Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl

Qələbə meydanında Leninqradın müdafiəçilərinə abidə (rus. Монумент героическим защитникам Ленинграда) — 1941–1943-cü illərdə Leninqradın blokadası zamanı Leninqradı müdafiə etmiş Qızıl Ordu hərbçilərinin şərəfinə ucaldılmış monumental heykəltaraşlıq kompleksi.

Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl
Монумент героическим защитникам Ленинграда
Abidənin 1981-ci ildə ümumi görünüşü
59°50′34″ şm. e. 30°19′19″ ş. u.
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Qələbə meydanı
Heykəltaraş Mixail Anikuşin
Memar Valentin Kamenski
Sergey Speranski
Tikilmə tarixi 1974—1975
Hündürlüyü 4.800 sm
Material bürünc, qranit
Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl (Sankt-Peterburq)
Qələbə meydanında Leninqradın müdafiəçilərinə heykəl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Leninqradın qəhrəman müdafiəçiləri şərəfinə abidənin ucaldılması ideyası hələ Böyük Vətən Müharibəsi illərində meydana gəlmişdi, lakin abidənin inşasına yalnız otuz il sonra, şəhərin düşmən qüvvələrin blokadasından tamamilə təmizlənməsindən sonra başlanmışdır. Abidənin inşa ediləcəyi yer 1960-cı illərdə seçilmiş, kompleksin Sredniy Roqatki meydanında ucaldılması qərarlaşdırılmış, 1962-ci ildə meydan Qələbə meydanı adlandırılmışdır.

Abidə üçün yer təsadüfən seçilməmişdi. Müharibənin ilk günlərindən Moskva prospekti cəbhə yolu olmuş və bu prospektlə xalq qüvvələri, texnika və hərbi birləşmələr hərəkət etmişlər. Məhz bu ərazinin yaxınlığından müdafiə xətti keçirdi. Sredniy Roqatki meydanının özündə xəndəklər qazılmış, tank əlehinə qurğular yerləşdirilmişdi. 1945-ci ildə Böyük Vətən Müharibəsinin başa çatmasından sonra müharibədən qayıdan qvardiya döyüşçülərini qarşılamaq üçün məhz burada müvəqqəti triumfal arka inşa edilmişdi.[1]

Kompleks əhalinin verdiyi bəxşişlər hesabına inşa edilmişdi. Bəxşişlərin toplanması məqsədi ilə Dövlət Bankında 114292 №-li hesab yaradılmışdı. Şəhər sakinləri bu çağırışa müsbət yanaşmışdılar. Yüz minlərlə şəhər sakini, təşkilatlar və ictimai birliklər bu hesaba ödənişlər etmişlər. Layihə üçün müsabiqə elan edilsə də qalib olmadığına görə kompleksin inşası bir müddət yubanmışdır.

1970-ci illərdə layihə üzərində işlərin tamamlanması üçün xüsusi yaradıcı qrup təşkil olunmuşdur. Nəticədə Leninqradın qəhrəman müdafiəçiləri şərəfinə abidə memarlar V. A. Kamenski, S. B. Speranski və heykəltaraş M. K. Anikuşinin layihəsi əsasında inşa edilmişdir. Onların üçü də Leninqradın müdafiəsində şəxsən iştirak etmişdilər. Abidə Pulkovski yüksəkliyi və hava limanı tərəfdən Sankt-Peterburqun cənub girişini formalaşdırır. Ümumilikdə kompleks şəhərin qəhrəmanlıq tarixinin bürünc və qranit üzərində həkk edilmiş tarixçəsidir. Kompleksin əsas fasadı şəhərə daxil olanlara — Qələbə meydanına tərəf istiqamətlənir. Hündür qranit pilonlar üzərində Leninqrad müdafiəçilərinin 26 bürünc heykəli ucaldılmışdır. Heykəllər qrupu cəbhə xətti istiqamətinə — Pulkovski yüksəkliyinə istiqamətlənir.

Üç il sonra 23 fevral 1978-ci ildə abidə kompleksi tərkibində yeraltı xatirə zalının açılışı olmuşdur. Hazırda həmin zal Şəhər Tarixi Muzeyinin filialı kimi fəaliyyət göstərir. Bu zalda Leninqradın blokadasına həsr edilmiş sənədli-bədii ekspozisiya nümayiş etdirilir. Zalda blokada günlərini əks etdirən şam formalı 900 çıraq quraşdırılmışdır. Çıraqların altında Leninqrad ətrafında döyüşlərin baş verdiyi yaşayış məntəqələrinin adları yazılmışdır. Xatirə zalında "1941-Blokada" və "Qələbə" (müəlliflər: S. N. Repin, İ. Q. Uralov, N. P. Fomin, rəhbər: A. A. Mılnikov[2]) mozaik pannoları, "Leninqrad uğrunda qəhrəman döyüş" elektron xəritsəi, şəhərin 700 müdafiəçisinin adlarının yazıldığı mərmər lövhə yerləşir.[1] 1995-ci ildə ekspozisiyaya Leninqrad uğrunda canlarını fəda etmiş hərbçilərin və mülki vətəndaşların adlarının yazıldığı Xatirə Kitabı da əlavə edilmişdir.

Təsviri

Memorialın əsas vertikalı — 48 metrlik qranit obelisk – Böyük Vətən Müharibəsində xalqların qələbəsini simvolizə edir. Obeliskin aşağısında "Qaliblər" heykəl qrupu yerləşir: işçi və əsgərin təsvir olunduğu bu heykəllər M. K. Anikuşinin fikrincə cəbhə və şəhərin birliyini göstərir. Obelisk "Qələbə meydanı" ilə "Blokada" yarımdairəvi xatirə zalının arasında yerləşir.

Kompleksin şəhərə baxan şimal tərəfində "Blokada" xatirə zalı yerləşir. Zal 40 m diametr dairə və 124 m uzunluğunda divarlar vasitəsiylə kənar aləmdən ayrılır və bu blokadanı simvolizə edir. Zalın mərkəzində "Blokada" heykəl kompozisiyası yerləşir. Müəllif heykəlləri insan boyu ölçüsündə işləmişdir ki, izləyicilər leninqradlıların necə dərin iztirab çəkdiklərini, ölüm və həyat arasında sərhəddin necə nazik olmasını hiss edə bilsinlər. Öz əsərindən bəhs edərkən sənətkar qeyd edir ki, o hər şeyi ifadə etməyə çalışmışdır: bombardmanlar, top atəşləri, dəhşətli aclıq, şiddətli soyuq, əziyyət və Leninqrada qəddar düşmən tərəfindən vurulmuş yaralar.

İstinadlar

Ədəbiyyat

  • Памятники Санкт-Петербурга. Справочник. СПб.: Артбюро, 2002.
  • Исаченко, В. Г. Памятники Санкт-Петербурга. Справочник. СПб.: Паритет, 2004.
  • Гусаров, А. Ю. Памятники воинской славы Петербурга. СПб., 2010.
  • Ковальчук, В. М., Чистиков, А. И. Ленинград и ленинградцы в годы блокады. СПб.: Лики России, 2012.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.