Qara Əli
Qara Əli (türk. Kara Ali) — Osmanlı İmperiyasında yaşamış ən məşhur cəllad.
Qara Əlinin yeniyetməlik və gənclik illəri haqqında məlumat yoxdur. XVII əsrin ortalarında yaşadığı və dövrünün ən məşhur cəlladı olduğu məlumdur. Qara Əli özündən əvvəl Osmanlı İmperiyasında cəlladbaşı olmuş cəllad Süleymanın yanında şagird vəzifəsində çalışmışdır. Həmin dövrdə yaşamış cəlladlar bir qayda olaraq qaraçılardan seçilirdi. Qara Əlinin də əslən qaraçı olduğu ehtimal edilir. Qara Əlinin görünüşü haqqında osmanlı mənbələridə bir sıra qeydlər vardır. Onun iri bədənli olduğu söylənilir. Edam zamanı istifadə etdiyi alətləri üstündə gəzirdiyi və Osmanlı sarayında xidmətçilərin görkəminə görə ondan qorxduqları qeyd edilmişdir. Qara Əli bir çox məşhur şəxsləri edam etmişdir. Ömər bəy Nəfini sarayın odunluğunda kəməndlə boğaraq öldürmüşdür. Bundan başqa Qara Əli I İbrahimi də boğaraq öldürmüşdür. Qara Əli 1664-cü ildə məlum olmayan səbəbdən ölmüşdür. Onu Osmanlı adətinə əsasən adsız məzarlıqda dəfn etmişdilər.[1]