Qarasu adası palçıq vulkanı
Qara su adası palçıq vulkanı — Bakıdan 70 km cənub-şərqdə, Hamamdağ-Daşlı adası antiklinal zonasında yerləşir. Bu, Bakı arxipelaqının ən böyük və aktiv ada vulkanlarından biridir. Qaz, su, neft pərdəcikli lilli su verən çoxlu sayda qrifon və salzalar vardır. Bu vulkanda ilk dəfə, XIX əsrin ikinci yarısında, 1876-cı ilin fevral və mart aylarında 2 püskürmə baş vermiş və püskürmə qazların yanması və hündür alov sütunu ilə müşahidə olunmuşdur. 1923-cü il püskürməsində 60–70 min m³ brekçiya yer səthinə çıxarılmışdır. Ən intensiv və uzunmüddətli (2 sutka) püskürmə 1977-ci ilin aprelində baş vermişdir. Nəhayət, sonuncu, alovsuz və brekçiyasız püskürmə 1993-cü ildə qeydə alınmışdır. Bu zaman adanın mərkəz və şərq hissəsində köhnə brekçiya örtüyündə parçalanma zonası (200 x 25–50 m) və bəzi yerlərdə uzunluğu 700 m-ə çatan və 1 m dərinliyində çoxlu çatlar əmələ gəlmişdir. Aşağıda 1977-ci il püskürməsinin qısa təsviri verilir (Ə.Ə.Yaqubov, Ad.A.Əliyev, 1978). Bu vulkan yarım əsrdən çox "qəflət yuxusu" vəziyyətdə olmuş və oyanaraq səmaya hündürlüyü 500 m olan alov sütunu tullamışdır. Bu alovun şəfəqlərini bakılıların çoxu da görmüşdü. Şahidlərin dediyinə görə püskürmə axşam, çox güclü yeraltı uğultu ilə başladı. Ada üzərində qara tüstü və göbələkşəkilli su buxarı buludu qalxdı. Adadan 800 m aralıda olan bir çox buruqlardakı neftçilər alovun güclü istisini hiss etdilər. Gil süxurlarının və vulkan tozunun kiçik hissəcikləri hətta vulkandan 15 km aralıda olan Xərə Zirə adasına çatmışdı. "Bakı" seysmik stansiyası torpağın lokal titrəməsini qeydə almışdı. Gücünə, püskürmə müddətinə və brekçiya həcminə görə bu püskürmə Bakı arxipelaqı adalarının ən əhəmiyyətlisindən biri idi. Adanın şimal-qərb hissəsində krater ətrafında bir sıra dərin konsentrik və radial çatlar əmələ gəldi ki, bu da adanın səthini keçilməz edirdi. Təzə brekçiyanın üst qatında çoxlu sayda diametri və dərinliyi 1 m-dən çox olan çökəkliklər əmələ gəlmişdi. Bunlar vulkanın təkindən atılan böyük süxur parçalarının düşməsi nəticəsində yaranmışdılar. Brekçiyanın həcmi 1.5 mln m³-dən çox idi və adanın 3/4-nü örtmüşdü. Bərk tullantılar arasında neft hopmuş qumlu süxurlar da tapılmışdı. Bir neçə gün ərzində vulkanın kraterindən yanmış brekçiyanın lokal sahələri görünürdü. Burada karbohidrogen qazların yanması nəticəsində çıxan isti hələ də hiss olunmaqda davam edirdi.
Qarasu adası palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
İlk püskürmə | 1876 |
Son püskürmə | 1977 |
Yerləşməsi | |
39°50′10″ şm. e. 49°31′55″ ş. u. | |
Ölkə | Azərbaycan |
Ada | Qara su |
|
Mənbə
- Qarasu adası palçıq vulkanı Arxivləşdirilib 2010-08-29 at the Wayback Machine