Qoruq
Qoruq — mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir (akvatoriyalar). Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, marağalar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir.
Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır. Ekoloji sistemin daha çox rəngarəngliyini öyrənmək, genetik fondun növlərini saxlamaq məqsədilə Q. müxtəlif landşaft zonalarında yaradılır. Qoruq əraziləri ətrafında mühafizə zonaları yaradılır. Bu zonalar insanın təsərrüfat fəaliyyətinin qoruğa daxil olmasının qarşısını alır.[1]
11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günü olaraq qeyd olunur.
Təsnifat
- Ia = Ia (Ciddi Təbiət Qoruğu)
- Ib = Ib (Vəhşi təbiət ərazisi)
- II = II (Milli park)
- III = III (Təbiət abidəsi)
- IV = IV (Dövlət Təbiət Yasaqlığı)
- V = V (Qorunan landşaft/akvatoriya)
- VI = VI (Davamlı təbiətdən istifadə sahəsi)
İstinadlar
- Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
Xarici keçidlər
- Qoruqlar Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine