Qaratel Hacımahmudova

Qaratel Hacımahmudova (tam adı: Qaratel Şəmi qızı Hacımahmudova; d. 1948, Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan SSR, SSRİö. 14 iyun 1992, Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi.

Qaratel Hacımahmudova
Doğum tarixi
Doğum yeri Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur.
Atası Şəmi Hacımahmudov
Anası Teyyubə Hacımahmudova
Mükafatları "Azərbaycan Bayrağı" ordeni

Həyatı

Erkən illəri

Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdı.[1] 1962-ci ildə Aşağı Əskipara kəndin orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub.[1] 1970–1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.[1] 1976–1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub.[1]

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşırlar.[2] Qaratel Hacımahmudova ondan fikrini soruşur.[2] Hümbət Qarabağa gedəcəyini deyir.[2] Hacımahmudova qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür.[2] Hümbət Qarabağ döyüşlərinə yollanır.[2] O isə öz kəndlərinə gəlir və kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur.[1][2]

O, döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu.[2] Yemək çatmayanda, gedib bağlardan göy-göyərti yığıb bişirərdi ki, döyüşçülər ac qalmasın.[2] Qaratel Hacımahmudova həm də Azərbaycan döyüşçüləri ilə birgə səngərdə bərabər döyüşürdü.[2] 1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçdilər.[2] O, hərəyə bir avtomat və 2 ədəd qumbaraatan verilən, 28 nəfərlik dəstədə idi.[2] Bütün çətinlikliyə baxmayaraq, dəstə ermənilərin hücumu dəf edə bilmişdi.[2]

Ölümü

1992-ci il iyunun 14-də səhər tezdən ermənilər rus hərbi bölmələrinin köməyi ilə növbəti güclü hücuma keçdilər.[2] O, komandir Yaşar Qasımovun taqımımda döyüşürdü.[2] Fələməz deyilən mövqedə hər tərəfdən top və tank atəşinə tutulmuşdu.[2] Qaratel Hacımahmudova komandirin çətin tapşırığı yerinə yetirmişdi.[2] O, başqa səngərdən qumbaraatan mərmisini gətirmişdi.[2] Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri-bərabər olduğundan, hər an vəziyyət pisləşə bilərdi.[2] Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta kənddən çıxmasını əmr etmişdi.[2] Lakin o geri çəkilmir, arabir mövqeyini dəyişirdi.[2] O, döyüşçü Mərdan Əsgərovla döyüşürdü.[2] Bu son döyüşün şahidi kənd ağsaqqalı Vəli kişi də onların yanında olur.[2] Ermənilər onu əsir götürürlər.[2]

Ermənilər Qaratel Hacımahmudovanın başına pul qoymuşdu.[2] O həmişə özündə zəhər gəzdirirdi, köynəyinin yaxalığına tikmişdi.[2] Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurmuşdu.[1] Komandir Yaşar Qasımovun sözlərinə görə, o uzaqdan Hacımahmudovanın bərkdən qışqırtısını eşitmişdi.[2] Onu sonra saçından tutub sürüyə-sürüyə komandirin yanıma gətirdilər.[2] Cəsədi qan içindəydi.[2] Ermənilər onunla bərabər həlak olmuş Alıyev Alı, Əsgərov Mərdan, Əmiraslanov Şəmistanın meyitlərini də götürüb aparırlar.[2] Həmin ilin iyunun 26-da, onun cəsədi, Mərdan Əsgərovun, Şəmistan Əmiraslanovun, Surxay MəmmədovunAlı Alıyevin cəsədləri ilə birgə və əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilmişdir.[3]

Şəxsi həyatı

Subay idi.[2] O, rəhmətə getmiş qardaşı Məhəmmədin üç uşağını böyütmüşdü.[2]

İrsi

Ədəbiyyatda

Şair Məmməd İlqar Qaratel Hacımahmudovaya poema həsr etmişdir:

Bahar - ömründə qışdı,
İllər - yaşında xışdı.
Telin ağarmamışdı,
Qaratel bacım mənim.

Məmməd İlqar[4]

Filmoqrafiya

  1. Dağların telli havası (film, 2003)
  2. Qaratel (film, 2009) — (tammetrajlı sənədli televiziya filmi)[2]

Təltif və mükafatları

O, 1994-cü ildə Azərbaycan Respublikası prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.[1]

İstinadlar

  1. "Qaratel Hacımahmudova ilə bağlı "Qaratel" filmi təqdim olunub". www.gun.az. www.gun.az. Archived from the original on 2016-06-16. İstifadə tarixi: 28 iyun 2016.
  2. "Savaş alınlarına yazılmışdı". anl.az. anl.az. 22 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2016.
  3. "Qaratelin qeyrəti". www.anl.az. www.anl.az. 22 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2016.
  4. ""BİR DAMLA GÖZ YAŞI"". www.anl.az. www.anl.az. 22 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.