Qazax Müəllimlər Seminariyası
Qazax Müəllimlər Seminariyası — 1918-ci ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köçürülməsində maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur.
Qazax Müəllimlər Seminariyası | |
---|---|
Əsası qoyulub | 1918 |
Şəhər | Qazax |
Ölkə |
Qazax Seminariyasının yetirmələri — Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev, Möhsün Poladov, Yusif Yusifov, Əhməd Seyidov, Abbas Vəfadağlı, Barat Qaravəliyev və s.
Tarixi
Qori Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk Qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H. Şıxlınski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firudin bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərlə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. Lakin 1920-ci ildə Firudin bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir.
Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. Görülən təcili tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəlində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşa və Qazaxda 23 dövlət orta təhsil müəssisəsi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi fəaliyyət göstərirdi.
Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firudin bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
2021-ci ilin oktyabrında Seminariya binasında başlanan bərpa işlərindən sonra binada 2022-ci ilin oktyabrından ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə başlayıb. Burada üç magistr proqramı həyata keçirilir.