Qrimm qardaşları
Qrimm qardaşları (alm. Brüder Grimm; Yakov Qrimm (1785–1863), Vilhelm Qrimm (1786–1859) — alman yazıçıları.
Həyatları
Qrimm qardaşları — böyük qardaş Yakov, kiçik qardaş Vilhelmdir. Onların taleyi təxminən eyni olmuşdur. Yakov 78 il, Vilhelm isə 73 il yaşamışdır. Böyük qardaş Yakov Qrimm 1785-ci il yanvarın 4-də, Vilhelm Qrimm 1786-cı il fevralın 24-də Hanau şəhərində anadan olmuşlar. Hər ikisi Marbuq Universitetində hüquq elmləri üzrə təhsil almış, 1837-ci ilə qədər Hottingen Universitetində professor vəzifəsində çalışmışlar. Həmin ildə Hannover kralına and içməkdən imtina etdiklərinə və demokratik görüşlərinə görə Universitetdən qovulmuşlar. Bir müddət işsiz qaldıqdan sonra 1841-ci ildə Berlin Universitetində iş tapmış, professor vəzifəsinə yüksəlmiş, Prussiya Elmlər Akademiyasının üzvü olmuşlar. İlk dəfə Alman mifologiyasını toplayıb mifologiya elminin əsasını qoyan Qrimm qardaşları 4 cilddən ibarət "Alman mifologiyası" əsərini yaratmışlar. Beləliklə, onlar iki cilddən ibarət olan alman xalq nağıllarını toplayaraq "Ailə və uşaq nağılları" (1812–1818) adı altında nəşr etdirmişlər.
Qrimm qardaşları xalq nağıllarının toplanması işinə yeni elmi üsul, təzə münasibət metodu gətirdilər. Onların nağıllarında xalq dilinin rəngarəngliyi, nağılların üslub və intonasiyası, xalq məişətinin reallığı, xalq yaradıcılığı, bədii təfəkkürü olduğu kimi qorunmuşdur. Bu məşhur elm fədailəri ömürlərinin sonuna qədər dünya mədəniyyətinin tərəqqisinə xidmət etmiş, böyük qardaş Yakov 20 dekabr 1863-cü il, Vilhelm isə 16 dekabr 1859-cu ildə Berlində vəfat etmişdir. Qrimm qardaşlarının nağılları bunlardır: "Ağ və Qırmızı gül", "Bremen musiqiçiləri", "Ağ ilan", "Üç qardaş", "Tənbəl Hans" və s.
Qrimm qardaşları- Yakov və Vilhelm öz zəmanələrinin müdrik , hərtərəfli zəkaya malik ziyalılarından olmuşlar. Elm aləmində bu cür adamlara nadir, universal zəka sahibləri deyirlər. Hətta bu cür zəngin, hərtərəfli yaradıcılığa malik və böyük nəhəng irs qoyub gedən adamların qarşısında "Dahi" sözünün işlədilməsi daha düzgün olardı.