Qarapapaqlar
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycanlılara bağlı bir tayfa.[3][4][5][6][7][8][9] Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir.[10]
Tərəkəmə əsgərləri | |||||||||||||||
Özünüadlandırma | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Qarapapaq | |||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||
| |||||||||||||||
Dili | |||||||||||||||
İrqi | |||||||||||||||
Avropoid | |||||||||||||||
Dini | |||||||||||||||
Daxildir | |||||||||||||||
Azərbaycan türkləri | |||||||||||||||
Mənşəyi | |||||||||||||||
Oğuz və Qıpçaq (Türk) | |||||||||||||||
Qohum xalqlar | |||||||||||||||
Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı[lower-alpha 1] ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir.[11] Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir.
Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər. 1988-ci ildən başlayan Ermənistandan azərbaycanlıların ikinci deportasiya prosesi zamanı Qarapapaqlar oranı tərk edərək Azərbaycan Respublikası ərazisinə yerləşmişdir.
Ad
Oğuz türkcəsində olan Qara və papaq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ad qara astraqan papaq geydikləri üçün Qafqazdakı qonşu xalqlar tərəfindın verilmişdir.[12] Onlara bəzən Tərəkəmə deyə də xitab edilməkdədir. Bu söz ərəbcədən (Terâkime (تراکمه) meydana çıxmış və Türkmən sözünün cəmi anlamındadır. Bu sözdən köçəri olan bir çox Türk tayfası üçün işlədilməkdədir.[13]
Kökənlərinə dair fikirlər
Bu toplum bəzən Orta Asiyadakı Qaraqalpaqlarla qarışdırılır. Fərqli görüşlərin də olmasına rəğmən,[14] ümumi olaraq Qarapapaqların Oğuz xarakterli, Qaraqalpaqların isə Qıpçaq xarakterli olması bildirilir.[15]
Çox zaman Tərəkəmə olaraq da bilinən Qarapapaqlar Brockhaus və Efron Ensiklopedik Lüğətinə görə ayrı bir etnik toplum olaraq qruplandırılsalar da,[16] tez-tez Azərbaycan türklərinin alt bir qrupu olaraq irəli sürülməkddirlər. Fəxrəddin Kırzıoğlu və Zəki Vəlidi Toğan kimi bəzi tarixçilər Qarapapaqların Qumuqlarla eyni kökdən gəldiklərini iddia etmişdirlər.[17][18]
Tarixləri
Qarapapaqlar saf Türkmən tayfalarından biridirlər.[19] Qafqaza yerləşdikdən sonra onların bir hissəsi oturaq həyata keçib kəndli oldu.[20]
Səfəvi imperiyası dövrü
Şah I İsmayıl 1520–1522-ci illərdə qızılbaşlığı yaymaq üçün Şərqi Gürcüstana yürüş etmişdir. Onun bu yürüşündə Qarapapaqlar da iştirak etmişdir. I Təhmasibin hakimiyyətinin erkən illərində qızılbaşların Gürcüstandakı hakimiyyəti zəifləmiş və Qarapapaqlar 1549-cu ildə Osmanlı hökmdarı I Süleymana tabe olmuşdurlar. 1555-ci ildə imzalanmış Amasya sülh müqaviləsi ilə Qarapapaqlar yenidən Səfəvi hakimiyyətinə tabe olmuşdurlar. Bu dövrdə Şiə Qarapapaqlar məzhəblərini bildirmək üçün başlarına qızılbaş papağı qoyurdular, sünnilər isə qara papaqdan istifadə etməkdə idilər. Bu dövrdə bəzi sünni Qarapapaqlar köçə məcbur edilmişdirlər. I Abbas dövründə sünni Qarapapaqlara saqqal vergisi tədbiq edilmişdir.[21]
Qacarlar dövrü
Qacar hakimiyyəti zamanı Qarapapaqlar kompakt şəkildə müasir Şimali Azərbaycanın Qazax-Şəmşəddil sultanlığında, Borçalı çayı sahillərində, İrəvan-Gəncə ətraflarında, Göyçə gölü sahillərində yaşamaqda idilər.[22]
Birinci Rus-Qacar müharibəsində Qacarların tərəfində ruslara qarşı savaşmışdırlar.[23] İkinci müharibədə də rusların qələbə qazanmasından sonra Qarapapaqların bir çox hissəsi Osmanlı və Qacar imperiyalarına köç etmişdirlər. Köç etdikləri imperiyalarda onlar əsasən kütləvi şəkildə məskunlaşmışdılar. Osmanlı imperiyasında Qarsda yerləşən Qarapapaqlar oranın əhalisinin 15 faizini təşkil edirdilər. Qacar imperiyasında isə Sulduz bölgəsində, yəni Urmiya gölünün cənubunda yerləşdirilmişdilər.[11] Qacarların vəliəhd-şahzadəsi Abbas Mirzə 800 Qarapapaq ailəsinə Sulduzda torpaq vermiş, bunun qarşılığında onlar da onun xidmətinə getmək üçün 400 süvari ayırmışdırlar.[24] Qarapapaqların oraya getməsinə qədər orada təxminən 4–5 min ailə yaşamaqda idi və torpaqların çoxu yerli türklərin Müqəddəm tayfasına aid idi.[24] Lakin tədricən torpaqlar yeni gələnlərin əlinə keçməyə başladı.[24] XIX əsr boyunca Qarapapaqlar Cənubi Azərbaycandan təşkil edilən qeyri-nizami Qacar ordusunun 22 dəstəsindən birini təşkil edirdilər.[25] Sulduz bölgəsindəki Qarapapaqlar Ağçarəvanə, Əli Dərvişli, Çaqqal Mustafa, Çələbi, Dəlicə Əxi, Həmidşah, Qızanlu-i Şiran, Mamaşalu, Oxçı, Sultanlı, Toyuqlu, Teymur kimi qollar halında yaşamışdırlar.[22]
Türkmənçay müqaviləsindən sonra Qarapapaqların bir qolu Cənubi Azərbaycana köç edərkən, digər bir qol da Qars, Çıldır, Sarıqamış, Arpaçay, Ağbaba, Çaldıran, Sökmənova, Qarakösə və Daşlıçay (hamısı müasir Türkiyədə yerləşir) köç etmişdirlər.[26]
Qarsın ruslar tərəfindən ələ keçirilməsindən sonra onlar burada siyahıyaalınma həyata keçirdilər.[11] Qars oblastındakı siyahıyaalınma nəticəsində bəlli oldu ki, bölgədə 21.652 nəfər Qarapapaq (rusca:Карапапахи) yaşamaqdadır. Onlardan 11.721 nəfəri sünni, 9.931 nəfəri isə şiə idi.[11] Rus hakim dairələri Dağıstan oblastında yaşayan və bu gün azərbaycanlı hesab edilən Tərəkəmə tayfası ilə Qarapapaqları eyni etnik qrup qəbul edirdi.[27] 1886–11892-ci illərdə aprılmış siyahıyaalınma zamanı bəlli olmuşdur ki, Dağıstan oblastında 8.893 tərəkəmə yaşamaqdadır.[28] Rəsmi dairələr onları Qarsdakı Qarapapaqlar ilə eyni qrup hesab etmiş, ikisinin ümumi cəmini imperiyadakı Qarapapaq sayı kimi təqdim etmişdir. 1897-ci il hesablamalarına görə, ümumi imperiyada 29.879 Qarapapaq yaşamaqda idi.[11] 1910-cu ildə nəşr edilmiş Qafqaz Kalendarına görə, ümumi Qarapapaq sayı 39.000 nəfər göstərilmişdir, onlardan bir hissəsi Qarsın 99 kəndində yerləşmişdi.[11] Bu kəndlərdən 63 Qars qəzasında, 29-u Ərdəhanda və 7-i Kağızmanda idi.[11]
Osmanlı imperiyasının 1908-ci ildən 1912-ci ilə qədər davam edən Sulduz işğalı zamanı Qarapapaqlar əziyyət gördülər. Onlar Osmanlı hakim dairələri tərəfindən Qacarların agentləri olaraq görülürdülər.[24] XX əsrin əvvəllərində Qarapaqlar bu bölgənin 11 kəndində kürdlər ilə birlikdə yaşamaqda idilər.[24]
1926-cı il Sovet siyahıyaalmasına görə, Qarapapaqların sayı dramatik şəkildə azalaraq 6.315 nəfərə enmişdir. Bu Qars bölgəsinin Türkiyə Respublikasına daxil olmasına görə idi.[11] 1920-ci illərin ortalarına aid rəqəmlər göstərir ki, ümumi Qarapapaqların 70 faizi İranda, 30 faizi isə Sovet İttifaqında yaşamaqda idilər. Türkiyədə Qarapapaqlar sadəcə Türk hesab edildikləri üçün onların ayrıca hesablaması aparılmamışdır.[11] Sovet İttifaqında yaşayan müsəlman xalqlarından bəhs edən və 1983-cü ildə Şirin Akıner tərəfindən yazılmış kitabdan aydın olur ki, Qarapapaqların böyük hissəsi Sovet İttifaqından kənarda yaşamaqda idi.[29] Bu kitab 1926-cı il Sovet siyahıyaalması əsasında yazılmış və təxminən eyni dövrü araşdırmaqdadır. Sovet İttifaqında yaşayanların çoxu isə Azərbaycan SSR-ın cənub hissəsində, Araz çayı boyunca ərazilərdə yaşamaqda idilər.[29] Akıner əlavə edir ki, 1926-cı ildə artıq demək olar ki, heç bir Qarapapaq öz dillərində danışa bilməməkdə idi.[29] Həmin dövrdə Sovet Qarapapaqlarının çox hissəsi sünni idi, lakin azlıq olaraq şiələr də var idi. Ümumən Qarapapaqlar 1926-cı ildə ayrı etnik qrup kimi siyahıyaalınmışdırlar.[29] Sovet İttifaqı zamanı Qarapapaqlar mədəni və linqivistik anlamda azərbaycanlılaşmışdır. Beləliklə, 1959 və 1970-ci illərdə onlar siyahıya azərbaycanlı olaraq alındılar.[11]
1944-cü ildə Sovet İttifaqında yaşayan Qarapapaqlar kütləvi şəkildə Mərkəzi Asiyaya sürgün edildilər. Onlar Axısqa türkləri, kürdlər və digərləri ilə birlikdə köçürülmüşdülər.[30][31]
Olson və digərləri tərəfindən hazırlanmış və Rusiya-Sovet dövlətlərindəki etnoqrafik göstəriciləri araşdıran yazıda Qarapapaqlardan da bəhs etmişdir. Kitabda Qarapapaqlarkiçik Türkmən etnik qrupu və Daşkənd ətrafında yaşayan toplum olaraq təsvir edilir. Onların əsas yaşayış yeri kimi Özbəkistan SSR-ın paytaxtının ətrafı göstərilir.[32] Müəlliflər bildirir ki, Qarapapaqlar əsasən Əliallahilik məzhəbinə etiqad etməkdə idilər.[32] Onlar həmçinin izah edirlər ki, Qarapapaqların dini ayinlərinə görə "ənənəvi olaraq Qarapapaq dinində gizlilik və fanatizm elementi olub".[32] Benniqsen eynilə bildirirdi ki, "qarapapaqların müəyyən bir hissəsi Əli İlahidir ki, bu da onların azərbaycanlılar tərəfindən assimilyasiyasına bir qədər mane olur".[19]
Olson və digərləri bildirir ki, həmin zaman Sovet İttifaqında 10 mindən çox Qarapapaq yaşamışdır. Onların əksəriyyəti Mərkəzi Asiyada yaşamaqda idi və 1980-ci illərdə onlardan çox az bir insan Gürcüstanın cənubuna və Ermənistanın şimalına geri dönə bilmişdir.[33] Bəziləri bildirir ki, 30 və 60 min Qarapapaq müvafiq olaraq İran və Türkiyədə yaşamaqdadır.[33] Bu rəqəmlər 1994-cü ilə aiddir. Qarapapaqlar hələ də Ərdəhan, İğdır və Qars ətraflarında yaşamağa davam etməkdədirlər.[34]
Dil
Əhməd Cəfəroğlu Qarapapaqların danışdığı dilin "öz türkcə" olduğunu yazmaqdadır.[35] İslam Ensiklopediyasındakı Qarapapaqlar maddəsində onların danışdığı dilin Azərbaycan türkcəsinin bir qolu olduğu yazılmaqdadır.[36] S. Dündar da onların Azərbaycan türkcəsində danışdıqlarını yazmaqdadır.[37] Həmçinin XIX əsr Osmanlı qaynaqlarında da onların Azərbaycan türkcəsində danışdıqları qeyd edilmişdir.[38]
Qarapapaqlar əksərən Oğuz dilləri qrupuna daxil olan və Azərbaycan ilə Türkiyə türkcələrinə bənzər dildə danışmışdırlar.[11][lower-alpha 2] Gürcüstanda istifadə edildiyi zaman bu dil tez-tez Azərbaycan türkcəsi ilə səhv salınmaqda idi.[11] Eyni tendensiyalar nəticəsində həm Azərbaycandakı, həm də Türkiyədəki Qarapapaqlar artıq öz ləhcələrində deyil, Azərbaycan və Türkiyə türkcələrində danışmaqdadırlar.[11][lower-alpha 3] Brent Brendemoen özünün Türk-İran Əlaqə Sahələri: Tarixi və Linqivistik Aspektlər əsərində qeyd edir ki, müasir dövrdə Qarapapaqların (və digərləri) Türkiyənin şərqindən köçü farsca səsli ərəb sözlərinin Sivasdakı Kanqala qədər təcrid olunmuş ərazilərə gətirilməsinə səbəb olub.[39]
Bəziləri onların Azərbaycan türkcəsinin qərb ləhcələrindən birində danışdıqlarını iddia edirlər. Bundan başqa, ana dillərindən başqa, rus, anadolu türk, gürcü dilləri kimi yaşadıqları ölkənin dillərini də danışırlar. Tarixən İslamı qəbul etmiş və bu dinə sitayiş edirlər.
Din
Türkiyədəki Qarapapaqlar əsasən sünni İrandakılar isə şiə[40] məzhəbindədirlər. Azərbaycan və Gürcüstandakılar içərisində hər iki məzhəbdən də vardır.
Azərbaycanda tanınmış Qarapapaqlar
Cəfərov İsgəndər, Lətif Vəliyev, Vüsal Qasımlı,Nuşirəvan Məhərrəmli, Qəşəm Nəcəfzadə, Simarə İmanova, Xanhüseyn Kazımlı və başqaları.
Qarapapaq (Tərəkəmə) milli marşı:
Yemin etdim bir olmağa, tafınmışam mən Allaha.
Qarapapağ türküyəm mən, duysun hamı qoy bir daha.
Soyum Qıpçağ, Oğuz türkü, qardaşımdı Krım xanı,
Tərəkəmə deyənlərə, göstərmişəm adı sanı.
Öz elimdə dustağ qaldım, çox qıydılar iyid cana,
Qardaşlara Salam söylə, yolun düşsə Dağıstana.
Qaraçöpdür yurdum mənim, Borçalıdır doğma vatan,
Türk elinin iyidlərin, tanıyıfdır bütün cahan!
Ənənəvi iqtisadiyyat
Qarapapaqlar əsasən qoyunçuluqla, bəzən kənd təsərrüfatı ilə məşğul olmuşdurlar.[11] Azərbaycanda yayı müvəqqəti olaraq Dağlıq Qarabağ və ətrafı rayonlarda, digər fəsilləri isə əsasən Aran ərazilərdə yaşayırdılar. Qarabağ müharibəsində, Ermənistanın Azərbaycanın 20% ərazisinin işğalı ilə əlaqədar tərəkəmələr yay aylarında dağlıq ərazilərə köç edə bilmədikləri üçün əvvələr köçəri həyat sürən tərəkəmələr getdikcə oturaq həyata keçirlər.
Qeydlər
- Debeda və Borçalı çayı kimi bilinməkdədir.[11]
- İslam Ensiklopediyasında bildirilir ki, Qarapapaq dili həm Türkiyə, həm də Azərbaycan türkcələrinə yaxındır.[11] Corc Burnutyan isə yalnız Azərbaycan türkcəsini qeyd edir və bildirir ki, Qarapapaqların dili bugünkü Azəri türkcəsinə yaxındır.[34]
- Qarapapaqların Türkiyə türkcəsinə tamamilə keçişləri İslam Ensiklopediyasının ikinci cildində də qeyd edilmişdir.[11]
İstinadlar
- The other languages of Europe — 2001. — С. 414.
- "Binesheno". 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
- "Азербайджанцы. Большая Советская Энциклопедия (цитаты)". 2015-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
- "Азербайджанцы : БСЭ / Яндекс. Словари". 2014-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.
- "Значение слова «Карапапахи» в Большой Советской Энциклопедии". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
- "Российский Этнографический музей : Толковый словарь: Карапапахи". 2013-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
- Теорию происхождения карапапахов от огузов обосновали турецкий историк Фахреттин Кырзыоглу и ранее другой известный историк Заки Валиди Тоган
- "Алиев Камиль Кумыкские общины за рубежом: история и современность / Kumukia. Кумысский мир. История, культура, география. Размещено: 2005-09-09. Опубликовано: журнал "Возрождение", Махачкала. 1999, № 5. С. 35—42". 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
- "Межнациональные отношения в Турции : Обзор генерального консульства России в Трабзоне (2002) / Абхазия — страна души. По материалам журнала «Полпред», 2002". 2014-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-30.
- Sakinat Hajiyeva. Дагестанские терекеменцы: XIX - начало XX в. Наука. 1990. səh. 3. ISBN 5-02-016761-4.
- Barthold, Wixman, 1978. səh. 627
- Özkan, 2002
- Türk Dünyası Araştırmaları Vakfı, 1981. səh. 216
- Y. Nasibova. Jizneopisanie tsarya tsarey Davida. Perevod s drevnoqruzinskoqo, primeçaniya i kommentarii. Sm. Srednevekovıy Vostok: istorii i sovremennost. Z. Bunyatov. 1990.
- Kalafat, 2005. səh. 57-58
- "Терекеме". dic.academic.ru. 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.
- "Азербайджанцы". Большая Советская Энциклопедия. 2023-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.
- "Кумыкские общины за рубежом: история и современность". kumukia.ru. 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.
- Bennigsen, Wimbush, 1986. səh. 137
- Bournoutian, 1992. səh. 50
- Alyılmaz, 2002. səh. 290
- Bilgili, 2002. səh. 29
- Bournoutian, 2021. səh. 190, 192
- Minorsky, 1997. səh. 832
- Rabi, Ter-Oganov, 2012. səh. 347
- Ercilasun, 1983. səh. 41
- Tsutsiev, 2014. səh. 193 (note 160)
- Tsutsiev, 2014. səh. 186
- Akiner, 1983. səh. 254
- Olson, Pappas və Pappas, 1994. səh. 346-347
- Wixman, 1984. səh. 95
- Olson, Pappas və Pappas, 1994. səh. 346
- Olson, Pappas və Pappas, 1994. səh. 347
- Bournoutian, 2017. səh. 331 (note 28)
- Caferoğlu, 1988. səh. 69
- İSMAİL TÜRKOĞLU. "KARAPAPAKLAR". İslam Ansiklopedisi. 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2023.
- Dündar, 2020. səh. 411
- Tozlu, 2005. səh. 94
- Brendemoen, 2006. səh. 231 (note 6)
- "Binesheno: Qarapapaq türkləri". 2023-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-29.
Mənbə
- Arthur Tsutsiev. Atlas of the Ethno-Political History of the Caucasus. New Haven: Yale University Press. Translated by Nora Seligman Favorov. 2014. ISBN 978-0-300-15308-8.
- Selahattin Tozlu. Karapapaklar Hakkında Bazı Notlar. Karadeniz Araştırmaları. 2005.
- Selahettin Dündar. Terekemeler Karapapak Türkleri. 2020.
- Ahmet Caferoğlu. Türk Kavimleri. İstanbul: Enderun Kitabevi. 1988.
- Ali Sinan Bilgili. Azerbaycan Türkmenleri Tarihi. Yeni Türkiye Yayınları. 2002. ISBN 975-6782-33-1.
- Semra Alyılmaz. Borçalı (Gürcistan) Karapapaklarının / Terekemelerinin Tarihine Dair. Yeni Türkiye. 2002. ISBN 1300-4174.
- Yaşar Kalafat. İran Türklüğü – Jeokültürel boyut. Yeditepe. 2005. ISBN 975-6480-25-4.
- Shirin Akiner. Islamic Peoples Of The Soviet Union. Kegan Paul International. 1983.
- Barthold, W. & Wixman, R. Ḳarapapak̲h̲. IV. Leiden: The Encyclopaedia of Islam, Second Edition – E. J. Brill. In van Donzel, E.; Lewis, B.; Pellat, Ch. & Bosworth, C. E. (eds.). 1978.
- Bennigsen, Alexandre; Wimbush, S. Enders. Muslims of the Soviet Empire: A Guide. C Hurst & Co Publishers Ltd. 1986.
- George Bournoutian. From the Kur to the Aras: A Military History of Russia’s Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813. Brill. 2021.
- George Bournoutian. The Khanate of Erevan Under Qajar Rule, 1795–1828. Mazda Publishers. 1992.
- George Bournoutian. The Population of the South Caucasus according to the 1897 General Census of the Russian Empire. 2017.
- Brent Brendemoen. Turkic-Iranian Contact Areas: Historical and Linguistic Aspects. Harrassowitz Verlag. Johanson, Lars; Bulut, Christiane (eds.). 2006.
- MV. Minorsky. Suldūz. San–Sze. Leiden: The Encyclopaedia of Islam, Second Edition – Brill. In Bosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P. & Lecomte, G. (eds.). 1997. ISBN 978-90-04-10422-8.
- James Stuart Olson, Lee Brigance Pappas, Nicholas Charles Pappas, Nicholas C. J. Pappas. An Ethnohistorical Dictionary of the Russian and Soviet Empires. Greenwood Press. 1994.
- Uzi Rabi və Nugzar Ter-Oganov. The Military of Qajar Iran: The Features of an Irregular Army from the Eighteenth to the Early Twentieth Century. Iranian Studies.
- Ronald Wixman. Peoples of the USSR: An Ethnographic Handbook. M.E. Sharpe. 1984.
- Nevzat Özkan. Türk Dilinin Yurtları. Akçağ Yayınları. 2002. ISBN 978-975-338-436-0.
- Dr. Ahmet B. Ercilasun. Kars ili ağızları. Ankara: Gazi Universitesi Yayınları. 1983. 386.
- Türk Dünyası Araştırmaları Vakfı. Türk dünyası araştırmaları. 1981.