Qaraağac silsiləsi

Qaraağac silsiləsi (gürc. ჯავახეთის ქედი (cavaxetis kedi), erm. Ջավախքի լեռնաշղթա (Cavaxki lernaşğta), rus. Мокрые горы) — əsasən Gürcüstan qismən isə hazırkı Ermənistan ərazisində yerləşən dağ silsiləsi.

Coğrafi mövqeyi

Qaraxaç silsiləsi şimaldan cənuba təqribən 80 km. (50 km.-i Gürcüstan, 30 km.-i isə Ermənistan ərazisinə daxildir) məsafədə uzanır. Şimaldan Cocer (Trialet) silsiləsi, cənubdan isə Ağlağan dağları (Bazum silsiləsi) ilə hüdudlanır. Qaraxaç silsiləsi Gürcüstanın azərbaycanlılar yaşayan tarixi Borçalı mahalının qərb sərhədlərini təşkil etməklə, onu ermənilər yaşayan Samsxe-Cavaxet bölgəsindən ayırır.

Hündürlüyü

Qaraxaç silsiləsinin ən hündür zirvəsi Ağçala dağıdır (3196 m.). Digər hündür zirvələri Leyli (3154 m.), Yemlikli (3055 m.), Qaranlıq (3039 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.)və s.-dir. Axçalı dağı Samsar dağlarında yerləşən Böyük Samsar dağından (3301 m.) sonra Kiçik Qafqaz dağ sisteminin Gürcüstan ərazisinə düşən hissəsinin ən yüksək zirvəsidir.

İqlimi

Qaraxaç yaylası sərt kontinental iqlimə malikdir. Qışı soyuq, yayı sərin keçir. İllik yağıntının miqdarı 800–1000 mm.-ə çatır. Yağıntının əksər hissəsi yaz və payız aylarında düşür. Qar qatı və dağ buzlaqları bəzi illərdə yayda tam əriməyə macal tapmır.

Qaraxaç silsiləsindən mənbəyini götürən ən mühüm çaylar Anaxatır, Çapal, Qaranlıq dərəAxçalı çayıdır.

Canlılar aləmi

Qaraxaç silsiləsi subalp, alp və subnival dağ qurşaqlarına malikdir. Meşə örtüyü demək olar ki, yoxdur. Birillik bitkilər kifayət qədər geniş yayılmışdır. Vulkan konuslarının əksəriyyəti kəskin və ya az parçalanmış qayalıq-nival qurşağa aiddir. Silsilənin hündür hissələrində alp xalıları (cillər) və dağ bataqlıqları geniş yayılmışdır.

Heyvanat aləmi nisbətən kasıbdır. Əsasən canavar, tülkü, gəmiricilərdən çöl dovşanı, dağ siçanı və köstəbək, quşlardan vəhşi ördək, qağayı, qartal, quzğun, kərkəs, alacəhrə və s. yayılmışdır.

Təsərrüfatçılıq

Qaraxaç yaylası mühüm heyvandarlıq zonasıdır. Ərazisinin əksər hissəsi Borçalının azərbaycanlı kəndləri tərəfindən yay otlaqları kimi istifadə edilir.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.