Qalaaltı mineral suyu
Qalaaltı mineral suyu — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu.
Naftusiya mineral suyunun müalicəvi xüsusiyyətləri haqqında çoxdan məlumatlar var idi. Onun müalicəvi effekti haqqında ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Onun bir tək adı çox məna kəsb edir - o neft mənbəli yüksək miqdarda üzvi maddələr tərkibli yeganə müalicəvi sudur. Naftusiya adını birçoxları Truskavets kurortu ilə əlaqələndirir. Lakin uzun illər istifadə nəticəsində Truskavets suyunun ehtiyatları və orqanik tərkibi tükənmişdir. Ancaq bir çox adama məlum deyil ki, Truskavets ilə yanaşı, mineral müalicəvi suyun başqa mənbələri də mövcuddur, məsələn Azərbaycanda olan Qalaaltı kurortu. Tərkibində fenol, alifatik turşular, mikroelementlər vardır. Alimlərin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər Truskavetsin "Naftusiya" suyu SSRİ-də yeganə hesab olunurdu.
Mədən suyu Şabran rayonunun 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, dağətəyi meşədə 1969-cu ildə tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Bunlar da böyük ehtiyata malikdir. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən "Qalaaltı" sanatoriyası 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerlilər müalicə əhəmiyyətli bu suya "Naftsu", yəni neftli su deyirlər. "Naftsu" kəskin qoxusu və dadı ilə seçilir. Gündəlik debiti 20-40 min. l-dir. Hidrokarbonatlı-kalsiumlu-natriumlu sudur, minerallaşması 0,8 q/l-dir.
Qalaaltı suyunu sidik daşı xəstəliyinin müalicəsində müxtəlif formada istifadə edirlər. O həm öz tərkibi ilə həm də insan orqanizminə olan fizioloji təsirinə görə originaldır. Az minerallaşma (0.78 q/l) və üzvi maddələrin yüksək məzmunu (8,35-23,8 mq/l) xüsusiyyətinə görə, o kişik daşların və qumun böyrəklərdən, öd kisəsindən, sidik və öd yollarından çıxmasını stimullaşdırır , sidiyin və ödün litogenliyini azaldır (daşların yaranmasına meyilliyin), yani daşların yaranma təhlükəsini aradan qaldırır. O orqanizmdə maddələr mübadiləsini normallaşdırır, qan və sidiyə qələviləşdirici təsir göstərir, sidik turşusunun yaranmasını azaldır və onun orqanizmdən çıxarılmasına köməklik göstərir, mədə turşuluğunu azaldır, hüceyrə membranalarının keçiriciliyini azaldır , qanaxmanı azaldır, əksiltihabi təsir göstərir, diurezi artırır, orqanizmdə olan artıq mayəni çıxardır. İmmunoloji təsirinə görə orqanizmin müdafiə güçünü bərpa edir, orqan və toxumalarda iltihabi proseslərin ləğvinə, metabolik məhsulların və toksiki maddələrin çıxarılmasına köməklik edir, bununla da orqanizmin erkən qocalmasının qarşısını alır.[1]
"Qalaaltı" suyunu uzun müddət saxlamaq olmaz. Bu sudan yerində istifadə olunmalıdır, yəni qablaşdırmaq məsləhət görülmür. Çünki bir sutkadan sonra bu suyun tərkibində ammonyak birləşmələri əmələ gəlir.
İstinadlar
- "Qalaaltının müalicəvi suyu". 2019-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-02.
Mənbə
- Əli Polad. Bir damla su. I cild. Bakı,2011.