Qaetano Donizetti

Qaetano Donizetti (it. Domenico Gaetano Maria Donizetti [donidˈdzetti]; 29 noyabr 1797[1][2][…], Berqamo[3][4][…]8 aprel 1848[1][5][…], Berqamo, Lombardiya-Venesiya krallığı[3][6][…]) — İtaliya bəstəkarı.

Qaetano Donizetti
it. Gaetano Donizetti
Ümumi məlumatlar
Doğum adı Domenico Gaetano Maria Donizetti
Doğum tarixi 29 noyabr 1797(1797-11-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 aprel 1848(1848-04-08)[1][5][…] (50 yaşında)
Vəfat yeri
Vəfat səbəbi meningit
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Janrlar opera, kantata
Təhsili
  • Covanni Batista Martini Konservatoriyası[d]
Mükafatları Qızıl mahmız ordeni "Fəxri legion" ordeni kavaleri
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Demoniko Qaetano Mariya Donizetti 29 noyabr 1797-ci ildə İtaliyanın Berqamo şəhərində dünyaya gəlib. Bəstəkar sənətinin inkişafında Rossini ilə Verdi arasında keçid mərhələsi yaradıb. Atası Andrea sələmçi dükanında orta səviyyəli məmur, anası isə musiqidən anlayan gözəl səsli dərzi qadın Marianna idi.

O, kasıb ailənin altı uşağının beşincisi olub. Ailəsi Donizettini elmlə məşğul olan biri kimi yetişdirmək istəsə də, o, musiqiyə olan böyük marağına görə, piano və harmoniya dərsləri almağa başlayıb. Hələ kiçik yaşlarından bəstə sınaqları, kamera musiqi əsərləri yazıb.

Müəllimləri 1803-cü ildə ibtidai məktəbə başlayan Donizettinin musiqi qabiliyyətinin dərhal fərqinə varıb. Xüsusi günlərdə və şənliklərdə musiqi məharətini göstərən balaca Donizetti hər kəsin sevgisini qazanıb.

Musiqiyə olan böyük istək və qabiliyyətini görən ailəsi 1808-ci ildə ibtidai məktəbi yaxşı dərəcə ilə bitirən Donizettini Berqamodakı musiqi liseyinə yazdırıb. Burada o, rahib və opera bəstəkarı Covanni Simon Mayrdan harmoniya dərsləri alıb. Mayr, 1806-cı ildə pulsuz təhsil verən musiqi məktəbi yaratmışdı. Donizetti məktəbə qatılan ilk tələbələrdən biri idi və 1814-cü ilə qədər burada təhsil alıb. Məktəb, İtaliyanın digər şəhərlərində çox da rast gəlinməyən musiqi təhsili verirdi. Mayr, Donizettiyə çox kömək edirdi, hətta iki il ərzində Baloniyada Pilotti və Padre Matteydən dərs alması üçün maddi dəstək göstərib. Donizetti, 1817-ci ildə Berqamoya geri dönən zaman Mayr onun Venesiyada işlə təmin olunmasına da yardımçı olur.

O, bir çox müasirinin əksinə olaraq şöhrət pillələrini ağır-ağır qalxmışdı. Donizetti ilk müvəffəqiyyətini 1818-ci ildə Venesiyadakı "San Luka Teatrı"nda səhnələşdirilən "Borgonya Qrafı Enrico" adlı operasıyla qazandı. Sənətkar əsərlərində Rossinini nümunə olaraq mənimsədi və məhsuldarlıq baxımından onu belə keçərək hər il ən az 3–4 opera bəstələdi.

1822-ci ildə Napolidə işə başlayan bəstəkar "L`ajo nell`imbarazzo" və "Elisabetta al Castello di Kenihvorth" da daxil olmaqla bir çox gözəl əsərlərini yaradıb. 1827-ci ildə daha irəli gedərək musiqi təşkilatçısı Barbajanın vasitəçiliyi ilə Neapol, Milan və Vyana teatrları üçün üç ildə 12 opera bəstələdi,

amma ona ilk böyük müvəffəqiyyət 1830-cu ildə Milanda "Teatro Carcano"da nümayiş olunan "Anna Bolena" ilə gəldi. Baş rolunu Qiudittanın oynadığı "Anna Bolena" adlı operasıyla şöhrəti hələ 33 yaşında Avropa paytaxtlarına və sonunda Amerikaya çatdı. Əsər elə böyük maraq yaratdı ki, qısa zamanda Paris, London, Madrid, Drezden və Havanada nümayişləri başlandı. Enerjili qarşıdurmalar və vokal göstərişə söykənən "Anna Bolena" Donizettinin ilk böyük operasıdır.

Donizetti səmərəli, rahat və zəngin iş masasında oturur, ətrafını bürüyən qısqanclıqlara qarşı laqeyd və xəbərsiz kimi əsərlərini yazır, bir il içində iki-üç opera bəstələyir və üzərinə düşən bütün vəzifələri bacarıqla həll edirdi. Bundan əlavə, Donizetti Neapol Konservatoriyasında müəllimlik də edirdi. Ən gözəl əsərlərini Neapolda yaratsa da özünü həmişə bu şəhərdə yad kimi hiss edirdi.

Donizetti romalı vəkilin qızı olan Virciniya Vassell ilə 1828-ci ildə sevərək ailə həyatı qurub. Evliliyi boyunca üç uşağı olan bəstəkarın övladlarının hamısı uşaq yaşlarında ölüb.

O, 1832-ci ildə 2 pərdəlik "L`elisir d`amore" və 1833-cü ildə "Lucrezia Borgia" əsərlərini bitirdikdən sonra 1834-cü ildə Neapol Musiqi Məktəbinin professoru olub. 1835-ci ildə Şotlandiyada, 1700-cü illərdə olan hadisə əsasında 3 pərdəlik "Lammermorlu Lucia" adlı operasını yazdığı il, Rossini təqaüdə çıxdığı, Bellini isə gənc yaşda həyatını itirməsi səbəbiylə meydan Donizettiyə qalmışdı. "Lucia di Lammermoor" bəstəkarın ən məşhur operasıdır.

1837-ci ildə həyat yoldaşını vəba xəstəliyi nəticəsində itirən bəstəkar böyük sarsıntı yaşayıb. Bu, sarsıntı onun səhhətində də getdikcə daha böyük fəsadlar yaratmağa başlayırdı.

Arvadının ölümündən sonra ən gözəl operaları San-Karlo tərəfindən rədd edildikdən və konservatoriyadakı müdirlik vəzifəsi ona verilmədiyinə görə Donizetti şəhəri tərk etmək qərarına gəlir. Beləliklə 1838-ci ildə Neapol, gözəl operalar yaradıcısı – "L`Əlişir d`amore" (1832), "Parisina" (1833), "Lucrezia Borgia" (1833), "Maria Stuarda" (1834), "Roberto Devereux" (1837), həmçinin ən müvəffəqiyyətli qəbul edilən "Lucia di Lammermoor" (1835) bəstələyən Donizettini sonsuza qədər itirmiş oldu.

Neapol Operası ilə olan iş birliyinə son qoyması onun Avropadakı digər böyük operalarla sərbəst işləməyinə şərait yaratdı. O, "L`elisir d`amore" operasını 1832-ci ildə Milanda bəstələyib.

Çox məhsuldar olması və sürətli çalışması onun ard-arda bir çox işləri tamamlamağına yardımçı olurdu. Müxtəlif operalar üçün ildə beş əsər bəstələyir, bunlar bir pərdəlik komediyalarda ciddi dramlara qədər müxtəliflik yaradırdı.

Bəstəkar Rossini dostunun vəziyyətinin çətin olduğunu görüb onu Parisə çağırır. 1839-cu ildə bir operasının qadağan olunmasından sonra Parisə gedir və orada yaşamağa, yaratmağa başlayır.

Parisdə kifayət qədər pul qazanıb təqaüdə çıxmağı planlaşdırsa da, səhhətində və psixoloji cəhətdən problemlər yaşamağa başlaması onu daha da çox çalışmağa məcbur edirdi.

Paris Operası üçün ilk töhfəsi "Poliuto" operasının yenidən hazırlanmış versiyası olan "Les Martyres" oldu. "Poliuto" operası bir neçə ay öncə İtaliya senzurası tərəfindən qadağan olunan əsər idi. Donizettini Parisdə şöhrətləndirəcək operalarının hər ikisi də komediya tərzində oldu: "La fille du Regiment" və "Don Pasquale". "Don Pasquale" "Theatre Italien" üçün bəstələnmişdi. Bu operanı bəstələyən zaman Donizetti: "Mövzu insanı məmnun edəndə ürək danışır, insanın başı irəli doğru hərəkət edir və əl yazır" demişdi.

Donizetti, İtaliyaya qayıtdıqdan sonra 1841-ci ildə Romada və Milanda səhnəyə qoyulan iki operası ilə yenidən böyük müvəffəqiyyət qazandı. 1842-ci ildə isə Vyanada nümayiş olunan operaları o qədər bəyənildi ki, imperator, Donizettiyə Saray Bəstəkarlığı və İmperatorluğun Orkestrinin bədii rəhbəri vəzifəsini verdi.

Donizetti melanxolikliyinə və iflic olmağına baxmayaraq, opera bəstələməyə davam edirdi. 1845-ci ildə yenidən Parisə geri döndükdən sonra qardaşı oğlu onu həkim nəzarətində saxlamağa başladı. Ona sifilis qaynaqlı beyin-onurğa iliyi pozulması diaqnozu qoyuldu. 17 ay Paris kənarında sanatoriyada qaldı. 1847-ci ildə o, artıq danışa bilmirdi və iflic halda Berqamoya geri döndü. Bəstəkar 1848-ci il, aprelin 8-ə qədər, yəni ölən gününə qədər burada qaldı.

Donizetti, italyan romantika dövrünün ən məhsuldar sənətkarlarından biri olaraq qəbul edilir. Operaları peşəkarlıqla yazılmışdı. O, 23 yaşındakı bariton Corcio Ronkoninin fövqəladə qabiliyyətindən təsirlənib baritona görə əsərlər yazmağa başlamışdı. Beləliklə Verdi Donizettinin təməlini qoyduğu bariton səs tembri üçün yeni əsərlər yaratmağa başlayıb.

Donizetti klassik qərb musiqisinin bir neçə növündə, çoxlu sayda əsər yaradan bəstəkar idi. Hazırladığı əsərlər arasında 75-dən çox opera, 16 simfoniya, 19 simli kvartet, 193 mahnı, 45 duet, 28 kantata, çoxlu sayda instrumental konsert, sonata və digər kamera musiqisi növləri əsərləri var. O, hər zaman daha çox bəstələdiyi şah opera əsərləri ilə xatırlanır.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.