Qərib Məmmədov

Qərib Şamil oğlu Məmmədov (6 yanvar 1947, Yeniyol, Amasiya rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), biologiya üzrə elmlər doktoru (1991), professor, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2002), AMEA-nın Aqrar məsələlər üzrə müşaviri (2016), BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir (2004)[1].

Qərib Məmmədov
1996 25 iyul 1997
Seçki dairəsi1996 — 9 saylı Xətai birinci
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıHəsən Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 6 yanvar 1947(1947-01-06) (77 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti bioloq, siyasətçi, universitet müəllimi[d]
Elmi fəaliyyəti
Elm sahəsi biologiya
Elmi dərəcəsi

Həyatı

Məmmədov Qərib Şamil oğlu 6 yanvar 1947-ci ildə Ermənistan Respublikasının Ağbaba mahalının Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Atası Şamil Mamoy oğlu Məmmədov, anası Məsmə Rəcəb qızı Məmmədovadır. Qərib Məmmədov 1965-ci ildə Amasiya rayonunda orta məktəbi müvəffəqiyyətlə başa vurmuş, 1966-cı ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə daxil olmuş, həmin fakültənin komsomol təşkilatının katibi və tələbə elmi cəmiyyətinin üzvü olmuşdur. 1970-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamış, sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972–1980), baş elmi işçi(1980–1984), laboratoriya rəhbəri(1984–1994), institutun direktoru (1994–2000) vəzifələrində işləmişdir. 1979-cu ildə SSRİ AAK tərəfindən aqrar elmlər üzrə fəlsəfə doktoru, 1992-ci ildə SSRİ AAK tərəfindən ekologiya ixtisasi üzrə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi verilmiş və professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Qərib Məmmədov I çağırış (1996) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1997–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001–2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olmuşdur. 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiridir. 2011–2016-cı illərdə AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi olmuşdur[2]. 2016-cı ildən AMEA-nın aqrar məsələlər üzrə müşaviridir[3].

Ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Qərib Şamil oğlu Məmmədov torpaqşünaslıq, coğrafiya və ekoloji problemləri ilə bağlı elmi araşdırmalar aparan görkəmli Azərbaycan alimidir. Akademik tərəfindən Azərbaycan Respublikası üzrə torpaqların aqroekologiyası və bonitirovkası, torpaqların ekoloji münbitlik modelləri, torpaqların coğrafi-yayılma qanunauyğunluqları müəyyən edilmiş və xəritələşdirilməsi aparılmış, torpaq örtüyü strukturası (TÖS) tədqiq edilmişdir; landşaft komplekslərinin və torpaq kadastr rayonlarının ekoloji qiymətləndirilməsi, ekoloji monitorinqi aparılmış, ekoloji qiymət xəritəsi və 3 dildə (Azərbaycan, rus, ingilis) Ekoloji atlaslar və ilk dəfə olaraq Azərbaycanın ekoloji konsepsiyası hazırlanmışdır. İlk dəfə relyef plastikası əsasında Azərbaycan Respublikasının yeni torpaq xəritəsi və Torpaq atlası hazırlanmış, məkan məlumatlarının idarəolunması və torpaq inzibatçılığı, torpaqların ekoetik problemləri və onların həlli yolları verilmişdir. Akademik Q. Ş. Məmmədov ABŞ, Fransa, Türkiyə, İsveç, İran İslam Respublikası, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belorusiya, Moldova, Türkmənistan, Gürcüstan, Baltik ölkələri və başqa ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələr etmişdir.

Elmi əsərləri

Qərib Məmmədov 700-ə yaxın elmi əsərin, o cümlədən 30 metodik tövsiyə və kitabçanın, 36 müəlliflik şəhadətnaməsi və patentin, 5 səmərəli təklifin, 20-dən çox dərslik və dərs vəsaitinin və 30-a yaxın monoqrafiyanın müəllifidir. Onun əsərləri tanınmış yerli və xarici jurnallarda çap olunmuşdur. Akademikin əsərləri təkcə torpaqşünaslıq elminin inkişafı ilə deyil, bu elmə yaxın olan digər elmlərin, o cümlədən ekologiya, torpaq coğrafiyası, torpaq kadastrı və monitorinqi, geodeziya və yerquruluşu, meşəçilik, aqroekologiya və digər elm sahələrinin inkişafında əvəzsiz rolu vardır. Qərib Məmmədovun çoxsahəli tədqiqatları nəticəsində Azərbaycan torpaqlarının aqroekoloji qiymətləndirilməsi və bonitirovkası, torpaq kadastrının, hüquqi elmi və praktiki məsələləri, torpaq ehtiyatlarının öyrənilməsinə, eləcə də onun tədqiqatlarının əsas istiqamətləri Azərbaycanda torpaq islahatlarının və bütövlükdə aqrar islahatların təhlilinə və elmi təminatına yönəldilmişdir.

İctimai fəaliyyəti

Torpaqşünaslıq və Aqrokimya İnstitutu

Akademik Qərib Məmmədovun elmi-təşkilati fəaliyyətinin mühüm bir hissəsi AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə bağlıdır. Qərib Məmmədov 1973–1976-cı illərdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu əyani aspiranturasında təhsil alıb. "Mil düzünün qərb hissəsinin otlaq torpaqlarının aqroekoloji xarakteristikası və bonitirovkası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1976–1980-ci illərdə institutun "Torpaqların aqroekologiyası və bonitirovkası" laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb. 1980–1984-cü illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda baş elmi işçi vəzifəsində işləyib. 1984–94-cü illərdə İnstitutda laboratoriya rəhbəri işləyir. Qərib Məmmədov 1991-ci ildə Dnepropetrovsk Dövlət Universitetində "Azərbaycanın kənd təsərrüfatı və meşə altında olan torpaqlarının ekoloji qiymətləndirilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Doktorluq dissertasiyasının əsasını Azərbaycanın kənd təsərrüfatı və meşə altında olan torpaqların ekologiyası məsələləri təşkil edir. Burada torpaqların ekologiyası ilə bağlı problemlər geniş təhlil edilir və onun həlli yolları müəyyən edilib. 1992-ci ildə SSRİ AAK tərəfindən ekologiya ixtisası üzrə biologiya üzrə elmlər doktoru alimlik dərəcəsi verilmişdir. 1994-cü ildə Azərbaycan EA Rəyasət Heyəti tərəfindən Torpaqşünaslıq və Aqrokimya İnstitutuna direktor təyin olunur. Direktor işlədiyi illərdə institutun "ixtisaslaşdırılmış müdafiə" və "elmi" şuralarının sədri olmuşdur. Qərib Məmmədov 1996-cı ilə qədər institutun direktoru vəzifəsini daşımışdır. Hazırda institutun "Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası"nın müdiridir. Qərib Məmmədov Torpaqşünaslıq və Aqrokimya institutunda çalışdığı illərdə ayrı-ayrı ölkələrdə keçirilmiş beynəlxalq simpoziumlarda, konqreslərdə, konfranslarda elmi məruzələrlə çıxış edərək Azərbaycanı təmsil etmişdir. Bu günədək 11 elmlər doktoru, 51 fəlsəfə doktoru hazırlayıb. Akademikin torpaqşünaslıq, ekologiya və meliorasiya sahələrində yüksək kvalifikasiyalı elmi kadrların hazırlanması işində yaxından iştirak edir. Onun yetirmələri hesabına indi yeni Q. Ş. Məmmədov məktəbi yaranmışdır. Bu məktəbi keçən alimlər artıq bu gün hərəsi öz elmi sahələrində respublikanın aparıcı kadrları, mütəxəssisləridirlər.

Aqrar Elmlər Bölməsi

AMEA Aqrar Elmlər Bölməsi Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2011-ci il tarixli, 369 №-li Fərmanının icrası ilə əlaqədar olaraq, Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli 17/3 №-li qərarı ilə AMEA-nın strukturunda yaradılıb. Bölmənin institutlarında 644 nəfər, o cümlədən 319 elmi işçi, 2 akademik, 2 müxbir üzv, 17 elmlər doktoru, 175 fəlsəfə doktoru çalışıb. Akademik Qərib məmmədov bölmənin ilk və sonuncu akademik-katibi olub. Aqrar Elmlər Bölməsi yaradılan gündən respublikada fəaliyyət göstərən aqrar yönümlü bütün təşkilat və elmi-tədqiqat institutları, həmçinin müvafiq fakültələri olan ali təhsil ocaqları ilə geniş əlaqələr yaratmış, bu sahədə aparılan elmi tədqiqatların müasir tələblərə uyğun səviyəyə yüksəldilməsinə nail olmaq üçün zəruri tapşırıq və tövsiyələr vermişdir. Bölmənin elmi potensialının istifadəsini nəzərdə tutan aşağıdakı dövlət proqramlarının və müvafiq tədbirlər planlarının icrası ilə əlaqədar elmi tədqiqat işləri yerinə yetirilmişdir:

  • "2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı";
  • "2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı";
  • "Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı";
  • "Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011–2015-ci illər üçün Dövlət Proqramı";
  • "2012–2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı";
  • "Azərbaycan Gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramı;
  • "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası (2013–2020)
  • "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı"
  • "Ümummilli lider H. Əliyevin Azərbaycançılıq məfkurə-sinin gənclər arasında geniş təbliğ edilməsi";
  • "Yay tətili müddətində ali təhsil müəssisələri tərəfindən ixtisaslar üzrə tədqiqat qruplarının yaradılması".

Bölmə fəaliyyət göstərdiyi müddətdə bir neçə qabaqcıl xarici təşkilatla (Kew Botanika Bağları (Böyük Britaniya), Akademik D. N. Pryanişikov adına Perm Dövlət Kənd Təsərrüfatı Akademiyası (Rusiya), Sum Milli Aqrar Universiteti (Ukrayna) və Selcuk Universiteti (Türkiyə) ilə əməkdaşlıq müqavilələri bağlayıb. Bölmənin institutlarının beynəlxalq əlaqələri daha çox elmi xarakter daşıyıb. Beynəlxalq əlaqələrin daha intensiv müstəviyə keçirilməsində və faydalılıq əmsalının yüksəldilməsində getdikcə daha çox əməkdaşın, xüsusən gənc alimlərin iştirakının təmin edilməsi ümdə vəzifələr sırasında olub. Akademik Qərib Məmmədovun AMEA Aqrar Elmlər Bölməsinin mövcud olduğu illərdə elmi-təşkilati rəhbərliyi uğurlu olub. Nəticədə müvafiq elmin daha yaxşı koordinasiyasını və müasir səviyyəyə qaldırılmasını, elmi nailiyyətlərin praktikaya tətbiqinin sürətləndirilməsini və intensivləşdirilməsini təmin etməyə, müxtəlif təşkilatlar tərəfindən birgə tədqiqatların aparılmasına çox böyük yardım göstərilib.

Müşavirlik

Akademik Qərib Məmmədov 2016-cı ildən etibarən AMEA-nın aqrar məsələlər üzrə müşaviridir. Aqrar sahədə aparılan tədqiqatların nəzəri, praktiki və texniki nəticələrini özündə əks etdirən müxtəlif nəşr layihələrinin, o cümlədən "Aqrar və ekologiya elmləri" jurnalını çap etdirir.

Azərbaycan Torpaqşünaslıq Cəmiyyəti

Akademik Qərib Məmmədov 2001-ci ildən Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin prezidentidir.

Siyasi fəaliyyəti

Azərbaycan Respublikasının Milli Məclisində

Qərib Məmmədov 1996-cı ildə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Akademikin Azərbaycan Respublikası Milli Məclisinin üzvü olarkən məqsədyönlü fəaliyyəti onu Respublikada ictimai xadim kimi tanıdıb. Deputat olduğu müddətdə Milli Məclisin "Ekologiya məsələləri üzrə" Daimi Komissiyasının üzvü, həmçinin Azərbaycan-Çin Parlamentlərarası qrupunun üzvü kimi fəaliyyət göstərib. 1997-ci ildə Azərbaycan Parlament nümayəndə heyətinin tərkibində Çində işgüzar səfərdə olub. Milli Məclisin deputatı olarkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Dövlət Torpaq Kadastrı, Torpaqların Monitorinqi və Yerquruluşu, Torpaq İcarəsi, Torpaq Bazarı və torpaqla bağlı bir çox qanunvericilik aktlarının qəbul edilməsində fəal iştirak etmişdir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində

1997-ci ilin iyul ayının 25-də Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyevin Sərəncamı (№ 627) ilə Dövlət Torpaq Komitəsinin sədri təyin olunub. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider H. Əliyevin Fərmanı (№ 461) ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olub. 2002-ci ildən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəddinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyasının sədr müavini, 2002-ci ildən Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dövlət sərhəddinin delimitasiyası və demarkasiyası dövlət komissiyasının sədr müavinidir. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevin Sərəncamı (№ 474) ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olunub və 2015-ci ilədək bu vəzifəni daşıyıb.

Dövlətimizin mühüm strateji istiqamətlərindən olan ərzaq probleminin həlli məsələlərində taxılçılığın inkişafı üçün əkinə yararsız torpaqların əkin dövriyyəsinə qaytarılmasında Q. Ş. Məmmədovun böyük xidmətləri vardır. Qaçqın və məcburi köçkünlərə həyətyanı kənd təsərrüfatı ilə məşğul olunması üçün torpaq sahələrinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin hazırlanması və naturada sahələrin seçilib müəyyən edilməsi, eləcə də Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin layihələndirilməsi və yerinə yetirilməsində Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin sədri kimi akademik Q. Ş. Məmmədovun xidmətləri əvəzsiz olmuşdur.

Dövlət torpaqlarının tərkib hissəsi kimi Torpaq Kadastrı, Yerquruluşu və Torpaq Tədqiqatları, Bələdiyyə əraziləri və xəritələrinin verilməsi, kartoqrafiya, geodeziya və topoqrafiya, torpaq resurslarından istifadəyə nəzarət və həmçinin respublikamızın dövlət sərhədlərinin delimitasiya və demarkasiyası məsələləri bilavasitə Q. Ş. Məmmədovun rəhbərliyi altında çox uğurla həyata keçirilmişdir. Dövlətimizin torpaq və aqrar siyasətinin həyata keçirilməsində eləcə də torpaq resurslarının səmərəli istifadəsi və mühafizəsi sahəsində müvafiq idarəetmənin həyata keçirilməsində Q. Ş. Məmmədovun çox böyük xidməti vardır.

Partiya fəaliyyəti

Qərib Məmmədov Yeni Azərbaycan Partiyası yarandığı ildən üzvüdür. Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədrinin birinci müavini kimi partiyanın işində yaxından iştirak edir.

Redaksiya fəaliyyəti

  • 2000-ci ildən "AMEA Xəbərləri (biologiya elmləri seriyası)" jurnalının baş redaktorunun müavinidir.
  • 2003-cü ildən "Elm və həyat" jurnalının redaksiya heyətinin üzvüdür.
  • 2013-cü ildən "Elm dünyası" jurnalının redaksiya heyətinin üzvüdür.
  • 2014-cü ildən "Azərbaycan Milli Elmlər Akademiyasının xəbərlər məcmuəsi" elmi-ictimai jurnalının redaksiya heyətinin üzvüdür.
  • Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərlərinin redaksiya heyətinin üzvüdür.
  • "Aqrar və ekologiya elmləri" jurnalının baş redaktorudur.

Pedaqoji fəaliyyəti

Akademik Qərib Məmmədov elmi, elmi-təşkilati, ictimai və siyasi fəaliyyəti ilə yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğuldur. Akademik respublikanın müxtəlif ali təhsil müəssisələrində torpaqşünaslıq, ekologiya və meliorasiya ixtisasları üzrə kadrların yetişdirilməsində aktiv iştirak edir.

Qərib Məmmədov 1980-ci illərdən etibarən V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (hazırkı Azərbaycan Dövlət Pedaqoji Universiteti) Coğrafiya fakültəsində "Torpaqşünaslıq", "Torpaq coğrafiyası" və "Ekologiya" fənlərindən mühazirələr oxuyub.

Akademik Qərib Məmmədov 1998–2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Torpaq islahatı"na və "Ekologiya məsələləri"nə həsr olunmuş mühazirələr deyib.

Akademik Qərib Məmmədovun elmlə yanaşı, təhsilin inkişafında da böyük xidmətləri var. Belə ki, onun təşəbbüsü və akademik Abel Məhərrəmovun bilavasitə köməkliyi nəticəsində Bakı Dövlət Universitetində əvvəlcə Biologiya fakültəsində Torpaqşünaslıq kafedrası (2004), sonradan isə Ekologiya və torpaqşünaslıq fakültəsi (2010) yaradılmışdır. Hazırda həmin fakültədə tələbələr bir neçə ixtisas üzrə, o cümlədən torpaqşünaslıq, ekologiya, aqrokimya, yerqurluşu və torpaq kadastrı ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alırlar. Akademik Qərib Məmmədov Torpaqşünaslıq kafedrası yaradıldığı tarixdən ona rəhbərlik edir. Qeyd edək ki, Q. Məmmədov 2002–2006-cı illərdə Bakı Dövlət Universitetinin CoğrafiyaBiologiya fakültələrində Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.

Qərib Məmmədov 2015-ci ildə Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin AMEA Aqrar Elmlər Bölməsinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaradılmış Elm və Tədris Mərkəzinin təşəbbüskarıdır .

Beynəlxalq qurumlara üzvlüyü

  • 1993-cü ildən Beynəlxalq Ekoenergetika Akademiyasının üzvüdür.
  • 1998-ci ildən akademik H. Əliyev adına Ekologiya fondunun sədridir.
  • 1998-ci ildə Fransada keçirilən Ümumdünya Torpaqşünaslıq Cəmiyyətinin XVI konqresində həmin Cəmiyyətin ömürlük üzvü seçilmişdir.
  • 2000-ci ildən Beynəlxalq Noosfer Akademiyasının həqiqi üzvü.
  • 2000-ci ildən Rusiya Ekologiya Akademiyasının akademikidir (Moskva).
  • 2001-ci ildən Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvüdür.
  • 2001-ci ildən Rusiya Təbiət Elmlər Akademiyasının akademikidir (Moskva).
  • 2001-ci ildən Beynəlxalq Elmlər Akademiyasının akademikidir (Avstriya).
  • 2002-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının akademikidir (Bakı).
  • 2011-ci ildə Avroasiya Torpaqşünaslar Cəmiyyətlərinin Federasiyasının həmsədri təyin edilmişdir.
  • 2012-ci ildə Moldova Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü seçilmişdir.
  • 2012-ci ildə BMT-nin Asiya və Sakit Okean üzrə Beynəlxalq Kartoqrafik Konfransda iştirak və Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının 11 üzvündən biri seçilmişdir.

Mükafatları

  • Akademik Qərib Məmmədov bonitirovka, aqroekologiya və xəritəçilikdə qazandığı elmi uğurlarına görə SSRİ Xalq Nailiyyətləri Sərgisinin bürünc medalına(1987), V. V. Dokuçayev adına medalına layiq görülüb.
  • Elmi nəticələri, elmi-təşkilati və pedaqoji fəaliyyətinə görə akademik H. Əliyev adına mükafat, fəxri diplom və medalla təltif olunub(1997).
  • 2013-cü ildə Kembric Universitetinin sertifikatına və "Əsrin tanınmış alimi" Beynəlxalq diplomuna və bir sıra yerli və beynəlxalq nüfuzlu təşkilatlaırn mükafat və diplomlarına layiq görülüb.
  • Avrasiya Araşdirma Rəy Mərkəzi tərəfindən keçirilən respublika respodentlər arasında keçirilən rəy sorğusunun nəticələrinə əasən, respublikada torpaq islahatlarının aparılmasında və torpaq ehtiyatlarından səmərəli istifadəsində xidmətlərinə görə "Qızıl Kürə" Milli Mükafatı (2012) ilə təltif olunmuşdur.
  • AMEA-nın 70 illik yubileyi münasibətilə hazırlanmış xatirə medalı (2015)
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 yanvar 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında aqrar elmin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib[4].
  • Torpaqşünaslıq, Ekologiya və Aqrar elmlərin inkişafında xidmətlərinə görə AMEA-nın "Fəxri Fərman"ı (2017) ilə təltif edilib.[5].
  • Azərbaycan elminin və təhsilinin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük roluna, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı xidmətlərinə görə və anadan olmasının 70 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin "Fəxri Fərman"ı (2017) ilə təltif edilib.
  • Fəxri Fərman — 12 yanvar 2022-ci ildə Rəyasət Heyətinin binasında AMEA-nın Fəxri fərmanı ilə təltif edilmişdir.

İstinadlar

  1. "Torpaqşünaslıq kafedrası". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
  2. "Arxivlənmiş surət". 2017-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.