Qasım Kərimov

Kərimov Qasım Məmməd oğlu (10 may 1930, Gəncə, Gəncə dairəsi18 may 2016, Moskva) — Tarix elmləri doktoru, professor. Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru.

Qasım Kərimov
Qasım Məmməd oğlu Kərimov
Doğum tarixi 10 may 1930(1930-05-10)
Doğum yeri
Vəfat tarixi 18 may 2016(2016-05-18) (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elmi dərəcəsi Tarix elmləri doktoru
Elmi adı Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru.
Təhsili

Həyatı

Kərimov Qasım Məmməd oğlu 1930-cu il mayın 10-da Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. Orta məktəbi bitirib, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Hələ yeniyetmə vaxtında Şərq ölkələrinin tarixinə və mədəniyyətinə böyük maraq göstərib. Atası oğlunun təkidli xahişlərini nəzərə alıb ona ərəb dilinin əsaslarını öyrədib. Bunun nəticəsində gənc tələbə universitetin iki fakültəsini seçib: günün birinci yarısında filologiya (ərəb, fars və ingilis dillərini öyrənib), axşamlar isə şərqşünaslıq fakültəsinin məşğələlərinə gedib. Xarici dillərə, hər şeydən əvvəl ərəb və fars dillərinə maraq az qala Q.Kərimovun peşə taleyində xəyalına gətirmədiyi dönüş nöqtəsi olacaqdı: hələ üçüncü kursda oxuyarkən onu Moskvada Xarici Dillər Hərbi İnstitutuna keçməyə və Sovet Ordusunun peşəkar zabiti olmağa yönəldirdilər. Universiteti bitirdikdən sonra Q.Kərimov həqiqi hərbi xidmətə çağırılıb, orada gənc leytenant-poliqlot iki il əvəzinə beş il xidmət edib. 1959-cu ildə sovet ordusunun hərbi qulluqçularının sayı 1 milyon 200 min nəfər azaldılmasaydı, onun xidmətdə hələ nə qədər qalacağını demək çətindir. Universiteti bitirməsindən səkkiz il keçsə də, Q.Kərimovun elmlə məşğul olmaq həvəsi zəifləməyib və 1960-cı ildə, otuz yaşında o, Moskvada SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasına daxil olub. Burada böyük sovet alimi E.A.Belyayevin rəhbərliyi ilə elmi tədqiqatlarının əsas sahəsi müəyyən edilib – islamşünaslıq. E.A.Belyayevin məsləhəti ilə İslamda sufizm cərəyanını namizədlik dissertasiyasının predmeti seçib. Bu baxımdan, demək olar ki, dərhal çətinliklər yaranıb: birincisi, bu mövzuda hər hansı sanballı sovet araşdırmalarının yoxluğu və sufizm problematikası üzrə xarici müəlliflərin əsərlərinin əlçatmaz olması; ikincisi, N.S.Xruşşovun ölkəyə rəhbərliyi dövründə Sov.İKP-nin dinə qarşı mübarizəsinin xüsusilə kəskinləşməsi nöqteyi-nəzərindən institut partiya təşkilatı rəhbərliyinin mövzuya şübhə ilə yanaşması.

İlk problemi uğurla adlamaq mümkün olub. Q.Kərimov bir qrup gənc alimlə birgə ərəb dilini təkmilləşdirmək və dissertasiya materialları toplamaq üçün Misirə göndərilib. Q.Kərimovun elmi marağının xüsusiyyətlərini nəzərə alaraq, Misir Ali Təhsil Nazirliyi onu təcrübə üçün dünyanın ən qədim universitetlərindən biri olan “Əl- Əzhər” universitetinə (onuncu əsrdə yaradılıb) göndərib, Q.Kərimov orada iki il mühazirələrdə iştirak edib və tədqiqat aparıb. Sovet elmi-tədqiqat institutunda sufizm mövzusunun münasibliyinə gəldikdə isə, N.S.Xruşşovun istefası ilə “ateist ekstremizm” geri çəkilməyə və dini mövzulara “allergiya” azalmağa başlayıb. 1964-cü ildə Q.Kərimov “Ortodoksal İslamda sufizm və əl-Qəzalinin ona münasibəti” (əl-Qəzali - fars müsəlman ilahiyyatçısı, hüquqşünas, filosof, sufizmin X-XI əsrlərdə yaşamış ən nüfuzlu yaradıcılarından biri olan mistik) mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Sovet dinşünaslığında İslamdakı bu istiqamətə həsr edilən, orta əsr İslam teoloji-fəlsəfi fikrinə dair unikal sənədlər və XIX-XX əsrlərin nüfuzlu müsəlman din alimlərinin əsərləri əsasında yerinə yetirilən ilk tədqiqat işi ərsəyə gəlib. Doğrudur, bu əsər yalnız beş il sonra və cəmi 850 nüsxə tirajla, həm də Moskvada yox, Bakıda nəşr edilib (kitab açıq satışa çıxarılmayıb, əsasən kitabxanalara paylaşdırılıb). Aspiranturanı bitirdikdən sonra Bakıya qayıdan Q.Kərimov 1967-ci ilin sonuna qədər Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda işləyib. SSRİ-nin ərəb-müsəlman dünyası ölkələri ilə dövlətlərarası əlaqələri və iqtisadi əməkdaşlığın genişlənməsi və bunun nəticəsi olaraq ölkə daxilində müsəlman dini icmaların müəyyən aktivləşdirilməsi İslam, onun müxtəlif istiqamətləri və hüquq məktəblərinin bir daha dərindən öyrənilməsinə diqqətin artırılmasını tələb edirdi. Bununla bağlı ölkənin partiya rəhbərliyinin təşəbbüsü ilə müəyyən kadr qərarları qəbul edilib, onlar Q.Kərimovdan da yan keçməyib: 1967-ci ildə o, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının Elmi Ateizm İnstitutunda işləmək üçün Moskvaya dəvət olunub. “Əl-Qəzali və sufizm” kitabından (1969) başqa, Q.Kərimov fundamental “Şəriət və onun sosial mahiyyəti” (1978) əsərini, “Yaxın Şərq xalqlarının ictimai-siyasi həyatına İslamın təsiri” (1982), “İslamın dövlət və siyasət haqqında təlimi” (1986) monoqrafiyalarını, eləcə də yüzdən çox elmi məqalə dərc edib. Q.Kərimovun “Şəriət və onun sosial mahiyyəti” kitabı Sovet dinşünaslığında ticarəti, maliyyə, vergi sistemi, ailə-nikah münasibətlərini, ayin və bayram çərçivəsində, gündəlik məişətdə möminlərin davranışını tənzimləyən İslam hüququnun əsas müddəalarına dair ilk tədqiqat olub. Ərəb, fars, türk və digər mənbələrdən əxz edilən zəngin faktiki materialda şəriət normalarının sosial-tarixi inkişafı ilə şərtlənən təkamülü, Yaxın və Orta Şərq ölkələrinin ictimai-siyasi həyatında şəriətin rolu müqayisəli təhlil edilib. 10 min tirajla nəşr edilən bu kitab geniş əks-səda doğurub. “Elm” nəşriyyatına, Elmi Ateizm İnstitutuna, Sov.İKP MK-ya partiya işçiləri, təbliğatçılar və din xadimlərindən yüzlərlə məktub gəlib. Məktubların çoxunda İslamın ən mühüm ehkam sənədləri haqqında səhih təsəvvür əldə etmək imkanı qazanıldığına görə müəllifə minnətdarlıq bildirilib. Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının elmi əsərlər müsabiqəsində “Şəriət və onun sosial mahiyyəti” ilin ən yaxşı kitabı seçilib. 1980-ci ildə Q.Kərimov doktorluq dissertasiyası müdafiə edib. Akademiyanın Dissertasiya Şurasında İslam üzrə mütəxəssislərin olmaması ilə bağlı müdafiə, 16 il əvvəl namizədlik dissertasiyası ilə olduğu kimi, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda keçirilib. 70-80-ci illərdə ölkədə Q.Kərimovun elmi nüfuzu son dərəcə yüksəlir: o, universitetlərə mühazirə oxumağa, müttəfiq respublikaların akademik institutlarının keçirdiyi tədbirlərə, “Bilik” Cəmiyyətinin təşkil etdiyi elmi-praktiki konfranslara dəvət olunur, partiya işçiləri məsləhətləşmə üçün ona müraciət edir. O, xaricdə akademik və dini dairələrdə tanınıb, Böyük Britaniya, Fransa, ABŞ, Hindistan, Pakistan, İran və digər ölkələrdə tədqiqat mərkəzlərinin təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak edir. SSRİ-də İslam üzrə ekspert kimi çıxış edib və daimi əsasda UNESCO, Hollandiyadakı Sovet İttifaqı və Orta Asiya (Mərkəzi Asiya nəzərdə tutulur) xalqlarının din və mədəniyyətinin Tədqiqi Mərkəzi, Osmanlı imperiyasının öyrənilməsi və Tunisdə Əndəlisdən gəlmə müsəlmanların tarixinin tədqiqi mərkəzi ilə əməkdaşlıq edib. Q.Kərimov 1994-cü ildə İctimai Elmlər Akademiyasının varisi olan Rusiya Federasiyası Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının yaradıcılarından biri olub. Onun tarix, ilahiyyat və İslam fəlsəfəsi sahəsində dərin biliyi, mühazirəçi məharəti, elmi müzakirələr aparmaq bacarığına bu gün də tələb var. Q.Kərimov Rusiya Dövlət Qulluğu Akademiyasının dövlət-din münasibətləri kafedrasının və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dini fəlsəfə və dinşünaslıq kafedrasının aspirant və tələbələrinə dərs deyir, mühazirələr oxuyur və Moskvada sayı qırxdan çox olan müsəlman xalqlarının milli mədəni muxtariyyətlərinin təşkil etdiyi tədbirlərdə dini-maarifçi söhbətlər aparır. Uzun illər Q.Kərimov Otradnoyedə Ənənəvi Dinlər Mərkəzindəki “Yadran” məscidi yanında İslam Mədəniyyəti Universitetinə rəhbərlik edib. Q.Kərimov elmi-tədqiqat işləri ilə intensiv məşğul olur. O, şəriət haqqında monoqrafiyanın (ilk nəşri 1978-ci ildə işıq üzü görüb) fəsillərini xeyli genişləndirib və yenidən işləyib, ideoloji səbəblərə görə sovet dövründə qəbul olunmayan bölmələrlə tamamlayıb. Yenilənmiş şəkildə və konkret adı ilə “Şəriət: müsəlmanların həyat qanunu. Şəriətin müasir dövrün suallarına cavabları” kitabı 2007-2010-cu illərdə dörd dəfə nəşr olunub. XX əsrin sonu - XXI əsrin əvvəllərində professor Q.Kərimov, həmçinin İslamın müasir ictimai-siyasi proseslərdə rolu, İslam mədəniyyətinin Avrasiya sivilizasiyasında yeri, müsəlman ilahiyyatında ekoloji aspektlər və s. mövzularda tədqiqatla məşğul olub.[1]

Xarici keçidlər

Керимов, Гасым Мамедович - Исламская Энциклопедия

İstinadlar

  1. Kərimov, Qasım. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.