Qəzzədə müharibə (2014)

Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib.

Qəzzədə müharibə
Tarix 2014
Yeri
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Səbəbi

    İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir.

    Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib. İsrail hərbi qüvvələri itkin düşən yeniyetmələrin cəsədlərinin tapılmasından sonra onların oğurlanmasında şübhəli bilinən iki nəfərin evində reyd keçirib.[1]

    Qüds şəhərində yəhudilər fələstinli yeniyetməni qaçırıb və daha sonra diri-diri yandırıb. Yeniyetmə ərəbin üç yahudi gəncin öldürülməsinə cavab olaraq qaçırıldığı bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, naməlum şəxslər gənc oğlanı zorla maşına mindirərək hadisə yerindən sürətlə uzaqlaşıb. Bir neçə saat sonra qaçırılan şəxsin yandırılmış cəsədi şəhərin digər hissəsində tapılıb.

    Xronologiyası

    7 iyul

    İyulun 7-də Qəzzədən buraxılan onlarla raket İsrailin cənub ərazilərinə düşüb. İsrailin müdafiə ordusunun rəsmi saytında gün ərzində ölkənin cənubuna Qəzzədən 80 raketin buraxıldığı bildirir. 2014-cü ilin əvvəlindən isə İsrail ərazisi 450 dəfə raket zərbələrinə məruz qalıb. İsrail ərazisinin raket atəşinə tutulmasına görə məsuliyyəti HƏMAS-ın silahlı qanadı "İzzəddin əl-Qəssam" öz üzərinə götürüb. Qüdsdə fələstinli yeniyetmə Muhəmməd əbu-Hideyrin qətlə yetirilməsi İsrail-Fələstin sərhədində vəziyyəti son dərəcə gərginləşdirib. İsrail ordusu ölkənin cənubuna olan hücumlara cavab olaraq iyulun 7-də Qəzzədə yerləşən "HƏMAS" qruplaşmasına qarşı hərbi əməliyyatlara başladığını açıqlamışdı. Eyni zamanda İslami Cihad Hərəkatı İsrailə qarşı "Bunyanun Mersus" adlı hərbi əməliyyata başlayıb.

    9 iyul

    İsrailin Qəzzə zolağına hava zərbəsi endirməsi nəticəsində 51 fələstinli ölüb. Əməliyyat hələlik hava zərbələr şəklində həyata keçirilsə də, ordu tam döyüş vəziyyətinə gətirilib və istənilən an genişmiqyaslı yerüstü hücumun başlanması gözlənilir. Bunun qarşılığında Qəzzə zolağından İsrailin Dimona şəhərinə cəmi üç raket atılıb, heç bir ziyan dəyməyib.

    10 iyul

    Birləşmiş Ərəb Əmirlikləri İsrailin Fələstinə hava zərbələrini kəskin pisləyib. Birləşmiş Ərəb Əmirlikləri Fələstin Dövlətinə 25 milyon dollar həcmində yardım ayırmağa qərar verib. Müvafiq fərman BƏƏ prezidenti şeyx Xəlif bin Zaid əl Nəhayən tərəfindən imzalanıb.

    11 iyul

    HƏMAS lideri, Fələstinin keçmiş baş naziri İsmayıl Həniyənin bacısı oğlu İsrailin hava qüvvələrinin Qəzzəyə endirdiyi hava zərbəsi nəticəsində şəhid olub. İsmayıl Həniyənin bacısı oğlu Nidal əl Maleş Qəzzə şəhərinin Şeyx Raduan rayonuna endirilən hava zərbəsi nəticəsində həlak olan 7 nəfərdən biridir. Həmin günün nəticələrinə əsasən İsrail ordusunun 5 gündür davam edən əməliyyatı zamanı artıq 128 fələstinli həlak olub, 940-dan çox insan yaralanıb. İsrail ordusunun bugünkü zərbələri nəticəsində 22 fələstinlinin öldüyü bildirilir.

    Həmas təşkilatı İsrailin bu hücumunlarını cavabsız qoymayıb. Ancaq İsrailə atılan raketlər Tel-Əvivdə havadaykən vurulub. Həmasın hücumu ilə bağlı paytaxtda "Həyəcan siqnalı" verilib. Raketlə vurulması güman edilən yerlərdə əhali sığınacaqlara yerləşib. Amma önləyici tədbirlərə baxmayaraq Həmas İsrailin Aşdod şəhərində yanacaqdoldurma məntəqəsini vurub. Partlayış zamanı 3 nəfər yaralanıb.

    12 iyul

    İyulun 12-də axşam saatlarında İsrail aviasiyası Qəzzənin şərq ətrafında yerləşən məscid və evə zərbə endirib, nəticədə azı 15 fələstinli həlak olub. Hadisə yerinə cəlb olunan təcili yardım həkimləri aralarında qadınlar və uşaqlar da olmaqla 15 meyit aşkarlayıb. İsrail ordusunun 5 gündür davam edən əməliyyatı zamanı artıq 150 fələstinli həlak olub, 1000-dən çox insan yaralanıb.

    "Dəmir Günbəz" raketdən müdafiə batareyası 400 min əhalisi olan Təl Əviv şəhəri üzərində Qəzzə zolağından atılan 3 reaktiv raketi vurub. İsrailin raketdən müdafiə sistemi bundan əvvəl də Təl-Əvivə atılan raketləri vura bilib. Təl-Əvivdən başqa hava həyəcanı İsrailin bir neçə şəhərlərində elan olunub. İsrail itkilər və ya dağıntılar barədə məlumatı gizli saxlayır.

    13 iyul

    İsrail ordusunun Qəzzə zolağına hava zərbələri endirməsi nəticəsində iyulun 7-dən bu günə qədər 172 nəfər ölüb, 1267 nəfər yaralanıb. Bu barədə Fələstin Dövlətinin Səhiyyə Nazirliyindən bildirilib. Gecə olan hava hücumları nəticəsində Qəzzənin cənubundakı Han Yunus şəhərində 3, Qəzzənin mərkəzi hissəsində yerləşən Dəyr-el-Belah şəhərində isə 5 mülki şəxs ölüb. 13 iyulda olan hücumlar nəticəsində yaralanan fələstinlilərin sayı 73 nəfərdir. Dəyr-əl-Belah şəhərinə olan hava hücumu nəticəsində bu şəhərdəki "Nur" məscidinin tamamilə dağıldığı, ətrafdakı evlərin də ciddi xəsarət aldığı xəbər verilir.

    "HAMAS" isə İnternetdə yayımladığı məlumatda bu gün İsrailin Təl-Əviv, Hayfa, Qüds, AşkalonAşdot şəhərlərini 2 mindən çox mərmi ilə vuracağını bəyan edib. İsrail ordusu artıq qurudan da həmlələrə başlayıb. Ötən gün "HAMAS" silahlı birləşmələri ilə baş verən toqquşmadan sonra axşama doğru quru əməliyyatları dayandırılıb. Toqquşma nəticəsində 4 İsrail hərbçisinin yaralandığı bildirilir.[2]

    14 iyul

    İyulun 14-də Misirin xarici işlər nazirliyi Fələstin-Israil münaqişəsi üzrə müvəqqəti atəşkəs planını irəli sürüb. Həmasla İsrail arasında danışqlar gedir, tərəflər atəşkəsin detallarını müəyyənləşdirirlər. "Atəşkəsə nail olmaq üçün bütün səylər göstərilsə də, hələ ki yekun nəticə əldə edilməyib", Həmas nümayəndəsi qeyd edib. Tərəflər danışıqlarda bir sıra şərtlər irəli sürüblər. İsrail HƏMAS-dan 2012-ci ilin noyabrında imzalanmış atəşkəs müqaviləsinin şərtlərinə əməl etməyi tələb edir. Bundan başqa, rəsmi Təl-Əviv HƏMAS-ın tam tərksilah edilməsini, eləcə də, raketlərin buraxılması üçün tunel və şaxtaların məhvini istəyir. HƏMAS isə "İslami müqavimət hərəkatı"nın bu ilin yayında həbs edilmiş 55 fəalının azadlığa buraxılmasını, Misirlə sərhəddəki Rəfah sərhər keçidinin açılmasını tələb edir. "Əl Cəzirə" telekanalının məlumatına görə, tərəflər Misirin atəşkəs təklifi ilə bağlı prinsipial razılığa gəliblər və bu gündən atəş dayandırıla bilər.

    Son məlumata görə, İsrailin Qəzzəyə hücumları nəticəsində ölənlərin sayı 184-ə çatıb. 1385 adamın yaralandığı bildirilir. İsrail tərəfi isə məlumat yayıb ki, Qəzzədən atılan raketlər 3 israillinini yaralanmasına səbəb olub. İsrail ordusu İordan çayının Qərb sahilində 8 fələstinli deputatı həbs edib. Saxlanılanların hamısı HƏMAS təşkilatına bağlı deputatlardır. Həmçinin İsrail hərbçiləri keçirdikləri reydlərin birində 21 yaşlı fələstinlini güllələyiblər. Məlumata görə, Hevron şəhəri ətrafında keçirilən genişmiqyaslı axtarış əməliyyatı yerli gənclərin etirazına səbəb olub və toqquşma baş verib.[3]

    15 iyul

    İsrailin Qəzzəyə hücumları nəticəsində ölənlərin sayı 200-ə çatıb. Həmin gün "Həmas" lideri Mahmud Əl-Zaharın evi İsrail aviasiyası tərəfindən bombardman edilərək dağıdılıb. Şahidlər bombardman zamanı evdə heç kimin olmadığını bildiriblər.[4] İsrail atəşin dayandırılması ilə bağlı Misirin təşəbbüsünə müsbət cavab verib. HƏMAS isə atəşkəsi qəbul etməyəcəyini və hərtərəfli bir müqavilə istədiklərini açıqlayıb. Məsələ ilə əlaqədar HƏMAS-ın silahlı qolu olan olan Kassam Tuqayları "Mətbuatda gördüyümüz atəşkəs xəbərləri məsələsində heç kim bizə rəsmi və ya qeyri-rəsmi bir təklif irəli sürməyib. Amma təklif doğrudursa, bu diz çökmək və təslim olmaq mənası verir ki, biz bunu qətiyyən qəbul etmirik", — deyib.İslami Cihad Hərəkatının lideri Ramazan Abdullah Şallah "Əl-Cəzirə" kanalına müsahibəsində döyüşün nə vaxt bitəcəyini onların müəyyənləşdirəcəyini deyib: "Bundan sonra biz 2012-ci ildə əldə olunan atəşkəs razılaşmasının şərtlərini qəbul etmirik. Sionist rejim Qəzzəyə qarşı tətbiq etdiyi embarqonu qaldıracaq və sərhədləri açacaq. İsrailin başqa yolu yoxdur". İsrail baş naziri Benyamin Netanyahu atəşkəs təklifinin rədd olunacağı halda HƏMAS və İslami Cihad Hərəkatına qarşı sərt addımlar atacağını bildirib.[5]

    16 iyul

    İsrailin Qəzzə zolağına zərbələr endirməsi nəticəsində 4-ü uşaq olmaqla 16 fələstinli həlak olub, 10 nəfər yaralanıb. İsrail ordusunun Qəzzəyə endirdiyi raket zərbələri nəticəsində 12 fələstinli həlak olub, 10 nəfər yaralanıb. Daha 4 uşaq isə İsrail hərbçiləri tərəfindən Qəzzə zolağının sahilində güllələnərək qətlə yetirilib. İsrail hökuməti Qəzzə zolağının şimalında yaşayan 100 mindən çox fələstinlini evlərini tərk etməyə çağırıb. Bu çağırış quru əməliyyatların başlaması ilə əlaqədar edilib. Bir çox fələstinli bu barədə telefon zəngi vasitəsi ilə xəbərdar edilib. Həmçinin havadan "terroçuların dislokasiyası ilə bağlı xəbərdarlıq" yazılmış vərəqələr atılıb. Vərəqələrdə sakinlərə təcili şəkildə yaşadıqları ərazini tərk etmək tövsiyə olunur. Öz növbəsində HƏMAS rəhbərliyi fələstinliləri öz evlərində qalmağa çağırıb.[6]

    17 iyul

    İyulun 7-dən bəri İsrailin Qəzzə zolağına hücumu nəticəsində 260 fələstinli ölüb, 1980 nəfər yaralanıb. Bunu Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra deyib. Təcili yardım dəstələri İsrailin gecə bombaladığı Rəfah və Han Yunus şəhərlərində dağıntılar altından 10 cəsəd çıxarıblar. Onlar arasında 5 aylıq uşaq da var.

    İsrail ordusu Qəzzə zolağında "Müdafiə səddi" əməliyyatının növbəti mərhələsinə keçib. Qoşunların yeridilməsindən öncə Qəzzə zolağı intensiv artilleriya və hava zərbələrinə məruz qalıb. Hücum əmrini İsrailin baş naziri Binyamin Netanyahu verib. Netanyahunun kabinetinin bəyanatında deyilir ki, əməliyyatın məqsədi fələstinli döyüşçülər tərəfindən qazılmış tunellərin məhv edilməsidir. "Həmas" hərəkatı xəbərdar edib ki, İsrail ordusunun başladığı quru əməliyyatının dəhşətli nəticələri olacaq.

    İsrail ordusuna məxsus çoxlu sayda tank və zirehli texnika Qəzzənin cənubundakı Rəfah və Xan Yunis şəhərlərindən Fələstinə girib. Daha sonra Qəzzə və Rəfah şəhərləri bombardman edilib. Təcili yardım briqadaları və ambulanslar bombardman edilən bölgəyə yaxınlaşa bilməyiblər. İsrail ordusunun qərargahından mətbuata verilən açıqlamada isə 143 hədəfin vurulduğu qeyd olunur. İsrail ordusunun rəsmiləri iddia ediblər ki, Qəzzə sərhədində baş verən qarşıdurmada 14 nəfər Fələstin əsgəri öldürülüb. Öz növbəsində HAMAS təşkilatı bəyan edib ki, ötən gün İsrailin 4 şəhərinə 98 M-75 raketi atılıb, snayperlər tərəfindən bir İsrail hərbçisi öldürülüb. Qəzzə zolağına üç fərqli istiqamətdən girməyə çalışan İsrail xüsusi təyinatlıları fələstinlilərlə qarşıdurmadan sonra geri çəkiliblər. Nəticədə bir İsrail əsgəri öldürülüb, iki əsgər yaralanıb.[7]

    18 iyul

    Qəzzə bölgəsində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin səyləri ilə bu bölgədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib. Təxliyə edilmiş vətəndaşlar hal-hazırda Azərbaycandadır.[8]

    Fələstinin Səhiyyə Nazirliyi İsrailin iki günlük quru əməliyyatı nəticəsində 44 nəfərin öldüyünü, 410 adamın yaralandığını açıqlayıb. Son 12 gün ərzində isə Qəzzənin müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində 270 adamın öldüyü, 2210 nəfərin yaralandığı bildirilir. Ölənlərdən 66-sı uşaq, 27-si qadındır.İsrail ordusu isə mılumat yayıb ki, həyata keçirilən əməliyyatların 12 günü ərzində Qəzzədə 1600-dan çox nöqtəyə zərbə endirilib. Vurulan hədəflər arasında fələstinli döyüşçülərin tunel və bunkerləri, gizli raket qurğuları, məşq bazaları, silah-sursat anbarları var. İsrail tərəfi ötən axşam Qəzzənin şimalındakı döyüşlərdə üç israilli əsgərin yaralandığını da açıqlayıb.

    BMT-nin baş katibi Pan Gi Mun Qəzzədə gərginliyin artması ilə əlaqədar bu gün bölgəyə səfər edəcək. HƏMAS-ın hərbi qanadı bəyan edib ki, müharibə uzun çəkəcək və fələstinlilər buna hazır olmalıdırlar. HƏMAS lideri Xalid Məşəl bildirib ki, Qəzzədə sülh yalnız onlarln bütün tələbləri yerinə yetirildikdən sonra mümkündür.[9]

    20 İyul

    İsrailin hərbi əməliyyatının başlanmasından 13 gün ərzində Qəzzə sektorunda 400 fələstinli həlak olub, onlardan təxminən 60 nəfəri bazar günü ölüb. Bu gün ərzində 60 nəfər həlak olan daxil olub, onların əksəriyyəti Şicayədən olub. Yaralıların sayı üç min nəfəri ötüb. İsrail ordusu bəyanat verib ki, İsrail Qəzzə sektorunda bazar günündən əməliyyatların quru fazasını genişləndirir. Həmin gün səhər saatlarında İsrail hərbçiləri Qəzzənin şərqində pusquya düşüb. Həmasın yaydığı bəyanatda bildirilir: "Bu gün səhər Qəzzənin şərqində ət-Tuffah məhəlləsində irəliləyən İsrail əsgərləri minalanmış əraziyə daxil olub. Nəticədə 14 İsrail əsgəri ölüb".

    21 İyul

    Sutka ərzində Qəzzə zolağında 100-dən çox insan həlak olub. Bu barədə Fələstinlilərə Yardım Agentliyi (UNRWA) məlumat yayıb. Məlumata əsasən, həlak olan 107 nəfərin 23-ü qadın, 35-i uşaqdır. UNRWA qeyd edir ki, Qəzzə zolağında vəziyyətin gərginləşdiyi dövrdə, ümumilikdə, 100-dən çox uşaq ölüb. Son sutka ərzində, həmçinin, 13 israilli hərbçinin öldüyü bildirilir.

    İsrail ordusu quru əməliyyatı zamanı Qəzzə zolağında 23 gizli tunelin aşkarlandığını bəyan edib. İyulun 17-dən bəri aşkarlanmış 23 tuneldə 66 girişin nöqtəsinin olduğu deyilir. Tunellərdən 6-sı dağıdılıb. İsrail ordusu iyulun 7-dən bəri 2925 hədəfi vurduğunu bildirib. Quru əməliyyatlarında isə İsrail silahlı qüvvələri tərəfindən 388 obyekt məhv olunub. Bunlardan 310-una zərbə son 24 saat içində endirilib. Bəyanatda əlavə olunub ki, HAMAS-a aid 40 raket kompleksi, 50 idarəetmə mərkəzi məhv edilib. Fələstin tərəfi bu hücumlar nəticəsində 600-ə yaxın dinc sakinin öldüyünü, 4 minə yaxın insanın yaralandığını bildirib.[10]

    22 İyul

    Fələstin ərazisindən atılan raketin Tel-Əviv aeroportu yaxınlığına düşməsindən sonra ABŞ, Almaniya, Fransa, Avstriya, İsveçrə və Rusiya aviaşirkətləri İsrailə uçuşları qeyri-müəyyən müddətə dayandırıb. BMT-nin İnsan Haqları üzrə Şurası İsrailin Qəzzə zolağında apardığı əməliyyatın araşdırılması üzrə müstəqil komissiya təsis edib. Bu qərar Fələstinin BMT-yə rəsmi müraciəti əsasında qəbul edilib.

    HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl Qəssam dəstələri"nin döyüşçüləri İsrail Hərbi-Hava Qüvvələrinin F-16 qırıcı-bombardmançı təyyarəsini vurduqlarını bildiriblər. İsrail təyyarəsi Qəzzənin mərkəzindəki Deyr əl Bəlah bölgəsinin səmasında olarkən vurulub. HƏMAS-in açıqlamasına görə, İsrailin Qəzzədə hərbi əməliyyatlara başladığı iyulun 8-dən bəri israillilərin 3 pilotsuz təyyarəsini də vurublar. İsrail Müdafiə Nazirliyi olayla bağlı açıqlama ilə çıxış etməyib.[11]

    23 İyul

    İsrail ordusundan verilən xəbərə görə, Qəzzəyə quru hərəkatının başlamasından sonra qarşı tərəfdən İsrailə 2 min 160 raket atılıb. Bunlardan 1700 raketin havada vurulduğu bildirilir. Dünən isə İsrailə 87 raket atılıb və bunlardan 67-si raketdən müdafiə sistemini aşaraq İsrailə çatıb. Xəbərdə əməliyyatın başlanğıcından indiyə qədər, HƏMAS-a aid 1800 hədəfin vurulduğu ifadə edilir. Gün içində isə HƏMAS-a aid 260 mərkəzin hədəfə götürüldüyü, hədəflər arasında hərbi bazalar, gizlədilmiş raket nöqtələri və silah istehsalat mərkəzləri olduğu qeyd olunur. Bundan əlavə İsrail ordusunun indiyə qədər təxminən 30 hücum tunelini aşkar edildiyi də bildirilir. HƏMAS, öz növbəsində, verdiyi xəbərdə Qəzzədən İsrailin müxtəlif bölgələrinə 38 raketin atıldığını deyir. Qeyd edək ki, "Qoruyucu xətt" adı altında 7 iyulda Qəzzəni havadan vurmağa başlayan İsrail ordusu 17 iyulda qurudan hücuma keçib. Hücumların başladığı gündən bu yana Qəzzədə 635 adam həyatını itirib, 4 min nəfər yaralanıb. Ölənlərdən 162-nin uşaq, 78-nin isə qadın olduğu bildirilir.

    İstinadlar

    1. Cəsədləri İordan Çayının Qərb Sahilində aşkar edilən yeniyetmələr dəfn edildi Arxivləşdirilib 2016-03-21 at the Wayback Machine Amerikanın Səsi
    2. "İsrailin Qəzzəyə hava zərbələri endirməsi nəticəsində iyulun 7-dən bu günə qədər 172 fələstinli ölüb, 1267-si yaralanıb". 2014-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
    3. Qəzzədə ölənlərin sayı 180-i ötüb, atəşkəs danışıqları başlayıb Arxivləşdirilib 2014-07-17 at the Wayback Machine apa.az
    4. İsrail "Həmas"ın liderinin evini bombardman edib Arxivləşdirilib 2014-07-19 at the Wayback Machine apa.az
    5. Netanyahudan sərt çıxış: "Buna görə ağır əvəz ödəyəcəklər"
    6. İsrail hökuməti 100 min fələstinlini Qəzzəni tərk etməyə çağırıb Arxivləşdirilib 2014-07-19 at the Wayback Machine apa.az
    7. "İsrailin Qəzza zolağına hücumu nəticəsində 260 fələstinli ölüb, 1980 nəfər yaralanıb". 2014-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
    8. Qəzza bölgəsindən 11 nəfər Azərbaycan vətəndaşı təxliyə edilib Arxivləşdirilib 2014-07-18 at the Wayback Machine apa.az
    9. "İsrailin son 12 gün ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 270 fələstinli ölüb, 2210 nəfər yaralanıb". 2014-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-19.
    10. "İsrail ordusu Qəzza zolağında 23 gizli tunel aşkarlayıb". 2014-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-24.
    11. "İsrailə böyük zərbə". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-24.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.