
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Bazilikanın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski[3] tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir.[4][5][6]

Abidə də ilkin elmi tədqiqat işləri Qafqaz ekspedisiyası zamanı A.S.Xaxanov tərəfindən aparılmışdır.[7] Daha sonra Qum bazilikası P.D.Baranovski tərəfindən tədqiq edilmiş və öyrənilmişdir. P. Baranovski abidəni VI əsrə aid etmişdir.[8] Sonradan Q.N.Çubinaşvili[9] və D.A.Axundov[10] da Qum bazilikasında tədqiqat işləri aparmışlar.

Memarlıq xüsusiyyətləri


Bazilikanın qalıqlarının şərq tərəfdən görünüşü


Bazilikanın qalereya hissəsinin kollonada qalıqları (solda) və
məbədin altar hissəsinin xarabalıqlarının
fasad görünüşü (sağda)

Məbədin qalıqları Qum kəndinin mərkəzində yerləşir. Dövrümüzə yalnız üçnefli bazilikanın əsas hissəsi və qismən örtük kütləsi çatmışdır. Vaxtilə məbədin üçtərəfli qalereyaya malik olmasını şərq divarındakı kiçik otaqlar yaxınlığında qalmış divar qalıqları və qərb qalereyasının sütun qalıqları sübut edir.

Məbədin daxili həcmi düzbucaqlı formada olmaqla 36.5x19.3 metr ölçüyə malikdir. Daxildən əsas ibadət zalı iki cüt T-formalı müstəqil sütun və bir cüt pilyastrla üç nefə bölünmüşdür.[1]

Orta nef eninə görə yan neflərdən iki dəfə böyük olmaqla şərqdə nalformalı apsida ilə tamamlanır. Yan neflər kvadrat formalı kiçik yan otaqlarla tamamlanır ki, həmin otaqların da tağvari örtüyü dövrümüzə kimi saxlanmışdır.

Binanın əsas həcmi cənub və şimalda qalereyaları formalaşdıran üçtərəfli keçidə əhatə edilmişdir. Şimal və cənub qalereyalarının şimal hissəsində uzun otaqlar yerləşir. Həmin otaqlar da şimal divarında apsidaya malikdir.[1]

Məbədin divarları sıraların düzgünlüyü saxlanmaqla mavi və tünd yaşıl əhəng daşından inşa edilmişdir. Məbədin fasadında üzlük daşların düşdüyü yerlərdə hörgü zamanı inşa edilmiş beton formalı qarışıq görünməkdədir. Hörgü zamanı əhəng daşı və bişmiş kərpicin qarışıq istifadə edilməsi tədqiqatçı Q. Çubinaşvilinin məbədi VIII-IX əsrlərə aid etməsi üçün əsas olmuşdur.

İ.A.Babayev isə qeyd edir ki, "…nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisində ən qədim dövrlərdən inşaat zamanı çiy kərpic və əhəng daşı qarışığının istifadəsi tez-tez rast gəlinən haldır və bunun ən yaxşı nümunəsi II Kültəpə ərazisində aşkarlanmış tikili qalıqlarıdır. Bişmiş kərpic isə Qafqaz Albaniyası memarlığında I əsrdən istifadə edilməkdə idi."[11]

G. Məmmədovanın fikrincə I əsrdən etibarən Qafqaz Albaniyası memarlığında çiy kərpic-əhəng daşı hörgüsü kərpic-əhəng daşı hörgüsü ilə əvəzlənə bilərdi.[1] İnşşat tarixi islamdan əvvəlki dövrə aid olan Beşbarmaq səddi də bu cür kərpic-əhəng daşı qarışıqlı hörgüyə malikdir.[12]

Kilsənin T-formalı arxaik görünüşə malik daxili sütunları kvadrat formalı kərpiclə üzlənmişdir. Məbədin örtüyü əsasn saxlanmamışdır. Tədqiqatçılar yan neflərin maili tağ örtüyünə malik olmasını qeyd edirlər.[13] Orta nefin örtüyü sütunlar arasında olan arkalar, onlardan qərb divarındakı pilyastrlara və altara qədər uzanan divarların üstündə dayanırdı.

Orta arkalar dövrümüzə kimi saxlanmış, yan arkaların mövcudluğunu isə yan divarlar boyunca qalmış beton qarışığı izləri sübut edir. Tədqiqatçılar Qum bazilikasının dövrümüzə kimi saxlanmamış örtüyünü mərtəbəli taxta dam formasında[14] və ya mərkəzi kvadrat üzərində günbəzli dam formasında[15] bərpa edirlər.

İstinadlar

  1. Мамедова, 2004. səh. 50
  2. Мамедова, 2004. səh. 51
  3. Архитектура Азербайджана. Эпоха Низами. Москва - Баку: Государственное архитектурное издательство Академии архитектуры СССР. 1947.
  4. Шарифов, Д. Город Кум (Низами сб 2). Баку. 1940.
  5. Əhmədli, Şahmərdan. Qum məbədinin itmiş kitabəsi haqqında düşüncələr. Qax. 1994.
  6. H. Əzimov, Ş. Əhmədov. Qax abidələri. Bakı. 1998.
  7. Хаханов, А.С. Экспедиция на Кавказ в 1892, 1893, 1895 гг (МАК). 1898.
  8. Барановский, П. Д. Памятники в селениях Кум и Лекит (ААЭИ). Баку. 1947. 26–32.
  9. Чубинашвили, Г. Н. Цроми. Из истории грузинской архитектуры VII в. Наука. 1969. 132.
  10. Ахундов, Д. А. Архитектура древнего и раннесредневекового Азербайджана. Баку: Азерб.гос.изд-во. 1986. 223.
  11. Бабаев, И.А. Исследование общественного здания второй половины I век до н.э. на городище Кабала (СА, №4). 1977. 220.
  12. М. А. Усейнов, Л.Бретаницкий, А.Саламзаде. История архитектуры Азербайджана. Москва: Гос.изд-во литерат. по строит.матер. 1963. 29.
  13. Барановский, П. Д. Памятники в селениях Кум и Лекит (ААЭИ). Баку. 1947. 30.
  14. П.Д.Барановский – Памятники в селениях Кум и Лекит, ААЭИ, Баку, 1947, səh. 224
  15. Ахундов, Д.А. Архитектура древнего и раннесредневекового Азербайджана. Баку: Азерб.гос.изд-во. 1986. 224.

Ədəbiyyat

  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
  • П.Д.Барановский – Памятники в селениях Кум и Лекит, ААЭИ, Баку, 1947
  • Д.А.Ахундов – Архитектура древнего и раннесредневекового Азербайджана, Баку, Азерб.гос.изд-во, 1986
  • М.А.Усейнов, Л.Бретаницкий, А.Саламзаде – История архитектуры Азербайджана, Москва, Гос.изд-во литерат. по строит.матер., 1963

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.