Qaraçılar (poema)

"Qaraçılar" (rus. Цыганы) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan sonuncu poeması.

"Qaraçılar" poeması da "Qafqaz əsiri" kimi sürgün illərində yazılıb. Burda da şairin öz şəxsi iztirabları, ələmləri duyulur. Ancaq bu yeni, romantik cənub poemasında bu iztirablar ümumiləşdirilmiş və müəyyən dövrdə Rusiyanın liberal dvoryan gənclərinin taleyi kimi verilmişdir. Əsərin bir yerində qoca qaraçı, Alekoya vaxtilə Cənubdan Bessarabiyaya sürgün edilmiş bir şairin, bir nəğməkarın taleyindən bəhs edir. Bu parçada şairin öz taleyinin əks olunduğu aydın bilinir. Aleko qocanın çar tərəfindən sürgün edilmiş şair haqqında söhbətini dinləyib dəhşətə gəlir. "Qaraçılar" poeması yazılanda Rusiyanın az-çox qabaqcıl adamlarının taleyi belə idi. Hər addımda ömürlük sürgün təhlükəsi vardı.

Poemanın qəhrəmanı Alekoda da kübar aləminə, dvoryanlara qarşı kəskin bir nifrət var. Ümumiyyətlə, bu xüsusiyyət Puşkinin cənub poemalarının hamısında var. "Qaraçılar"da isə daha qüvvətlidir. Aleko surətində bu təbəqənin gənclərində olan ruh düşkülüyü, ümidsizlik, məyusluq, ətalət, aydın şəkildə görünür. O, azadlığı mücərrəd anlayış kimi qəbul edən xəyalpərəst gəncdir. Əsərin romantik bir poema kimi meydana çıxmasına səbəb qəhrəmanın bu səciyyəsidir. Romantiklərə aid olan bütün xüsusiyyətlər Alekoda birləşdirilib və tip yaradılıb.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.