Qaçağan xalçaları
Qaçağan xalçaları — Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları
Xalça | |
Qaçağan xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Qazax xalçaçılıq məktəbi |
Ölkə | Azərbaycan |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qazax xalçaçılıq məktəbi[1] |
Ümumi məlumat
Xalçanın adı Qazaxdan 50 km şimal-qərbdə müasir Gürcüstan ərazisində yerləşən Qaçağan yaşayış məntəqəsinin adından götürülmüşdür. Bu ərazidə etnik azərbaycanlılar məskunlaşmışdır. "Qaçağan" xalçaları "Borçalı" altqrupuna daxil olub Qazax rayonunda və ondan qərbdə yerləşən xalçaçılıq məntəqələrində eyni ad altında istehsal olunur. Əvvəllər burada hazırlanan xalçalar Qaçağan kəndindən 10km şərqdə yerləşən kəndin adı ilə "Muğanlı" adlanırdı.
Bədii analiz
"Qaçağan" xalçalarının ara sahəsinin kompozisiyası bir-birilə nazik boğazlıqla birləşmiş romb şəkilli göllərdən ibarətdir. Bu göllərin daxilində analoji formada kiçik ölçülü göllər yerləşir. Onların konturu boyunca bir sıra ilə xırda qarmaqlar keçir. Beləliklə, kiçik ölçülü göl sanki iri formaya qarışır. "Qaçağan" xalçalarının köbə zolaqları forma etibarilə Qazax xalçalarının köbəsi ilə üst-üstə düşür.
Texniki xüsusiyyətlər
"Qaçağan" xalçalarının ölçüsü, adətən, böyük olmur. Uzunsov formatlı və böyük ölçülü "Qaçağan" xalçalarına nadir hallarda rast gəlinir.
İlmələrin sıxlığı: hər kvadrat desimetrdə 30x30 ilmədən 35x35 ilməyə qədər yerləşir (hər bir kvadrat metrdə 90 min ilmədən 120 min ilməyə qədər).
"Qaçağan" xalçalarının xovu Qazax xalçalarının xovundan 6–8mm qısadır.