Qulamrza Səbri Təbrizi
Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi (21 mart 1934, Təbriz – 8 may 2020, Bakı) — Azərbaycan əsilli şair, filosof, ədəbiyyatşünas və tərcüməçi, fəlsəfə elmləri doktoru (1969), professor (1994), Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. [1][2]
Qulamrza Səbri Təbrizi | |
---|---|
Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi | |
Doğum tarixi | 21 mart 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 8 may 2020 (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Məhəmmədəli Təbrizi |
Mükafatları | Azərbaycan Dövlət Dillər İnstitutunun fəxri professoru; Kipr, Balkanlar və Avrasiya Türk Ədəbiyyat Qurumunun Türk dilinə xidmət ödülü |
Həyatı
Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də İranın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Atası Hacı Məhəmmədəli xalça fabrikinin sahibi idi. Burada 1940-1944-cü illərdə ibtidai dini məktəbi, sonra 1944-1953-cü illərdə Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir. O, 1953-1958-ci illərdə Təbriz Universitetinin Fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir. [1][2][3]
Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışmışdır. 1958-ci ildə İstanbul şəhərində Bayazid Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində magistr qəbul olmuş, lakin ölkədəki mürəkkəb durumla bağlı təhsilini yarımçıq qoyub Təbrizə qayıtmışdır. Daha sonra 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili almışdır.[1][2][3]
Fəaliyyəti
Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərmişdir. Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. Bu müddətdə Edinburq Universitetinin Şərqşünaslıq İnstitutunda, eləcə də dünyanın bir sıra ali məktəblərində məruzələrlə çıxış etmişdir. O, İran İslam İnqilabı dövründə Təbrizdə elmi-pedaqoji və siyasi fəaliyyətini davam etdirmişdir.[1][2][3]
Qulamrza Səbri Təbrizi burada din xadimlərinin təqibinə məruz qaldığı üçün Böyük Britaniyaya qayıtmış və 1978-1995-ci illərdə televiziya şirkətlərində icmalçı olmuşdur. Təbrizi 1989-1990-cı illərdə Məhəmmadəli Mahmudla birlikdə türk və fars dillərində "Odlar ölkəsi" adlı aylıq qəzet nəşr etdirmişdir. O, həmçinin 1995-ci ildə Edinburq Universitetində akademik məsləhətçi olmuşdur. 1997-2003-cü illərdə Azərbaycanın ali məktəblərində XIX-XX əsrlər ingilis ədəbiyyatı, Şekspir və Bleykin yaradıcılığı mövzusunda mühazirələr oxumuşdur.[1][3]
Qulamrza Səbri Təbrizi bədii yaradıcılığa tələbəlik dövründən başlamışdır. Onun elmi-kütləvi məqalələri, şeirləri, müsahibələri ingilis, türk, rumın dillərində çap olunmuşdur. London və Nyu-Yorkda "Vilyam Bleyk cənnəti və cəhənnəmi" (1973) adlı monoqrafiyası, burada və Nyu-Yorkda 1989-cu ildə "İran: bir uşağın xatirəsi, böyüyün xatirəsi" kitabı ingilis dilində çap olunmuşdur. Təbrizi 2001-ci ildə Dünya Azərbaycanlıları Konqresinin İsveçin Malmo şəhərində keçirilən V qurultayının iştirakçısıdır. Həmin il Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultayında məruzə ilə çıxış etmiş, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədr müavini seçilmişdir.[1][2][3]
Mükafatları
- 1997-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun fəxri professoru seçilmişdir.
- 2003-cü ildə Kipr, Balkanlar və Avrasiya Türk Ədəbiyyat Qurumunun Türk dilinə xidmət ödülünə layiq görülmüşdür.[1]
Əsərləri
- "Vətən həsrəti". Bakı: BDU nəşri, 1993, 39 səh.
- "Mənimikidünyam". Bakı: Səda, 1997, 110 səh.
- "Fikir dalğaları". Bakı: Şirvannəşr, 1997, 109 səh.
- "Həyat fəlsəfəsi". Bakı: Şirvannəşr, 1997,108 səh.
- "Baxışlar, düşüncələr, arzular". Bakı: Şirvannəşr, 212 səh.
- "Sönməz ocaq". Bakı: Şirvannəşr, 2001, 172 səh.
- "Seçmə şeirlər". Bakı: Şirvannəşr, 2002, 252 səh.
- "Ümid çırağı". Bakı: Şirvannəşr, 2002,160 səh.
- "Qürbət harayı". Bakı: Azərnəşr, 2003, 220 səh.
- "Xudafərin" B., "Turan evi", 2005, 380 səh.
- "Azərbaycanın Güneyi: tarixin canlı mənzərələri", B., Turan evi, 2006, 144 səh.
- "Zamanın nəbzi", B., Turan evi, 2006, 336 səh.
- "Müdriklik fəlsəfəsi", B., Turan evi, 2006, 272 səh.
- "Körpü", İstanbul, Avrupa Yakası yayınları, 2008, 168 səh.
- "Xatirə mahnılar" (Tofiq Bakıxanovla), B., Mütərcim, 2008, 24 səh.
- "Səssiz haray", B, Turan evi, 2009. 204 səh.
- "Sahilsiz dəniz", B., Azərnəşr, 2009, 228 səh.
- "Pozulmuş dünya", B., Azərnəşr, 2010, 218 səh.
İstinadlar
- Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
- Zülfüqar Şahsevənli. "Qulamrza Səbri Təbrizi: "Getdiyim hər yerdə Azərbaycanın "səfiri" olmuşam"" (Azərbaycan). anl.az. 2021-1-8 tarixində arxivləşdirilib.
- Vaqif Sultanlı, İrəc İsmayıl. "Güney Azərbaycan nəsri" (PDF) (Azərbaycan). anl.az. 30.10. 2017 tarixində arxivləşdirilib (PDF).