Qafqaz Karvansaray
"Qafqaz Karvansaray" — Azərbaycan Respublikasının Qəbələ rayonunda yerləşən otel kompleksi.
"Qafqaz Karvansaray" otel kompleksi təkcə Qəbələ rayonu deyil, bütün bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl turizm infrastrukturuna malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin may ayında başlanmış, 2013-cü ilin avqust ayında başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir.[1]
Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır.[1]
Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Otelin zirzəmi hissəsində avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır. "Qafqaz Karvansaray" otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları vardır. Kompleksdə 150 nəfərlik restoran, iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. Kompleksin ərazisi tam abadlaşdırılmış, yaşıllıq sahəsi salınmışdır.[1]
“Qafqaz Karvansaray” oteldə 120 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur. Mükəmməl infrastruktura malik kompleks ən müasir avadanlıqla təchiz edilmişdir. Gözəl dizayn və interyeri ilə seçilən otaqlarda son dövrdə böyük turist axını müşahidə edilən Qəbələnin qonaqlarına yüksək səviyyəli xidmət göstərilir. “Qafqaz Karvansaray” otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərir[1], bölgənin turizm potensialını artırır.
Açılışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 avqust 2013-cü ildə “Qafqaz Karvansaray” otel kompleksinin açılışında iştirak etmiş, kompleksin rəmzi açılışını bildirən lenti kəsmişdir.[1]
Həmçinin bax
- Qafqaz Yengicə Termal Hotel və SPA
- Qafqaz Sport Hotel
İstinadlar
- İlham Əliyev Qəbələdə “Qafqaz Karvansaray” otel kompleksinin açılışında iştirak etmişdir Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. president.az, 14.08.2013 (az.)