Qəyyur Yunus

Qəyyur Habil oğlu Yunusov (Qəyyur Yunus) (26 mart 1948, Əmircan) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının xalq rəssamı (2015).

Qəyyur Yunus
Doğum tarixi 26 mart 1948(1948-03-26) (76 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam, rəngkar
Təhsili
Janrlar peyzaj, portret, natürmort, tarix rəssamlığı
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı  — 2015 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı  — 2002 "Humay" mükafatı — 1995
"Tərəqqi" medalı  — 2011
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Yunusov Qəyyur Habil oğlu 1948-ci il martın 26-da Bakının Əmircan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1967–1971-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin (indiki İncəsənət Kolleci), 1971–1977-ci illərdə Tbilisi Rəssamlıq Akademiyasının rəngkarlıq fakültələrində təhsil almışdır. 1972-ci ildən sərgilərin iştirakçısıdır. 1980-ci ildə Azərbaycan Rəssamlar İttifaqınınSSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.[1]

Qəyyur Yunusov hələ uşaqlıq illərində doğulduğu Əmircan kəndində yaxın qohumu Səttar Bəhlulzadənin emalatxanasına gələrək onun necə rəsmlər çəkdiklərini müşahidə etmişdir.[2] O, Səttar Bəhlulzadənin tələbəsi olmuş və sənətin müxtəlif üslublarını mənimsəmişdir.[3]

Qəyyur Yunus doğulduğu Əmircan kəndi haqqında demişdir:

" "Bu kənddə anadan olmuşam, ilk təhsilimi burada almışam, sonra da ömürlük bu kəndə bağlanmışam. Hara getmişəmsə, yenə də Əmircana qayıtmışam. Əmircan mənim üçün dünyanın ən doğma, ən əziz bir yeridir. Bütün bunların hamısı yaradıcılığımda əksini tapıb".[1] "

Yaradıcılığı

Qəyyur Yunusun yaradıcılığında lirik, mənzərələr yer alsa da, rəssama daha çox qadın portretləri şöhrət gətirib. Onun dini-fəlsəfi baxışları, gözəlliyə sevgisi çəkdiyi rəngkarlıq əsərlərində müşahidə olunur. Qəyyur Yunusun yaradıcılığının başlıca kulminasiyası qadın surətləri hesab olunur. Müəllif Azərbaycan qadını obrazının zəriflik və nəcibliyi ilə təsvir edilməsinin əsas səbəblərindən biri kimi isə – "Allah gözəldir və gözəlliyi sevir" prinsipi ilə əsaslandırır. Yaratdığı zərif gözəllikli qadınlar obrazlarının çöhrələrində və sadə milli geyimlərində əks olunur. Müəllif təsvir etdiyi qadın obrazlarının məhz azərbaycanlı və müsəlman qadını olduqlarını xüsusilə vurğulayır.[1]

Kətan üzərində yağlı boya texnikası ilə çəkilmiş nurani qadın portretlərinin arxa fonunda armud, balıq, quş, gül, epiqrafik yazılar və s. kimi müəyyən rəmzlərin istifadə olunur ki, bu da rəssamın öz şəxsi fantaziyasından və onların hər birinə verdiyi ayrı-ayrı simvolik anlamdan meydana gəlir. Belə səciyyələrin içərisində ərəb hərfləri ilə yazılmış xəttatlıq nümunələri də mövcuddur. Həmin yazılar, əsasən "Allah", "Bismillahir-Rəhmanir-Rəhim", "Əlif", "Ləm", "Mim", "Haqq", "La İlahə İlləllah" kimi dini kəlmələrdir. Qəyyur Yunus öz əsərlərinə imzasını AzərbaycanKiril əlifbası ilə bərabər Ərəb əlifbası ilə də qoyur. Bu baxımdan, Qəyyur Yunusun hər əsərində onun müsəlman olması vurğulanır və bu, qürurla tamaşaçıya çatdırılır.[1]

1972-ci ildən etibarən Qəyyur Yunusun Azərbaycanda və müxtəlif xarici ölkələrdə 11 fərdi sərgisi keçirilib. Onun işləri Almaniya, Türkiyə, ABŞ, Fransa, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Suriya, İngiltərə, Polşa, Əlcəzair, İran, Rusiya kimi ölkələrdə həm dövlət, həm də şəxsi kolleksiyalarda saxlanılır.[1] 1988-ci ildən etibarən Bakıda, Londonda, Alma-Atada fərdi sərgiləri açılıb.[4] 1990-cı ildə rejissor Teymur Bəkirzadə tərəfindən rəssamın yaradıcılığından bəhs edən "Qəyyur" filmi çəkilib.

Hazırda Qəyyur Yunusun çəkdiyi rəsm əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Tbilisi Xalqlar Dostluğu Muzeyində, Pavlador İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, Moskva Şərq Xalqları İncəsənət Muzeyində, Fransa Loranjeri Qalereyasında, Nyu-Yorkda D. Rokfellerin şəxsi kolleksiyasında saxlanılır.[2]

Rəssamın sonuncu fərdi sərgisi Rusiyanın Moskva şəhərində Şərq Xalqları İncəsənəti Muzeyində keçirilmişdir.[1] Onun bu sərgisi isə "Gizli və görünən" devizi altında keçirilib.[2]

Mükafatları

Qalereya

İstinadlar

  1. "Yunusov Qəyyur" (az.). baku.ru. 31 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2018.
  2. "Qəyyur Yunusun rənglər dünyası" (az.). butov.az. 14 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2018.
  3. "Rəssamın gözü ilə: Qəyyur Yunus" (az.). citylife.az. 14 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2018.
  4. "Sadə və aydın - Qəyyur Yunus" (az.). anl.az. 14 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2018.
  5. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). AZƏRTAC. 14 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2018.
  6. "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 14 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2018.
  7. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 14 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2018.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.