Qaraçorlu mahalı
Qaraçorlu mahalı — Qarabağda tarixi-coğrafi bölgə.
Ümumi məlumat
Qaraçorlu mahalı cənubdan Kolanı mahalı ilə qərbdən Tatev mahalı ilə sərhəd idi.
Mahalın tarixindən
1727-ci ilə aid olan və tarix elmləri namizədi H. Məmmədov (Qararamanlı) tərəfindən 2000-ci ildə çapa hazırlanaraq nəşr edilən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə (bu sənəd də osmanlı arxivlərində saxlanılır) qaraçorlular haqqında qiymətli məlumat vardır: "Qaraçorlu camaatı. Bu camaatın təxminən 400 evi (xanə) olmuşdur. Əcəm (Səfəvi) dövründə itaətsizliyindən dolayı xəzinəyə vergi ödəmirdi. Vergilər öz kəndxudaları tərəfindən mənimsənilmişdir. Rəayanın malını qarət etmələrindən dolayı yaşadıqları Kestasf və Zarıs adlı iki nahiyəni xaraba qoymuş və boşluğa çevirmiş, bir qisim ermənini həm xoşluqla, həm də məcburi şəkildə özlərinin rəayası etmişdir. Zarıs, Keştasf, Məğavuz və Həkəri tərəflərdə əkinçiliklə məşğul olur, lakin üşr və bəhrəni vermirlər. Üzərlərinə əsgər göndərilsə də, sığıncaq yaxınlığında yaşadıqlarına görə sığıncaqlara çəkilib gizlənir və indiyə qədər onlar üzərində qələbə çalmaq əsgərlərə müyəssər olmamışdır. Bu vəziyyət indi də belədir". (səh. 471).
Tarixçi A. Çələbizadənin yazdığına görə, 1727-ci ilin avqustunda osmanlıların işğalı altında olan Təbrizin sərəsgəri Qarabağın Dizaq və Vərəndə nahiyələrinə Qaraçorlu tayfalarına və Muğan düzündəki şahsevənlərə qarşı 15 min nəfərlik süvari qoşun göndərmişdi. İş o yerə çatmışdı ki, Osmanlı komandanlığı qaraçorlu tayfası ilə ayrıca saziş bağlamağa məcbur olmuşdu və bu sazişə görə qaraçorlular o şərtlə osmanlılara tabe olmağa razı olmuşdular ki, toplanan verginin yarısı Gəncə xəzinəsinə daxil olacaq, qalan yarısı isə qaraçorluların sərəncamında qalacaqdı.
Qaraçorlu eli Nadir şah Əfşarın hakimiyyətinə qədər yarımmüstəqil həyat tərzi sürmüş, Nadir şah Qarabağı osmanlılardan geri almaq üçün gələndə yerli tayfaları öz qoşununa dəvət edərkən, qaraçorlular həvəslə onun təklifini qəbul etmişlər.
Nadir şahın qoşununda vəzifə alan Qaraçorlu elinin başçısı Rüstəm bəy Osmanlı Sədrəzəmi Abdulla paşanı döyüşdə öldürmüşdür. "Qarabağnamə" müəllifi olan tarixçi Mir Mehdi Xəzani bu barədə belə yazır: "Şul vaxtda ki, Nadir şah Gəncə və Tiflis və İrəvan və Naxçıvan və Şirvanat vilayətlərini osmanlı sultanının qoşunlarının təsəllütlərindən çıxardıb Abdulla paşa Köprülü oğlu vəziri-əzəmi-Rum yüz min qoşun və çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur olub gəlmişdi ki, Nadir şah ilə cəng edə. Nadir şah Gəncə mühasirəsinə məşğul ikən Abdulla paşanın şul əzim əsagirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstə qoşun qoyub, özü əlli min qoşun ilə Abdulla paşaya müqabil gedib Naxçıvan və İrəvanın Arpa çayında davaları vaqe olub, Rum qoşununu basıb və Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Qaraçorlu öldürüb başını Nadir şah hüzuruna gətirmişdi".[1]
Nadir şahın ordusunda Məhəmməd xan, Məhəmmədrza xan və Nəcəf Sultan adlı Qaraçorlu əmirləri vardı. Nəcəf Sultan Dərbəndin hakimi olmuşdu. Qaraçorlular Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra Qarabağ xanlığını ayrıca dövlət kimi elan edən Pənahəli xana əvvəlcə tabe olmaqdan imtina edib əvvəlki kimi itaətsizlik vəziyyətində yaşamağa cəhd etsələr də, Pənahəli xan onların üzərinə qoşun göndərib itaətə məcbur etmiş, lakin qaraçorluların Qarabağdan köçü başlamış, onların bir qismi Qaradağ mahalına, bir qismi isə Dərələyəz mahalına köçmüşdür. Pənahəli xan Qarabağda qalıb şaşayan Qaraçorlu elinə Həmzə Sultan Hacısamlını başçı təyin etmişdir. Həmzə Sultan həm elin minbaşısı, həm də mahalın naibi olmuşdur.
Qaradağa köçən Qaraçorlu eli kiçikli, gorussəng, bəstamlı, qorçulu, şənbələr, kiçilanlı, bayramqanlı, şıxəlili, əmələ və kolanlı oymaqlarına bölünürdü. Qaradağda yaşayan qaraçorluların başçısı Məhəmmədrza bəy idi. Onun ölümündən sonra yerinə oğlu Şir xan keçdi. Şir xanı da oğlu Bədr xan əvəz etdi. Bədr xan Rusiya-İran müharibəsi zamanı Gəncə yaxınlığında aldığı yaradan öldü. Qəbri Əhər şəhərində Şeyx Şihabəddinin məqbərəsinin yanındadır. Bədr xandan sonra Qaradağ qaraçorlularına onun oğlu Bəşir xan başçılıq edir, lakin o da çox yaşamır. 1834-cü ildə Herat döyüşlərində əfqanlar tərəfindən öldürülərək başı nizəyə taxıldı. Bu döyüşdə Bədr xanın başqa bir oğlu Şeyxəli xan da öldürülmüşdür. Qaradağ qaraçorlularının başçılarından biri də Hacı Rza xan Şir xan oğlu idi. Onun oğlu Cəfərqulu xan Herat döyüşlərində böyük şücaət göstərdiyinə görə Məhəmməd şah Qacar tərəfindən mükafatlandırılmışdır. Cəfərqulu xan Qacar ordusunda yüksək bir ünvan-əmir tümən rütbəsi almışdı. Bu məşhur qaraçorlu sonralar qacarların siyasi həyatında mühüm rol oynamışdır.[2]
Azərbaycan Dövlət Tarix Arxivində saxlanan (F.24, siyahı 1, saxlama vahidi 142) 1823-cü ilə aid "Qarabağ əyalətinin kameral təsviri" adlı sənəddə Qarabağda həmin dövrdə mövcud olan Qaraçorlu mahalı haqqında da məlumat vardır. Bu sənədə görə 7 kənddən ibarət olan Qaraçor mahalında qaraçorluların şeylanlı, gəloxçu, təhməzli, şadmanlı, yurdaxlı tayfalarının yaşadığı qeyd olunur (cəmi 538 ailə).
Qaraçorlu mahalında bir neçə tayfa icması və kənd camaatı cəmlənmişdi. Ən böyük icmalardan biri Hacısamlı camaatı idi.
Qaraçorlu mahalının naibləri
Pənahəli xan Qarabağda qalıb şaşayan Qaraçorlu elinə Həmzə Sultan Hacısamlını başçı təyin etmişdir. Həmzə Sultan həm elin minbaşısı, həm də mahalın naibi olmuşdur.
İstinadlar
- Qarabağnamələr. 2-ci kitab. Bakı: Şərq-Qərb, 2006, səh. 123–124.
- Ə. Çingizoğlu, F. Baxşəliyev. Qarabağın el və obaları. Bakı: 2007, səh. 170.
Mənbə
- Dərələyəz mahalının kameral təsviri (1831-ci və 1842-ci illər) "Elm və təhsil". Bakı: 2017