Qoçqarışan

Qoçqarışan (az-əbcəd. قوچقاریشان) və ya Qoç boranıAzərbaycan xalq təqviminə görə payızın əvvəlinə verilən ad.

Qoçqarışan
az-əbcəd. قوچقاریشان
Daxil olan dövrlər Paqtıqan
Keçirilən mərasimlər
Əvvəlki dövr Elqovan
Digər adları
  • Qoç boranı
  • Qoç qatımı (İğdır azərbaycanlılarında)
Məlumat
Müddəti payızın əvvəli
Qidalar

Müddəti

Azərbaycanda köçəri maldarlar payızın əvvəlini "qoçqarışan" adlandırır. Bu ayda əvvəlcədən yetişdirilmiş qoçlar sürüyə buraxılır və döllənmənin qışın son ayına (boz ay) düşməsi nəzərə alınır. Payızın ilk 5–10 günü ərzində qoç sürüyə buraxılır. Bu zaman hava soyuyur, güclü yağış və külək olur. Belə vaxtda dağlara düşən qar "boranlı qar" adlandırılır. Ona görə də qoçqarışana "qoç boranı" da deyirlər.[1]

Tarixən qoçqarışan ayı yüksək səviyyədə qeyd edilmişdir. Bu zaman sürülərə baxış keçirilir, xəstə, qocalmış və doğuş üçün yararsız qoyunlar sürüdən çıxarılır. Çobanlar qoçların sürüyə buraxılacağı tarixi təyin edirlər. Adətə görə, bu gün cümə günü (adına günü) olmalıdır.[1]

Sürüyə buraxılacaq qoçlara baxış mərasimi keçirilir. Alnına xına sürtülmüş cavan qoçlar bir-biri ilə döyüşdürülür. Ən yaxşı qoç sahiblərinə hədiyyə təqdim edilir. Seçilmiş qoçlar çobanların yanına aparılır. Çobanlar qonaqları qarşılayıb, yemək olaraq fətir verirlər. Yaxşı rəqs edənlər yallı oynayır. Sonra isə qoçlar sürüyə buraxılır.[1]

Qoçların cütləşməsinə çobanlar nəzarət edir. Sürüyə qoç buraxılarkən qoçun yanına ağ qoyun gələrsə, qışın soyuq və qarlı keçəcəyinə inanılır. Əgər ala qoyun gələrsə, qış soyuq keçməyəcək. Qara qoyun gələrsə, mülayim qış olacaq. Qoçlar payızın son ayına qədər sürülərdə qalır.[1]

İğdır azərbaycanlılarında "Qoç qatımı" mərasimi ənənə halını almışdır. Payızın sonlarında bir neçə, yaxşı yetişdirilmiş qoç sürüyə buraxılır. Bu qoçlar əvvəlcədən bəzədilir, yerli bitkilərdən əldə edilmiş kök boyası və ya xına ilə boyanır, üstünə şəkər, muncuq, alma asılır. Qoyunun həm dişi, həm erkək bala verməsi üçün qoçun üstünə qız və oğlan uşağı çıxardılır. Qoçun buynuzlarına alma və ya nar asılmasının əkiz quzuların doğulmasına səbəb olacağına inanılır. Bundan başqa sürü sahibləri əhaliyə halva və qayısı qovurması paylayırlar.[2]

Kəsişən dövrlər

  • Payız gecə-gündüz bərabərliyi (Paqtıqan). Azərbaycan xalq inancında Ay və Günəş sevgilidir. Onların sevgisi əbədidir, amma heç vaxt birləşə bilməzlər, lakin gecə ilə gündüzün bərabər olduğu gündə bir-birinin üzünü görə bilirlər. Buna baxmayaraq, onlar yenə də görüşə bilmədən bir-birlərini itirirlər. Azərbaycan kəndlərində bu gecə müxtəlif oyunlar oynayırlar.[3]

İstinadlar

  1. Azərbaycan etnoqrafiyası, III cild, 2007. səh. 435
  2. ELİF COŞKUN. "IĞDIR'DA YAŞAYAN AZERBAYCAN TÜRKLERİNİN YAŞAM TARZININ KÜLTÜREL COĞRAFYA AÇISINDAN İNCELENMESİ (2020)" (türk). ATATÜRK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ. (sayfa 250)
  3. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd. Türkiyə, 2011.  (türk.)

Ədəbiyyat

  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.