Qaşığek

Qaşığek - qədim idiofonlu musiqi alətlərdən biri.

Zeybek oyununda qaşığekin istifadəsi

Söz açımı

"Qaşığek" sözü "qaşıq" ismindən və "qaşımaq" felindən əmələ gəlib. “Qaşıq” məişətdə istifadə edilən ən qədim mətbəx əşyasının adı, “ek” isə sözdüzəldici şəkilçidir. Yəni, qaşığek dedikdə, qaşığabənzər çalğı aləti nəzərdə tutulur. H.Zərinəzadənin “Fars dilində Azərbaycan sözləri” əsərində “qaşıq” sözü araşdırılır və bu deyimin təmiz Azərbaycan türk kəlməsi olduğu bildirilir.

Tarixçə

Miniatür mənbələrdən aydın olur ki, XVI əsrdə kiçik ölçülü qaşığek aləti Azərbaycanda daha çox istifadə edilib.

XVI əsrdə yaşamış Azərbaycan miniatür rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Məhəmmədi (?-1580) “Dərvişlərin rəqsi” (əslində “Bahar bayramının qarşılanması” – Rasim Əfəndi) qoşa miniatür əsərində dəf, təbirə, dühul, dairə, musiqar, cərəs alətləri ilə yanaşı qaşığeki də təsvir edir. Bu qoşa rəsmdə “Təkə oyunu” el tamaşası təsvir edilib. Oyun iştirakçıları adları çəkilən çalğı alətlərini səsləndirirlər. Məsxərəçilər atılıb-düşərək əllərindəki qaşığeki döyəclədikdə alətin şaqqıltılı səsi ətrafa yayılırmış.

Məsxərəçinin bel kəmərində asılan idiofonlu cərəs aləti diqqəti cəlb edir. Eləcə də müəllifi məlum olmayan başqa bir miniatür rəsmdə çəng, dəf və 12 nəfər qaşığek çalan qadın ifaçıları təsvir edilib. Bu miniatür rəsmlərdən bir daha bəlli olur ki, Orta əsrlərdə Azərbaycan ərazisində qaşığekin kiçik növündən müşayiətedici alət kimi geniş istifadə edilib.

Əsərin müəllifi Məhəmmədi XVI əsr Azərbaycan və ümumiyyətlə, Şərq miniatür məktəbinin istedadlı və orijinal rəssamlarından biri Nizaməddin Sultan Məhəmmədin (1470-1555) oğlu və şagirdi olmuşdur. Bəzi mənbələrdə həm müəllifin adı-soyadı, həm də miniatürün adı təhrif olunur. M.Allahverdiyev “Dərvişlərin rəqsi” miniatür rəsminin müəllifinin yanlış olaraq Sultan Məhəmmədinin olduğunu bildirir. Əslində müşahidələrdən aydın olur ki, Sultanın soyadı Məhəmmədi deyil, Məhəmməddir. Həm də bu əsəri Sultan Məhəmməd deyil, onun oğlu Məhəmmədi işləmişdir. Yəni, bu rəssamlar (Sultan Məhəmməd və Məhəmmədi) ata-oğul olsalar da, müxtəlif şəhərlərdə fəaliyyət göstərmişlər. Nizaməddin Sultan Məhəmməd “Təbriz məktəbi”nin, Məhəmmədi isə “Qəzvin məktəbini”n nümayəndəsi kimi tanınmışdır. Orta çağlarda Məhəmməd soylu digər rəssamlarımız da fəaliyyət göstərmişlər: Xoylu Əbdül Mömin ibn Məhəmməd – XIII əsrin əvvəllərində “Vərqa və Gülşa” əsərinə çəkdiyi 70 miniatür dövrümüzə gəlib çıxmışdır; Dərviş Məhəmməd – XV əsrdə Nizaminin “Xəmsə”sinin əlyazmasına işlənmiş miniatürlərin müəlliflərindən biri, hansı ki, bu nadir əsər İstanbulda Topqapı sarayı muzeyində qorunur; Dust Məhəmməd (XVI əsr) isə tanınmış miniatür rəsm ustası olmaqla bərabər, həm də yüksək portretçi rəssam olmuşdur.

Sənətşünas akademik Rasim Əfəndinin fikrincə, “Məhəmmədinin “Dərvişlərin rəqsi”, “Təlxəklərin rəqsi”, “Təlxəklərlə keçilərin rəqsi” və s. qondarma adlar altında xarici kitablarda dərc və qeyd olunan miniatürü öz bədii formasına görə xüsusilə əhəmiyyətlidir. Burada müxtəlif musiqi alətləri çalan dərvişlərin müşayiəti ilə təlxək və keçi obrazını təmsil edənlərin rəqs etmələri təsvir olunur. Əsərdə hansı konkret surətin təsvir olunduğunu söyləmək çətindir. Lakin inamla demək olar ki, burada öz kökləri ilə baharın gəlişi ilə bağlı olan qədim bir ayinlə, ritualla əlaqədar olan, lakin zaman keçdikcə öz ilkin mənasını itirib adi tamaşaya, oyuna çevrilmiş bir mərasim təsvir edilir. Buna görə də bu əsəri “Bahar bayramının qarşılanması” adlandırmaq daha məntiqi olardı”.[1]

Növləri

Orta əsrlərdə Azərbaycan ərazisində bir-birindən ölçülərinə və istifadə qaydalarına görə fərqlənən iki növ qaşığekdən istifadə edilib:

  • böyük qaşığek - qarışıq üsulla (həm vurulmaqla, həm də silkələnməklə) çalınır. İçərisinə çoxlu xırda zınqırov doldurulmuş və bir–birinə bərkidilmiş iki qaşıqdan ibarət olur.[2]
  • kiçik qaşığek - döyəclənməklə səsləndirilir.

Quruluşu

Böyük qaşığek

Ağacdan hazırlanmış iri, eyni ölçülü (təxminən 42 mm uzunluğunda) iki qaşıq üzbəüz sarınır. Qaşığekdə səsoyadıcı yaratmaqdan ötrü qaşıqlar sarınmazdan öncə əvvəl içərisinə, yəni boşluq olan, yarımkürəvi hissəsinə 10-15 ədəd kiçik, yumru diyircəklər və ya metal qırıntıları qoyulur. İfaçı sağ əlində qaşığekin dəstəyindən tutub, onu silkələməklə ifa olunan musiqinin ritminə uyğun səsləndirir. Yaxud, ifaçı digər əlində tutduğu mili qaşığekə zərblə vurmaqla fərqli səslənmələr, yəni yeni səs tembrləri əldə edir.[3]

Kiçik qaşığek

Kiçik qaşığek ağacdan, iki ədəd çay qaşığı ölçüsündə, elə çay qaşığınabənzər formada hazırlanır. Ağac seçilərkən əsas bir xüsusiyyət nəzərə alınmalıdır. Yəni, mətbəxdə istifadə edilərkən qaşığın yüngül olmağı və acı tam verməməsi üçün əsasən tut və qovaq ağaclarına üstünlük verilir.

Kiçik qaşığekləri bir-birinə döyəcləməklə ifa olunan musiqinin ritminə uyğun səsləndirirlər. Alət çırtma səsinə bənzər, şaqqıltılı səsə malikdir.

İstifadəsi

Qaşığekdən “Novruz” bayramlarında və bir sıra el oyunlarında, tamaşalarda musiqiçilər müşayiətedici alət kimi istifadə ediblər: Təkə oyunu, Qaşıq oyunu, Dəvə oyunu, Şeydalı və Çömçəbaşı el tamaşaları [4][5][6].

Böyük ölçülü qaşığekdən İ. Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” folklor ansamblının zərb alətləri ifaçıları ara-sıra etnoqrafik konsertlərdə istifadə edirlər. Alətdən həmçinin, “İrs” folklor ansamblının solisti Cavanşir Qasımov ara-sıra etnoqrafik konsertlərdə istifadə edir.

İstinadlar

  1. Abbasqulu Nəcəfzadə. Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat). Bakı, 2010. Arxivləşdirilib 2022-05-12 at the Wayback Machine “MBM”, (müəllif).
  2. Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Qaşığek Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
  3. Abbasqulu Nəcədzadə. Çalğı alətlərimiz Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Bakı, 2004.
  4. Səadət Abdullayeva. Azərbaycan folklorunda çalğı alətləri.
  5. E. Aslanov. El-oba oyunu xalq tamaşası.
  6. Abbasqulu Nəcəfzadə. Azərbaycan folklor mərasimlərində idiofonlu alətlər Arxivləşdirilib 2019-08-12 at the Wayback Machine. "Musiqi dünyası" jurnalı.

Həmçinin bax

  • Təkə oyunu
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.