Qaynama

Qaynama — mayenin bütün həcmində buxar əmələgəlmə hadisəsi. Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici təzyiqdən asılıdır. Məsələn, su 1 atmosfer təzyiqində 100°C-də qaynadığı halda 15,5 amosfer təzyiqdə 200°C-də qaynayır. Xarici təzyiq sabit olduqda qaynama zamanı mayenin temperaturu dəyişmir və ona verilən istilik miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. Həmin təzyiq artdıqca qaynama temperaturu da artır (əksi də doğrudur) və onun ən böyük qiyməti böhran temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan yuxarı temperaturlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir. Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni tərpətdikdə və ya ona başqa qatışıqlar əlavə etdikdə qaynama dərhal başlayır.

Suyun qaynaması

Mənbə

  • Гајнама // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 8.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.