Qazi Bürhanəddin

Qazi Bürhanəddin (1345, Kayseri1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim.

Qazi Bürhanəddin Əhməd bəy Salur
Qazəbürhanəddinoğulları bəyliyi bəyi
1381 1398
ƏvvəlkiII Mehmed (Ərətna bəyliyi bəyi olaraq)
SonrakıƏləddin Əli bəy Bürhanəddinoğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kayseri, Qaramanoğulları bəyliyi
Vəfat tarixi
Vəfat yeri Sivas
Vəfat səbəbi Öldürülmə
Milliyyəti Azərbaycan türkü
Fəaliyyəti şair
Atası Kayseri qazısı Qazı Şəmsəddin Mehmed
Uşağı Ələddin Əli bəy Bürhanəddinoğlu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[1]

Həyatı

Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər.

Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Ələddin Ərətnanın sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır. Əhmədin anası isə səlcuq sarayında yaşamış məşhur dövlət xadimlərin birinin nəvəsi idi. Qazi Bürhanəddin anasını erkən yaşlarından itirdiyindən onun tərbiyəsi ilə atası məşğul olub. 1356-cı ildə o, atası ilə Dəməşqə gedir, lakin bir müddətdən sonra yenidən onlar Qeysəriyə qayıdırlar və Əhmədin atası sarayda qazı kimi işləməyə başlayır.

Bütün kübar ailələrindən çıxan uşaqlar kimi Qazi Bürhanəddin də vətənində öz dövrünə görə yaxşı ilkin təhsil alır, 1358-ci ildə isə təhsilini davam etdirmək üçün Misirə yola düşür. Burada ilahiyyatı (fiqh, hədistibb), tibbi, nücumu, fəlsəfəni və digər elmləri öyrənir. Daha sonra özünün ilahiyyat, təbiət və riyaziyyat sahələrində biliklərini artırmaq məqsədilə Dəməşqə, bütün Şərqdə məşhur olan alim Qütb əd-Din Razinin yanına gedir. Şair on doqquz yaşında ikən Məkkəyə gedir, atası öləndən sonra isə Hələbə köçür.

Siyasi fəaliyyəti

1365-ci ildə Qeysəriyə dönərək, Ərətna hökmdarı Məhəmmədin qızı ilə evlənir. Bu hadisədən bir müddət sonra onu atasının yerinə qazi təyin edirlər. Bu vəzifədə on ildən də artıq işləyən Qazi Bürhanəddin öz yüksək savadı, mədəniyyəti və ədalətliliyi ilə bütün xalqın hörmətini qazanır.

Artan hökmdarı Məhəmməd öldükdən sonra onun taxtına oğlu Əli oturur. Əli azyaşlı olduğu üçün dövlətin bütün işlərini Qazi Bürhanəddin görür və 1378-ci ildə vəzir təyin olunur. İki ildən sonra Əli də ölür və Bürhanəddin onun körpə uşağının atabəyi olur. Beləliklə, dövlətə bütün rəhbərlik onun əlinə keçir. 1381-ci ildə Qazi Bürhanəddin öz adını daşıyan yeni bir dövlət yaradır və Sultan elan edilir. Bundan sonra onun bütün həyatı daxili və xarici düşmənələrə qarşı fasiləsiz yürüş və döyüşlərdə keçir. Öz aralarında daimi çəkişmələr aparan qaramanlı, osmanlı, türkmən tayfaları arasındakı düşmənçiliyi yox etmək və ölkədə qanun-qaydanı möhkəmləndirmək üçün o, əlindən gələni edir. Bürhanəddin xarici siyasət sahəsində qeyri-adi uzaqgörənlik və müdriklik göstərir. Osmanlı sultanı I Bayəzid, Qızıl Orda xanı Toxtamış, Əmir Teymur kimi təhlükəli rəqiblərin və onlarla xırda əmirlərin əhatəsində qalan Bürhanəddin düz 17 il öz ölkəsində sülhü və əmin-amanlığı qoruya bilir. Siyasi vəziyyət tələb edəndə o, I Bayəzidlə, yaxud Teymurla açıq mübarizəyə girir, zərurət yarandıqda keçmiş rəqibləri Toxtamış xan, yaxud da məmlük sultanı Barqutla ittifaq bağlayır.

Bürhanəddin ölkəni Teymurun işğalından xilas edir və qonşu əmirlərlə uğurlu müharibələr aparır. Onun səyləri boşa getmir. Ölkə möhkəmlənir və çiçəklənir. Bürhanəddin ticarət, maarif və elmin inkişafına yardım edir, mədrəsələr, karvansaralar açdırır, körpülər saldırır.

Qazi Bürhanəddin 1398-ci ildə Ağqoyunlu hökmdarlarından Qara Yoluq Osman bəylə döyüşdə həlak olur və Sivas şəhərində dəfn edilir. Bundan sonra ölkədə hakimiyyət onun yeganə oğlu Elməddin Əli Çələbiyə keçir. Ancaq gənc hökmdar hakimiyyəti əldə saxlaya bilmir və Qazi Bürhanəddinin belə çətinliklə yaratdığı dövlət I Bayəzid tərəfindən dağıdılır. Ölkənin torpaqları Osmanlı dövlətinin tərkibinə keçir.

Qazı Bürhanəddin, Səlcuqların məğlubiyyətindən sonra Sivas və ətrafında qurulan Eretna Bəyliyində 1335–1381-ci illərdə sıra ilə kadılık, vəzirlik və padişahlıq vəkilliyi kimi vəzifələrdə işləmiş və bir müddət sonra bəyliyin zəifləməsindən istifadə edərək öz adını daşıyan Qazi Bürhanəddin Əhməd Bəyliyi dövlətini qurmuşdur. 1381-ci ildə qurduğu bu dövlət 17 il yaşamış və 1398-ci ildə Ağqoyunlu hökmdarı Qara Yuluq Osman Bəy tərəfindən Qazi Bürhanəddin öldürülmüşdür. Bürhanəddindən sonra hakimiyyətə gələn oğlu Ələddin Əli Teymur təhlükəsi səbəbi ilə paytaxt Sivası Osmanlılara təslim etdi və Sivas valiliyinə Mehmet Çələbinin vali təyin olunması ilə Qazıbürhanəddinoğulları bəyliyi süqut etmişdir.

Qazi Bürhanəddin Azərbaycan tarixi və ədəbiyyatı ilə yanaşı Osmanlı tarixində də silinməz iz qoymuşdur. Belə ki,1392-ci ildə Qazi Bürhanəddin, Osmanlı İmperiyası ordusunu Çorum yaxınlığında Qırxdilim adlı yerdə yendi və bu savaşda İldırım Bəyazidin varisi – oğlu Ərtoğrul öldürüldü.

Yaradıcılığı

Qazi Bürhanəddin, macərə ilə dolu bir həyat yaşamışdır. Məlumatlı, adil, zəki və sözünü əsirgəməyən bir dövlət xadimi olduğu rəvayət edilmişdir. Bu xüssiyyətlərindən əlavə, içdən və yanıq bir eşq şairidir. Lirik şeirlərində cəsarət gözə çarpır və bu istiqamətiylədə klassik şeirdən fərqlənir. Eşq şeirlərindən əlavə din və təsəvvüf ilə bağlı şeirləri də vardır. Bir Türkcə divanı ilə, iki Ərəbcə yazılmış əsəri mövcuddur.

Dövlət idarəçiliyi Bürhanəddinə elm və sənətlə məşğul olması üçün maneçilik törətmir. Yüksək savada malik şair-hökmdarın fəlsəfi konsepsiyası onun "Tərci üt-tövzih" ("İzahların təkrarı") və "İksir-üs səadət fi əsrar-ül ibadət" ("Səadət iksiri ibadət əsrarında") adı ilə ərəbcə yazdığı risalələrdə əks olunmuşdur. Bürhanəddinin görüşlərinə sufihürufi fəlsəfəsinin böyük təsiri olduğu aydın görsənir. O öz şerlərini üç dildə – Azərbaycan türkcəsində, fars və ərəb dillərində yazıb. Azərbaycan türkcəsində "Divan"ı bircə nüsxədə saxlanmışdır. Bu nüsxə hələ müəllifin sağlığında xəttat Xəlil ibn Əhməd tərəfindən yazılıb və hal-hazırda Britaniya Muzeyindədir. Onu Londona ingilis səfirliyinin işçisi Tomas 1890-cı ildə İstanbuldan gətirmişdir. "Divan" Azərbaycan alimi, professor Əlyar Səfərli tərəfindən 1988-ci ildə Bakıda nəşrə hazırlanmış və kitab şəklində işıq üzü görmüşdür. Ə. Səfərli şairin qısa tərcümeyi-halını da kitaba daxil etmişdir. Bu "Divan" 1319 qəzəl 20 rübai və 108 tuyuqdan ibarətdir.

Akademik A. Krımski yazır: "Bürhanəddinin "Divan"ı qeyri-bərabər həcmli iki hissədən ibarətdir. İlk və böyük bölüm qəzəllərdir. İkinci və nisbətən kiçik hissədə hər şeydən əvvəl iyirmiyə qədər rübaisini qeyd etməliyik. Bunlar türkcə yazılmış ilk "rübaiyyat"dır. Həmin hissədə bunlardan başqa mistik-erotik məzmunlu qısa tuyuqlar da əsas yer tutur."

"Tuyuq"ların təhlili sufizmhürufizmin Bürhanəddin yaradıcılığına təsirindən xəbər verir. Şairin sevgi lirikası isə öz növbəsində bir çox türkdilli şairlərə örnək olmuşdur. Bunlar folklora yaxınlığı və fars-ərəb mənşəli sözlərin nisbətən az işlədilməsi, həmçinin gözəl bənzətmə və istiarələrlə seçilir.

 Əcaba, dərdümün dəvası qanı?

Əcaba, rəncümün şəfası qanı!

Ayağı tozuna yüz ururam

Ki, göz ağrısı tutiyası qanı!

Zülfi hil binübən irişdi cana

Ənbərin xattinün yayası qanı!

Kimiya ilə qıldı zər yüzümi

Yarı bulmağa simiyası qanı!

Sidqümi bildi hüsni eşqində,

Bəs bizə vəslinün səfası qanı?

Bürhanəddinin bir sıra şerlərində mərdlik və hünər tərənnüm olunur:

 Həmişə aşiq könlü biryan bolur,

Hər nəfəs qərib gözü biryan bolur,

Sufilərin diləgi mehrab, nəmaz,

Ər kişinun arzusı meydan bolur.

Ər yigit qayda ürkər ürkülərdən

Yaxşı at bəlinləməz ilkülərdən.

Düşmənlər bizdə bolsa ditrəşsünlər

Qağan aslan qaynınmaz dilkülərən.

Qazi Bürhanəddinin yaradıcılığı Azərbaycan ədəbiyyatının mühüm mərhələlərindən birini əhatə edir. Belə ki, Qazi Bürhanəddin Azərbaycan türkcəsi ilə yazdığı divanı bizə çatan ilk şairdir. Bundan başqa Qazi Bürhanəddin Azərbaycan ədəbiyyatında, eləcə də ümumtürk ədəbiyyatında qəzəl şeir janrında yazan ilk şairdir.

Bürhanədiin ana dilində – Azərbaycan türkcəsində yazmış böyük Azərbaycan şairlərindən biridir. Onun poeziyası özündən sonra gələn və hər biri Azərbaycan ədəbiyyatının parlaq ulduzları olan Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Kişvəri, Həbibi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif və bu kimi bir çox şairlərin yaradıcılıqına ciddi təsir göstərmişdir. Elə buna görə də onun lirikası bir çox türkdilli ölkələrdə populyardır. Elə buna görə Bürhanəddinin adı orta əsr təzkirəçi və tarixçiləri tərəfindən tez-tez xatırlanmışdır.

Həmçinin bax

Mənbə

  • Bürhanəddin Qazi. Divan. Tərtib edən: Əlyar Səfərli; Redaktor: Samət Əlizadə. Bakı: "Öndər nəşriyyat", 2005, 728 səhifə. ISBN 9952416732

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.