Quba–Xınalıq yolu
Quba–Xınalıq yolu — Azərbaycan Respublikasının Quba rayonunda Quba şəhərindən Xınalıq kəndinə gedən yol. Bu yol Azərbaycanın əsas turizm marşrutlarından biridir.
Avtomobil yolu | |
Quba-Xınalıq yolu | |
---|---|
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
Uzunluğu | 57 km |
Başlayır | Quba şəhəri |
Bitir | Xınalıq kəndi |
Örtüyü | asfalt |
Tarixi
Ucqar dağ kəndi olan Xınalığa gediş-gəliş tarixən at arabaları vasitəsilə olmuşdur[1].
Köhnə yol
Xınalığa ilk avtomobil yolu 1968-1969[1]-cu illərdə çəkilmişdir. Həmin yolun uzunluğu 70 km idi. Sərt hava şəraiti səbəbindən qış aylarında yol bağlı olurdu və əhali piyada hərəkət etmək məcburiyyətində qalırdı. Yol açıq olduqda isə avtonəqliyyat vasitəsi kimi yalnız yük avtomobillərindən – "QAZ-66", "Kamaz", "Zil", "Ural" və s., minik avtomobillərindən isə "Niva" əhalinin köməyinə çatırdı.
Yeni yol
1988-1989-cu illərdə yolun istiqamətini dəyişərək Qudyalçay boyunca çəkmişlər[2]. Bu yol da qışda çox vaxt bağlı olurdu. Nəhayət, 2006-cı ildə həmin istiqamətdə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilmişdir[3][4]. 2006-cı il oktyabrın 7-də Quba rayonunda Quba-İspik-Xınalıq avtomobil yolunun açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ümumi uzunluğu 57 kilometr olan yolun salınması ilə əlaqədar 9 ədəd yeni körpünün tikilməsi, 39 ədəd suötürücü boruların quraşdırılması, təhlükəsizlik bəndlərinin inşası barədə məlumat verilmişdir[5]. Yolun eni çətin sahələrdə 5-6, qalan yerlərdə isə 8-10 metrdir[6]. Yol tikilərkən 1,2 milyon kubmetr torpaq, qazma, partlayış işləri görülmüş, 45 min ton asfalt döşənmişdir[6].
Qəçrəş-Qımılqazma-Qırızdəhnə-Əlik-Cek-Xınalıq istiqamətində çəkilmiş yolun inşasında 270-dən çox müxtəlif texnikadan istifadə olunmuş, ümumilikdə 14 milyon manat vəsait xərclənmişdir[6]. Yolun tikintisində min nəfərə qədər işçi çalışmışdır[7]. Hal-hazırda yol dövlət nəzarətində olmaqla ilboyu açıqdır. Lakin avtomaşın yolu çəkilərkən təbii şərait tamlıqla nəzərə alınmadığı səbəbindən mütəmadi olaraq, Quba-Xınalıq yolunun Zanqar və Cek kəndinin qarşı tərəfi, Qaragüney adlanan hissələrində torpaq sürüşmələri baş verir, qayalıq hissələrində isə uçqunla yolu bağlayır[8]. Bu problemi həll etmək üçün yola xidmət edən təşkilat daima yolda təmir briqadası saxlamaq məcburiyyətindədir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 7 oktyabr 2006-cı ildə Quba-İspik-Xınalıq avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak etdikdən[6] sonra Xınalıq kəndində olarkən bildirmişdir:
"İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşı hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi"[9].
— İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Hazırda Quba–Xınalıq yolu Quba 6 saylı Yol İstismar İdarəsinə aiddir[10].
Mövcud problemlər
Təbii səbəblər üzündən hər il bir neçə dəfə yol bağlanır ki, bu da yolun açılmasına qədər gediş-gəlişi çətinləşdirir. Bu səbəblərə adətən sel sularının yolun müəyyən bir hissəsini yuması[11], qaya uçqunları və s. amillər aiddir. Yolda baş verən fəsadların aradan qaldırılması üçün ərazidə mütəmadi olaraq "Azəravtoyol" ASC-nin və "Körpü-Bina-Tikinti" MMC-nin ağır texnikası və canlı qüvvəsi çalışır[11].
Turizm
Xınalığa aparan yol insanı daim həyəcanda saxlayır[1]. Əvvəl düz, daha sonra hündürlüklərə istiqamətlənən yol qeyri-adiliklərlə müşayiət olunur[1]. Yol boyu havanın 4-5 dəfə dəyişməyi[1] sərnişinlərin böyük marağına səbəb olur.
Yol boyu bir sıra turistik məntəqələr və məkanlar var ki, bütün bunlar Quba–Xınalıq yolunun əhəmiyyətini daha da artırır. Yol boyu Qəçrəş meşəsi, "Minarə" qayası, "Retro", "Park Orman", "Nazlı Bulaq" və "Məst Dərgah" ailəvi istirahət mərkəzləri, Cek kanyonu, Gümbə, Zanqar, Kukaş kimi ərazilər turistlərin marağına səbəb ola bilən yerlərdir.
- Qəçrəş meşəsi
- "Retro"
- "Park Orman"
- "Nazlı Bulaq"
- Məst Dərgah şəlaləsi
- Gümbə
- Yolda turşu satışı
2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Xınalıq və Xınalıq yolu" adlı sənədli filmini çəkmişdir[12].
Həmçinin bax
İstinadlar
- Xınalıq - 5 minillik möhtəşəm tarix Arxivləşdirilib 2016-07-21 at the Wayback Machine. azerbaijan-news.az, 21.07.2016 (az.)
- Əli İldırımoğlu. "Xınalığın təzə yolu", "Kommunist" qəzeti, № 61 (21129), Bakı, 21 mart 1990, səh. 3. (az.)
- Quba-İspik-Xınalıq avtomobil yolunun açılış mərasimi. "Nəqliyyatçı" jurnalı, № 4, dekabr 2006. səh. 2-5. mot.gov.az Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine (az.)
- Azərbaycan Respublikası nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2006-cı ilin yekunları haqqında MƏLUMAT. səh. 5. mot.gov.az Arxivləşdirilib 2010-11-25 at the Wayback Machine (az.)
- "Quba-İspik-Xınalıq avtomobil yolunun açılış mərasimi. azeryol.az". 2015-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
- AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QUBA RAYONUNA SƏFƏRİ QUBA-İSPİK-XINALIQ AVTOMOBİL YOLUNUN AÇILIŞ MƏRASİMİ. azertag.az, 07.10.2006 (az.)
- "Uğurlu siyasətin nəticələri". Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) icrasının yekunları. Bakı, 2009, səh. 23. economy.gov.az Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine (az.)
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları. Bakı, 2010, səh. 94-95. elibrary.az (az.)
- AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN REGİONLARA SƏFƏRLƏRİ. Qədim Xınalıq kəndinin sakinləri ilə görüş: Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. elibrary.az (az.)
- Quba-Xınalıq yolu açılıb - YENİLƏNİB Arxivləşdirilib 2014-11-11 at the Wayback Machine. oxu.az, 03.11.2014 (az.)
- Quba-Xınalıq yolu açılıb FOTO. azpress.az, 19.09.2016 (az.)
- Qədim Xınalıq kəndinin sakinləri ilə görüş. "Xalq qəzeti", 8 oktyabr 2006-cı il. elibrary.az Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine (az.)
Xarici keçidlər
- Quba–Xınalıq yolu — Facebook səhifəsi
- Quba–Xınalıq yolu I hissə, II hissə