Qafqaz uları
Qafqaz uları (lat. Tetraogallus caucasicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Qafqaz uları | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Pangalloanserae Dəstəüstü: Galloanserae Klad: Pangalliformes Dəstə: Fəsiləüstü: Phasianoidea Fəsilə: Yarımfəsilə: Triba: Coturnicini Cins: Növ: Qafqaz uları |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təsviri
Başının üstü, yanları, yüyəni və boynunun yuxarı hissəsi bozdur. Boynu kürəndir. Gözünün üstü, qulağının və boynunun yanları ağdır. Belində, döşünün qabaq tərəfində və çinədanı üzərində sarı xəttlər vardır. Dimdiyinin əsasında boğazının yanlarına və arxaya doğru tünd-sarı, şabalıdı zolaqlar keçir. Bel hissəsini və quyruğunun üstünü örtən lələklər tünd-bozdur. Dimdiyi açıq-qonurdur. Ayaqları yaşılıncıdır. Bədəninin yanlarında uzununa yerləşən qara, şabalıdı zolaqlar görünür.
Yayılması
Böyük Qafqaz üçün endem növdür. Böyük Qafqazın Azərbaycan ərazisinin Malamərc, Mük, Babadağ, Xınalıdağ, Qızıldağ, Şahdağın sıldırım qayalı, alp zonasının kserofit bitkili sahələrində yayılıb. Yuvalaması 2500–3500 m hündürlükdə qeyd edilir. Qışlama dövründə 1800–2000 m hündürlüyə qədər enir.
Həyat tərzi
Optimal yaşayış şəraiti axtarışında daima şaquli miqrasiya edir. Çoxlu miqdarda qayalı, daşlıqlı, yarğanlı sahələrin gölməçələr, kolluq arasında kserofit bitkilər olan yerlərdə yaşayır. Yaz ayında qar örtüyündən azad olmuş yerlərə keçirlər. Sürü halında yaşayan quşdur. Yuvalama dövründə cüt-cüt yaşamağa üstünlük verir. Qidalanma və hərəkət fəallığı yoxuş boyu olur. Uçarkən hər-hansı bir təpəcikdən qanad çalaraq qalxır, eniş istiqamətində süzərək uçur. Monoqamdır. Kürtyatma, balaların qidalandırılması və qorunmasında ancaq dişi fərd iştirak edir. Dağın cənub, cənub-qərb, cənub-şərq ekspozisiyasında qaya çıxıntısı altında çuxur eşib yuva qurur. Yuvanın dibi mamır, quru ot və tüklə döşənir. Yuvada 5-8 yaşıl-göy yumurta olur. Kürtyatma müddəti 28 sutka davam edir. Üç həftəlik cücələr 10-30 metr məsafəyə uça bilir. Erkəklər 2 yaşında cinsi yetişkənliyə çatır.
Sayı
Alp qurşağında 100 hektar sahəyə 0,5-19,1 fərd düşür. Yuvalama dövründə 100 hektara 12-31,5 fərd düşür. Alp çəmənliyində yazda məskunlaşma sıxlığı 100 ha-da ortalama 8,2, payızda 13,9 fərd təşkil edir. Azərbaycanda ümumi sayı 800-1000 fərd təşkil edir.
Azalma səbəbləri
Yaz ayında havanın orta temperaturunun aşağı olması nəticəsində qar örtüyü gec əriyir. Quşların çoxalması gecikir. Son nəticədə çoxalmada iştirak edən dişi fərdlər az olur. Berkut qartalın və böyük qırğının hücumlarına məruz qalır. Çoban itləri narahatlıq yaradır. Qanunsuz ovlanma halları olur.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Azərbaycanın Qırmızı kitabına, CİTES və Bern konvensiyalarına daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
Yuvalama sahəsində mal-qaranın otarılması və ot çalınması yasaq edilməlidir. Çox şaxtalı və qarlı illərdə əlavə qidalandırılması məqsədəuyğundur. Volyerdə çoxaldılıb təbiətə buraxılması yaxşı olar.