Qafqaz almanları
Qafqaz almanları (alm. Kaukasiendeutsche) — almanların Qafqaz bölgəsində məskunlaşan bir subetnik qrupudur. Onlar əsasən XVIII-XIX əsrlərdə indiki Şimali Qafqaz, Gürcüstan, Azərbaycan, Ermənistan və Qars (bu günlər Türkiyənin şərq illərindən biri) ərazisinə köçüb gəlmişlər. 1941-ci ildə İkinci dünya müharibəsinin başlanmasıyla onların çoxsu Sovet hakimiyyəti tərəfindən "təhlükəli element" kimi Qazaxıstana və Sibirə sürgün edilmişdir. Qafqazda qalan almanlar əsasən qeyri-almanlarla nikah bağlamış qadınlar idi.
Şimali Qafqaz
Şimali Qafqazın ilk alman sakinlərin Rusiyanın Volqaboyu bölgəsinlər köçənlər idi. Çar hakimiyyəti 1774-cü ildə Osmanlı imperiyasından alınan və əhalisi olduqca az olan Kubana mümkün qədər çox Rusiya vətəndaşı yerləşdirməyə çalışırdı. Lakin bölgənin iqlimi, inkişaf etdirilməmiş infrastrukturu və yerli hərbi hissələrin qeyri-ruslara qarşı mənfi münasibəti alman mühacirətinə mane olurdu. XIX əsrin ikinci yarısında, Rusiyanın kapitalist sisteminə addımlaması dövründə Şimali Qafqaza almanların sayı olduqca artdı. Əsasən kənd təsərrüfatı ilə məşqul olan bu mühacirlər nəinki tək Volqaboyudan, habelə Qara dəniz sahillərindən və hətta Almaniyanın özündən köçüb gəlirdilər. 1917-ci ildə burada 200-dən artıq alman koloniyası mövcud idi. Sürgün zamanı Şimali Qafqaz almanlarının sayı 160 mindən çox idi.
Gürcüstan
Cənubi Qafqaza gəlincə, buranın ilk alman koloniyası bugünkü Gürcüstan ərazisində salınmışdı. 1818-ci ilin sentyabrın 21-də çar I Aleksandrın dəvətiylə Qafqaza köçən Vürtemberq kəndçiləri və münşəqləri Tiflis yaxınlığında Marienbaum adında şəhərcik saldılar. Növbəti il ərzində Avropadan köçən almanlar daha 5 koloniya qurmuşdu: Elizabettal, Yeni Tiflis, Aleksandrdorf, Petersdorf və Katarinenfeld (indiki Bolnisi). 1817 və 1819-cu illər arasında Şvabiyadan olan 2629 radikal pietizm tərəfdarları (regional kilsədən ayrıldıqları üçün ədəbiyyatda bəzən onları "separatçı" da adlandırırlar) indiki Gürcüstan ərazisinə köçdülər. Onlar 1817-ci ilin may ayında çar I Aleksandrın icazəsini aldıqdan sonra köçməyə başladılar, ilk məskənçilər həmin ilin dekabrında Gürcüstana gəldilər.
Tiflis və onun ətrafları Cənubi Qafqaz almanlarının qeyri-rəsmi mədəni mərkəzi idi. Rusiya dövlətinin dəstəyi və qoruması altında təxminən 500 böyük alman ailəsi Tiflis ətrafında 8 yerdə məskən saldılar. 1906-1922-ci illərdə burada alman dilidə buraxılan "Kaukasische Post" qəzeti çap edilirdi. O, Qafqazın yeganə alman ruznaməsi idi. 1918-ci ildə Gürcüstanda alman kəndlərin sayı 20-dən yuxarı idi. 1941-ci ildə Sovet hakimiyyəti buradan 20.423 etnik alman sürgün etdi.[1]
Azərbaycan
1819- cu ilin yayında Tiflisdən Yelizavetpola köçən 194 alman ailəsi Şamxor yaxınlığında Helenendorf və Annenfeld adlı iki koloniya saldı (almanların sürgünündən sonra, Helenendorf inqilabçı Xanlar Səfərəliyevin şərəfinə Xanlar adlandırılacaq, Annenfeld isə Şəmkirlə birləşəcək). Sonralar Yelizavetpol və Qazax qəzalarında salınan koloniyalar Georqsfeld (1888, indi Şəmkir rayonunun Çinarlı qəs.), Alekseyevka (1902), Qrünfeld (1906, indi Ağstafa r-nunun Həsənsu k.), Ayxenfeld (1906, indi Şəmkir r-nunun İrmaşlı k.), Traubenfeld (1912, indi Tovuz ş.), Yelizavetinka (1914, indi Ağstafa ş.) və Marksovka (1920-ci illər, sonralar Ağstafa ilə birləşdi) idi. Onların əhalisi ilk koloniyalar sakinlərinin nəslindən ibarət idi.
Helenendorfda yerləşən almanlardan bir neçə ailə Goranboy rayonunun Todan kəndi yaxınlığında məskunlaşmışdılar. 1909- cu ildə Siegenthaler ailəsi bank hərracında Nikolay Aleksandroviç Beqlarov adlı şahzadənin Yelizavetpol quberniyasının Todan kəndindəki 1066 desyatinlik mülkünü alırlar. 1910- cu ildə Ernst Siegenthaler və başqa bir neçə ailə Todana köçürlər. Burada Siegenthaler-lər arıçılıq təsərrüfatı və İsveçrənin məşhur "Emmental" pendirini istehsal edən südçülük təsərrüfatı yaradırlar. Balçılıq və südçülük texnologiyasını da yerli əhaliyə ötürürlər. Todanlılar almanlardan arı saxlamağı, pendir istehsal etməyi öyrənirlər. Daşdan ev tikməyi də yerli əhali almanlardan öyrənirlər. İsveçrə almanlarının təsərrüfatında 45- 50 arası türk (onlar tatar yazırlar) və erməni işləyirmiş. Oktyabr inqilabından sonra ölkədə özbaşınalıq baş alıb gedir. Cinayətkarlıq artır. Cinayətkarlar tez-tez almanların mülklərini yağmalayır. Buna baxmayaraq almanlar ölkəni tərk etmirlər. Nəhayət, sovetlərin gəlməsiylə kolxozlaşma başlayır. Siegenthaler ailəsinə məxsus bütün mülkiyyət ailənin "könüllü razılığıyla" ermənilərdən təşkil olunmuş Mənəş kənd kolxozuna verilir. Ailə də 1935-ci ilin 12 aprelində, səfalət içində, ac-yalavac qatarla Kirovabad-Bakı-Moskva-Minsk-Varşava-Berlin-Bern marşurutuyla Sovet Azərbaycanından "yola salınır". Hal- hazırda da almanların yerləşdiyi həmin yerlər yerli əhali tərəfindən "Lemsə bağı", "Lemsə bulağı" kimi tanınır.
1918- ci ildə bütün Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı cəmi 6 min nəfər idi. Onların əsas peşəsi əvvəllər əkinçilik, sonralar isə şərabçılıq idi. Təkcə helenendorflu Forer və Hummel qardaşları tərəfindən buraxılan çaxır bütün Qafqaz bölgəsində buraxılan çaxırın 58%-ni təşkil edirdi.
Cənubi Qafqaz almanlarının əksəriyyəti etirazçılığa (protestantlığa) etiqad edirdi. Azərbaycanın ilk etirazçı kilsəsi məhz Helenendorfda 1857-ci ildə tikilmişdi. Sonralar lüteran kilsələr Gədəbəydə (1868), Şamaxıda (1869), Bakıda (1897) və Annenfelddə (1911) də tikilmişdi. Azərbaycan Demokratik Respublikası dövründə yerli almanlar ilk koloniyanın salınmasının 100-illiyini təntənə ilə qeyd etdilər. 1941-ci ildə Sovet hakimiyyətinin əmriylə 22.841 alman Azərbaycandan çıxarılıb SSRİ-nin Asiya bölgələrinə sürgün edilmişdi.[1] Şimali Qafqaz və Gürcüstandakı kimi, bütün alman mənşəli şəhər və kənd adları rus və Azərbaycan adları ilə əvəz edilmişdi.
30 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Sərəncam imzalamışdır[2].
Ermənistan
Gürcüstan və Azərbaycandan fərqli olaraq alman mühacirləri indiki Ermənistan ərazisində yaşayış məntəqə qurmamışdılar. Əsasən Sovet dövründə İrəvanda məskunlaşırdılar. Tarix boyu bu ölkədə onların sayı 500-dən artıq olmayıb. 1941-ci ildə buradan 212 alman köçürülmüşdü.[1]
Qars
1878-1918 illərdə Rusiya tərkibində olan Qarsda aktiv mühacirət prosesləri baş verirdi. Mühacirlərin əksəriyyəti ili tərk etmiş müsəlmanların yerini alan və hakimiyyət dəstəyi ilə məskən salan məsihilər: ermənilər, ruslar, aysorlar, yunanlar, polyaklar və almanlar idi. 1891-ci ildə burada Petrovka adlı ilk alman kəndi yarandı. Birinci dünya müharibəsindən bir az əvvəl daha iki kənd (Vladikars və Estonka) salınmışdı. Burada baş verən hərbi əməliyyatlardan və təhlükədən canlarını qurtaran almanlar müharibənin sonundan öncə Azərbaycana qaçıb, oradakı Ayxenfeld koloniyasında məskunlaşdılar.
Ədəbiyyat
- M. Friedrich Schrenk: Geschichte der deutschen Kolonien. In: Geschichte der deutschen Kolonien in Transkaukasien. Tiflis 1869
- Paul Hoffmann: Die deutschen Kolonien in Transkaukasien. Berlin 1905
- Werner Krämer: Grünfeld, ein deutsches Dorf im Südkaukasus. o. O., o. J.
- Max Baumann, Peter Belart: Die Familie Horlacher von Umiken in Katharinenfeld (Georgien)
- Andreas Groß: Missionare und Kolonisten: Die Basler und die Hermannsburger Mission in Georgien am Beispiel der Kolonie Katharinenfeld; 1818–1870. Lit, Hamburg 1998, ISBN 3-8258-3728-9
- U. Hammel: Die Deutschen von Tiflis. In: Georgica. Bd. 20 (1997), pp 35–43
- Immanuel Walker: Fatma. Landsmannschaft der Deutschen aus Russland, Stuttgart, 1966 3. Edition
- Mammad Jafarli: Politischer Terror und Schicksale der aserbaidschanischen Deutschen. Baku 1999
- Зейналова С. М. Немецкие колонии в Азербайджане: 1919—1941 годы. — Баку, 2002.
- Ибрагимов Н. А. Немецкие страницы истории Азербайджана. — Баку, 1995.
- Ibragimov N. A. Heimat in der Fremde. Der Deutsche Einfluß auf die Entwicklung Aserbaidschans. — Mainz, 1997.
- Джафарли М. Ш. Политический террор и судьбы азербайджанских немцев. — Баку, 1998.
- Полонский Л. «Сименс» на Кавказе. Документальное повествование. — Баку, 1995.
- Государственный исторический архив Азербайджанской Республики, Государственный архив Азербайджанской Республики, Институт германских и восточноевропейских исследований, Гёттинген (Германия). Еленендорф в Азербайджане. — Одесса, 2001
İstinadlar
- RusDeutsch — Информационный портал российских немцев: «О переселении немцев из ряда областей, краев и республик Союза ССР» Справка отдела спецпереселений НКВД СССР от 25 декабря 1941 г.
- Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine. president.az (az.)