Qorçubaşı
Qorçubaşı yaxud Qorçibaşı – “Qorçuların rəisi” qızılbaş tayfalarının döyüşçülərindən ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V.F.Minorski göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçubaşı “hərbi nazir” idi, onun adi adı da elə Əmir əl-üməra olmuşdur.[1]
Salnamələrdə qorçibaşı adını ilk dəfə çəkən Həsən bəy Rumlu hicri 911 (1505-1506)-ci ildə yazırdı ki, bu il Şah İsmayıl “Sultan Heydərlə döyüşdə (onun düşmənlərinin) tərəfində iştirak edənlərin hamısını öldürməyi əmr etmişdir. O, bunu təhqiq etməyi qorçibaşı Əbdül bəy Dədəyə tapşırmışdır.” [2]
I Şah İsmayılın anonim tarixində bəzi təfsilatlar vardır. Buradan aydın olur ki, qorçibaşı qoşunla Şirvana yollanmış, çoxlu “türkmanı”, Tabasaran və Şirvan sakinlərini qırmışdır.[3]
Əbdül bəy Dədə Talış sakini idi. O, Şeyx Heydərin ölümündən sonra, gənc İsmayıl Gilanda olduğu dövrdə, Ərdəbil təriqətinin işlərini aparmış məhdud şəxslər dairəsinin – “əhl-i ixtisas”ın üzvü olmuşdu. Lakin sonralar qorçibaşı vəzifəsini siyasi həyatda az nəzərə çarpan adamlar tuturlar. Hicri 915 (1509-1510)ci ildə qorçibaşı kimi Yegan bəy Təkəlinin adı çəkilir23. 920 (1514-1515)-ci ildə bu vəzifədə Sarı Pirə Ustaclı olmuşdu. [4][5]
Səfəvilər dövləti banisinin dövründə qorçibaşı əmir əl-üməra ilə müqayisədə xeyli kiçik sima idi. I Şah Təhmasibin dövründə qorçibaşı vəzifəsində hicri 937 (1534)-ci ildə təkəli tayfasının qiyamı yatırılarkən öldürülmüş Durə bəy Təkəlinin adı çəkilir.[6]
Sonralar siyasi və hərbi dairələrdə qorçibaşının rolu artır. Hicri 945 (1538-1539)-ci ildən, yəni hicri 969 (1561-1562)-cu ilədək qorçibaşı vəzifəsini tutmuş Sevindik bəy Əfşarın adına mənbələrdə təsadüf olunur.[7] II Şah İsmayılın tədbirlərindən biri qorçibaşı vəzifəsinə Kirman hakimi Allahqulu bəy Əfşarı təyin etmək olmuşdu [8] . Şah Məhəmməd Xudabəndənin dövründə bu vəzifəni sarayda böyük nüfuzu olan Qulu bəy Əfşar tutmuşdu. Maraqlıdır ki, qorçibaşıların əksəriyyəti qızılbaş əfşar tayfasından çıxmışdı.[9]
İstinadlar
- Təzkirət əl-mülük, səh.116-117
- Əhsən ət-təvarix, səh.88
- Şah İsmayılın anonim tarixi, vər.119.a.
- Şərəfnamə, c.II, səh.158
- Əhsən ət-təvarix, səh.145
- Əhsən ət-təvarix, səh.236
- Şərəfnamə, c.II, səh.218
- Tarix-i Aləmarayi Abbasi, səh.213
- Oktay Əfəndiyev. Səfəvilər dövləti, səh.299-300
Ədəbiyyat
Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, Bakı, “Şərq-Qərb”, 2007. 407 səh.