Qaladibi (Şahbuz)
Qaladibi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndinin şimalında yerləşən arxeoloji abidə.
Tarixi
Qala hündür qayalığın ətəyində salınmışdır. O, şimal tərəfdən təbii qayalıqla əhatə olunur, şimal, cənub və qərb tərəfdə isə iri daşlardan hörülmüş müdafiə divarı ilə möhkəmləndirilmişdir. Qala divarının tikintisində düzbucaqlı çıxıntılardan və rizalitlərdən istifadə edilmişdir. Bu tip tikinti texnikası inkişaf etmiş Dəmir dövrü üçün xarakterikdir. Qalanın içərisində daşdan inşa olunmuş dördkünc formalı binaların qalıqları saxlanmışdır. Tədqiqat zamanı aşkar olunan arxeoloji materiallar çəhrayı rəngli keramika parçalarından ibarət olub. Erkən Antik dövr üçün xarakterikdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq çəhrayı rəngdə yaxşı bişirilmişdir[1].
İstinadlar
- "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 244.