Qədim Yunanıstan mədəniyyəti
Klassik qədim, yaxud antik Roma müəllifləri
Avropa mədəniyyətinin beşiyi kimi tanınır. Mügəsrlərdə antik yunan mədəniyyəti Avstraliya mədəniyyəti üçün dünyagörüşünün əsası, bioloq və iqlim üçün qaynaq kimi qalmışdır. Qədim Yunanıstan mədəniyyətinin Qədim Roma mədəniyyətinin təsirlərinə çəkməyə möhtac qaldığı düşünülür. Onlar 3 Tanrıya inanırdılar : Zevs — yer, Poseydon — Göy Aid — Dəniz
Yunan əfsanələri
Qədim yunanlar ölkənin keçmişindən bəhs edən çoxlu əfsanələr və mahnılar yaratmışlar. Bu mahnı və əfsanələrdə uydurmalar olsa da, onlar yunanların məşğuliyyəti, əmək alətləri, hansı ölkələrdə olmaları, dini və s. haqqında məlumat verir.
Alimlər əfsanələrdən tarixi mənbə kimi istifadə edirlər. Yunanlar "Dedal və İkar", "Tesey", "Arqonavtlar", "Herakl", "Promotey", "Demetra və Persofena" və s. əfsanələr yaratmışlar. Bu əfsanələrin hər biri yunanların keçmişi, insanları və onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi.
Yunan əfsanələrindən birinə görə, Troya şahzadəsi Paris ilahə Afroditanın yardımı ilə Sparta padşahının arvadı Yelenanı qaçırır. Padşah bundan qəzəblənir, bütün yunanları müharibəyə çağırır. Yunanların yüzlərlə gəmisi Troyanın yerləşdiyi Kiçik Asiyaya yan alır. Müharibə on il davam edir. Troya müharibəsi e.ə 1200-cü ildə başlanmışdı. Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr yaratmışdılar. Kor şair Homer bu əfsanələr əsasında e.ə. VIII əsrdə "İliada" və "Odisseya" epik poemalarını yaratmış, onlar e.ə. VI əsrdə yazıya alınmışdı. Yunanların adət-ənənələri, etiqadları, həyat tərzi haqqında geniş məlumat verən bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür ki, e.ə. XI–IX əsrlər Homer dövrü adlanır. Yunanıstanın erkən qədim tarixini öyrənmək üçün Homerin poemaları etibarlı mənbə sayılır. Arxeoloji qazıntılar nəticəsində Homerin "İIiada" və "Odisseya" poemalarında təsvir olunmuş hadisələrin tarixən olduğu sübut edilmişdir. Yunanlar Troya şəhərini İlion adlandırırdılar. "İliada" poemasının adı da buradan götürülmüşdür. Poemada göstərilir ki, Troyanın mühasirəsi yunanları tamam yormuşdur.
Yunanların qəhrəmanı Axillesin anası Fetida (su ilahəsi) onun dabanından tutub yeraltı suda çimizdirərmiş. Odur ki, onun bütün bədəni daşbatmaz, dabanı isə zəif imiş. Bu, Axillesin ölümünə səbəb olur. İndi insanın zəif yerini "Axilles dabanı" adlandırırlar. Yunanlı Odissey Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və içərisinə yunan döyüşçülərini doldurur. Troyalılar gecə atı şəhərə çəkib aparırlar. Döyüşçülər gecə atdan çıxıb darvazaları açır, yunanlar troyalıları məğlub edirlər. Buradan da "Troya atı" ifadəsi meydana gəlmişdir. Bu isə düşməndən hədiyyə qəbul etməyin təhlükəli olması deməkdir."Odisseya" poemasında yunanların Troyanın alınmasından sonra Odisseyin başçılığı ilə yunanların vətənə dönmələri və yolda onların başına gələn hadisələr, Odisseyin öz doğma şəhəri İtakaya gəlməsi təsvir edilir. Odissey İtakaya gəlib evində ağalıq edənləri qırır və əvvəlki hakimiyyətini bərpa edir. Hər iki poema böyük ədəbi əsər olmaqla yanaşı zəngin tarixi mənbədir.
Qədim Yunanıstanda Din
Dünyanın başqa xalqları kimi, yunanlar da təbiət hadisələrinin səbəbini bilmir, ondan qorxurdular. Onlar ilahları insan cildində və insanlar kimi təsvir edirdilər. Belə ki, ilahların cinsiyyəti var idi (ilah və ilahələr), onlar insanlar kimi sevir, nifrət edir, inciyir, döyüşür, qorxur, ehtiraslanırdılar. Hətta ilah və ilahələrin arasında insanlarda olduğu kimi iş bölgüsü də var idi. Təbiəti tanrılar və ilahələr idarə edirlər.
Rəvayətə görə, baş tanrı Zevs, Poseydon və Aid dünyanı öz aralarında bölüşdürmüşlər. Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın tanrısı idi. Zevsin iradəsi ilə şimşək çaxır, yağış yağırdı. Apollon işıq və incəsənət tanrısı idi. Günəş tanrısı Helios qızıl arabası ilə səfərə çıxanda gün başlanır. Münbitlik tanrısı Demetra idi. Onun qızı Persefonanı Aid oğurlayır. Onu anasının yanına buraxmır. Demetra kədərlənir. Hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş edir ki, Persefonanı bir neçə ay anasının yanına buraxsın. Qız anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası kədərləndiyinə görə qış gəlir. "Demetra və Persefona" əfsanəsi də buradan yaranmışdı.
Yunanlar meşə tanrılarını satirlər, bulaq tanrılarını nimfalar adlandırırdılar. Yunanlarda əkinçilik, maldarlıq, ovçuluq, sənətkarlıq və.s. sahələr yarandıqca onları himayə edən tanrılar da yaradılırdı. Dionis şərabçılıq, Hefest dəmirçilik, Hermes ticarət tanrısı idi. Afina müdriklik və müharibə tanrısı idi.
Yunanlar belə güman edirdilər ki, tanrılar ən yüksək dağ olan Olimpdə yaşayırlar. Onları Olimp tanrıları adlandırırdılar. Prometey insan azadlığı uğrunda mübarizə aparırdı. Tanrılar odun, sənətin sirlərini insanlardan gizlədirdilər. Prometey isə insanlara ağıl, idrak vermiş, insanlara hesab, sənət öyrətmişdir. Zevsin əmri ilə Hefest Prometeyi Qafqaz dağlarında yalçın qayaya zəncirləyir. Zevsin göndərdiyi qartal onun ciyərinin bir hissəsini hər gün qoparır. Hər gün ciyər bərpa olunur. Prometey bu dəhşətə dözür, amma Zevslə barışmır. Buradan da "Prometey" əfsanəsi yaranmışdır.
Məktəb və gimnaziyalar
Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir daha qayıtmadılar. Onlar e.ə. IX əsrdə finikiyalıların əlifbasına sait səsi bildirən 2 işarə əlavə edib 24hərfdən ibarət yunan əlifbasını tərtib etdilər. Onlar mətni papirus, gil lövhə, üzərinə mum çəkilmiş taxta parçası üzərində stil adlanan metaldan düzəldilmiş ucu şiş çubuqla yazırdılar. Azad yunanların uşaqları 7 yaşından məktəbə gedirdi. Sənətkar və kəndli uşaqları ibtidai məktəbdə, dövlətli uşaqları 18 yaşınadək gimnaziyada oxuyurdu. Onlar Homerin, Hesiodun və başqa yazıçıların əsərlərini əzbər bilirdilər. Şagirdlərə şəkil çəkməyi, rəqs etməyi, mahnı oxumağı və lirada çalmağı, valideynlərinə və yaşlılara ehtiramla yanaşmaq qaydalarını öyrədirdilər. Qızlar və qullar oxumurdular.
Teatr
Məhz antik Yunanıstanda, onun intellektual mərkəzi olan Afinada filosof Protaqor özünün məşhur "insan hər şeyin meyarıdır" kəlamını bəyan etmişdi. Bu ifadəni mifologiyadan memarlığa, siyasi quruluşdan qədim yunan teatrının nailiyyətlərinə qədər bütün qədim yunan mədəniyyəti üçün düstur hesab etmək olar.
E.ə. VI əsrin sonu V əsrdə Afinada açıq havada tamaşa göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü olan "teatr" "tamaşa yeri" deməkdir. Xorun çıxış etdiyi yer "orkestra", aktyorların oynadığı yer "skena" adlanırdı. Qədim Yunanıstanda şərab tanrısı Dionisin şərəfinə təşkil edilmiş bayram, onun barəsində əfsanələrin səhnələşdirilib nümayiş etdirilməsi ilə qədim yunan teatrının əsası qoyuldu. Qədim Yunanıstanda teatra "böyüklər üçün məktəb" deyirdilər.
E.ə. V əsrin sonları — IV əsrdə bütün yunan şəhərlərində açıq havada tamaşa göstərilən teatrlar tikilmişdi.
Yunanıstanda əfsanələr əsasında tragediyalar adlanan pyeslər yarandı. Tragediya "keçi mahnısı" deməkdir. Tragediyada qəhrəmanlar arasında gərgin mübarizə gedir, sonra isə qəhrəmanlar öz ideyaları uğrunda həlak olurlar. Afinada tragediyanın banisi Esxil olmuş, o, "ZəncirIənmiş Prometey" tragediyasını yazmışdır. E.ə. V əsrdə yaşamış Sofokl "Antiqona" faciəsinin müəllifidir. Esxil və Sofokl müdrik dahilər sayılırdı.
Yunanıstanda komediyalar şən, məzəli və gülməli səhnəciklərdən ibarət olurdu. Komediya sözü "şən sakinlər mahnısı" deməkdir. Komediyalar adamları düşünməyə məcbur edirdi. "Quşlar" komediyasını yazmış Aristofan (e.ə. 445–385)çox məşhur idi və "komediyanın atası" sayılırdı.
Memarlıq, heykəltaraşlıq və rəssamlıq
Gözəl insan sima və bədəni klassik qədim yunan incəsənətinin nəinki aparıcı, həm də, demək olar ki, yeganə mövzusu idi. Təbiət isə çox xəsisliklə təsvir olunurdu.
E.ə. V–IV əsrlərdə Yunanıstanda memarlıq, heykəltaraşlıq və rəssamlıq yüksək inkişaf səviyyəsinə çatmışdı. Ölkədə çoxlu ictimai binalar tikilmişdi. Yunanıstanın ən gözəl şəhərlərindən biri Afina idi. Afinanın baş meydanı Aqora (bazar meydanı) idi. Portiklər (kölgəliklər) bir və bir-neçə cərgə sütunlar üzərində tikilirdi və yunanlar bu portiklərin kölgəsində istirahət edirdilər. E.ə. VI–V əsrlərdə Yunanıstanda iki növ sütun var idi. Dori sütunları sanki daş döşəmədən çıxan və yuxarıda adi sal daşla tamamlanan möhtəşəm sütunlar idi. Bəzəkli məbəd tikintisində ionik sütunlarından istifadə olunurdu. Sütunların yuxarısında əyri qoyun buynuzuna bənzər qıvrım naxışlar olurdu. Afinada ən məşhur məbəd Akropol (yuxarı şəhər) idi. Onu Fidi tikmişdi. Akropolda ucaldılan binalar və heykəllər e.ə. V əsrdə yunan incəsənətinin zirvəsi sayılırdı. Akropol mərmər sütunlardan ibarət portiklərlə əhatə olunmuşdu. Burada Afinanın şərəfinə Parfenon məbədi tikilmişdi. Heykəltəraş Fidi Parfenonda Marafon vuruşmasında qənimət kimi əldə edilmiş qızıl və fil sümüyündən ilahə Afinanın 12 m hündürlüyündə heykəlini qoymuşdu. Parfenon qarşısında qurbanlar kəsilirdi. Heykəllərlə bəzədilən xəzinə saxlanılırdı.
Yunanlar heykəlləri ağacdan, tuncdan və mərmərdən canlı və cazibədar düzəldirdilər. Heykəltəraşlar insan bədənini hərəkət vəziyyətində də təsvir etməyi bacarırdılar. Heykəltəraş Miron e.ə. V əsrdə"Diskatan" heykəlini yaratmışdı. Tanrıların, qəhrəmanların və başqalarının heykəlləri düzəldilirdi. Qədim Yunanıstanda vaza rəssamlığı və gil heykəltaraşlığı geniş yayılmışdı.
Elm
Qədim yunanlar onlara qədər şərqdə yaranmış elmi mənimsədilər, təbiət üzərində müşahidələr apardılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII–VI əsrlərdə Milet şəhəri və Egey dənizinin şərqində yerləşən İoniya vilayətindəki şəhərlər elm mərkəzlərinə çevrildi. İoniya alimləri təbiət hadisələrini izah etməyə, onların səbəblərini öyrənməyə çalışır, dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
E.ə. V əsrdə yunan elminin mərkəzi Afina idi. Burada Demo krit (e.ə. 460–370) İoniya alimlərinin işini davam etdirdi. O, belə bir fikir söyləmişdir ki, bütün dünya ən xırda zərrəciklərdən atomlardan ibarətdir. Demokrit insanlarda ruhun ölməzliyini inkar edirdi. O, dinin yaranmasının səbəbini insanların təbiət hadisələri qarşısında aciz qalmaları və qorxusu ilə izah edirdi. Demokrit materialist olduğuna görə onu cəzalandırmaq istəyirdilər. Demokritin ardıcılı Hippokrat (e.ə. 460–377) idi. Onun fikrincə, həkim xəstənin bədənində xəstəliyə qarşı müqaviməti artırmalıdır. Onun tibb elminin inkişafında böyük xidməti olmuşdur. Həkimin mənəvi davranış normaları olan "Hippokrat andı"onun adı ilə bağlıdır.
Aristotel (e.ə. 384–322) qeyri-adi biliyə malik alim idi. İsgəndərin müəllimi olmuşdu. Şərqdə Aristotelə Ərəstun deyirlər. O, bütün bilikləri ayrı-ayn sahələrə böldü, elmlərə ad verdi: botanika yunanca "bitki", fizika-"təbiət", poIitika-"dövlət" sözlərindən götürülmüşdür. Buna görə də ona birinci müəllim deyirlər. Aristotel hesab edirdi ki, Yer kürə şəklindədir, dünyanın mərkəzində yerləşir, Günəş və ulduzlar isə onun ətrafında fırlanır.
Yunanıstanda tarix elminin əsası e.ə. V əsrdə qoyulmuşdur. Həmin dövrdə yunan tarixçisi Herodot (e.ə. təqribən 490–425) "Tarix" əsərini yazmış, Plateya vuruşmasına qədər olan dövr haqqında məlumat vermişdi. Bu kitab Yunanıstan, Ön Asiya və Misirin, o cümlədən, Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbədir. Bu əsərdə İran-yunan müharibəsində iştirak edən bütün xalqlar haqqında tarixi, etnoqrafik materiallar şərh olunmuşdu. Midiya əfsanələrini ilk dəfə Herodot yazıya almışdır. Kitabda Azərbaycan ərazisində yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu "tarixin atası" adlandırmışdı.
Olimpiya oyunları
Olimpiya oyunları Yunanıstandakı Peloponnes vadisindəki Olimpdə keçirilirdi. Yunanlar əsas idman növləri üzrə 4 ildən bir keçirilən olimpiya oyunlarında yarışırdılar. 4 at qoşulmuş arabada yarış daha təhlükəli idi. 12 dəfə dövrə vurmaq lazım gəlirdi. Hakimlər qalibləri zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırırdılar. Olimpiya oyunlarında ancaq varlılar iştirak edə bilirdi. Çünki yoxsulların bu yarışa hazırlaşmağa imkanları olmurdu. Qadınlar yarışlarda iştirak edə və onlara baxa bilməzdilər. Olimpiya oyunlarında on minlərlə adam iştirak edirdi. Buraya koloniyalardan da tamaşaçı və iştirakçı gəlirdi. Müharibələr dayandırılır, yarışlar başlanır və beş gün davam edirdi.
Olimpiya yunanlar üçün müqəddəs yer idi. Onun mərkəzində Zevs məbədi, bu məbəddə Zevsin nəhəng heykəli yerləşirdi. Bu heykəl dünyanın 7 möcüzəsindən biri idi. İlk Olimpiya oyunları e.ə. 776-cı ildə keçirilmişdi. Yunanların il hesabı həmin ildən başlanır. Bizans imperatoru I Feodosi Olimpiya oyununu qadağan etdi. Olimpiya oyunlarının keçirilməsi 1896-cı ildə bərpa edildi. İndi hər dörd ildən bir Olimpiya oyunları keçirilir. Oyunların harada keçirilməsindən asılı olmayaraq, onun məşəli Olimpdə günəş şüalarından odlanmış alovla yandırılır.
Yunan mədəniyyətinin müasir dövrümüz üçün misilsiz əhəmiyyəti var. Yunan əlifbası bir çox əlifbalar üçün əsas oldu, onlar elmin inkişafında nailiyyətlər qazandı, onların əsərləri müasir dövrdə əksər xalqların dilinə tərcümə edilmiş, yaratdıqları heykəllər və tikintilər sonrakı dövr üçün nümunə idi. Quldarlıq demokratiyası azad yunanların elm və incəsənətlə məşğul olmasına şərait yaratdı və bu da elmin və incəsənətin tərəqqisinə təkan verdi. Yunanlar ellin mədəniyyətini yaradarkən başqa xalqların da elm və mədəniyyətini mənimsəyirdilər.
Krit-Miken Mədəniyyəti
Öz inkişaf tarixində Qədim Yunan mədəniyyəti bir neçə mərhələdən keçib. Bunlardan birincisi Krit-Miken mədəniyyətidir. Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki Miken şəhəri ilə əlaqədardır.
B.e.ə. III və II minilliklər çərçivəsində Krit həyatı saraylar ətrafında cəmlənmişdi. Arxeoloqlar tərəfindən tapılan bütün saray kompleksləri siyasi, iqtisadi və dini həyatın mahiyyətindən xəbər verir. Belə mərkəzlərdən
dördünün – Knoss, Fest, Malliya, Kato Zakropun adını çəkmək olar. Əvvəllər bunlar müstəqil dövlət olsalar da, sonralar Knossun tabeliyi altında birləşdilər. Krit saray kompleksləri içərisində Labirint adlı saray tədqiqatçılar tərəfindən daha dərindən öyrənilmişdir. O, Knoss şəhərində yerləşirdi. Sarayın belə adlandırılması, onun daxilindəki müxtəlif təyinatlı otaqların bir neçə (2–4) səviyyələrdə yerləşdirilməsi ilə bağlı idi.
Simmetriyanın olmaması bütün Krit memarlıq nümunələrində olduğu kimi, bu sarayda da təzahür tapmışdır. Sarayların birinci mərtəbəsində tacqoyma zalı, amfiteatr və digər otaqlar nəzərdə tutulurdu. Daxili pillələr mərtəbələri birləşdirərək böyük eyvanlarla əhatələnirdi. Burada sənətkarlıq emalatxanaları, digər təsərrüfat xarakterli otaqlar yerləşmişdi. Bu cür tikililərdə planlaşdırmanın hər hansı bir sistemini təsəvvür etmək mümkün deyil. Dövrün ən məşhur memarı əfsanəvi Dedal idi.
Knoss sarayı divarları gözəl freskalarla bəzədilirdi. Bu təsvirlər bu gün bizlərə qədim kritlilərin həyat və məişəti, mədəniyyəti, dini mərasimləri haqqında zəngin məlumatlar verir. Freska süjetlərindən belə bir nəticə əldə etmək olar ki, kritlilər təbiətə məftun insanlar idi. Peyzaj rəngkarlığının əsas mövzusunu dəniz, balıq ovu, delfin təsvirləri, kolluq və aslan, öküz, keçi rəsmləri təşkil edir. Bütövlükdə götürdükdə Kritin təsviri sənəti son dərəcə dinamik və rəngarəngdir.
Krit rəssamları insan fiqurlarının təsvirinə Misir kanonları ruhunda yanaşırdılar: insanın ayaq və sifəti yandan, gözləri tamaşaçıya zillənmiş şəkildə təsvir olunurdu. Təbiətin təsviri o qədər realist ruhda idi ki, insan
təsvirləri bu rəsmlərə bütövlük, dolğunluq bəxş edirdi. Krit həyatında din əhəmiyyətli dərəcədə böyük rol oynayırdı, lakin burada xüsusi məbədlər və kahin kastaları yox idi. Əvvəldən Kritdə çar hakimiyyətinin xüsusi
forması olan teokratiya mühüm yer tuturdu. Bu hakimiyyətdə kübar və ruhani hakimiyyət bir adamın üzərinə düşürdü. Çar sarayı universal funksiyaları yerinə yetirirdi, o eyni zamanda həm dini, inzibati, həm də təsərrüfat mərkəzi idi. B.e.ə. XVI əsr və XV əsrin I yarısında Knoss (və ya Minoy) mədəniyyətinin çiçəklənmə dövrü b.e.ə. XV əsrin axırlarında tənəzzülə uğramağa başlayır. Bu çağlarda Miken (və ya axey) mədəniyyəti çiçəklənməyə başlayır. Kritdə olduğu kimi, Miken mədəniyyətində də əsas mərkəzlər saraylar idi. Bunlardan ən əhəmiyyətlilərini arxeoloqlar Miken, Tirinfe, Pilos, Afinada tapmışlar. Krit saraylarından fərqli olaraq Miken tikililərində simmetriya, otaq və zalların yerləşdirilməsinin dəqiq sistemi mövcud idi. Tikilidə mərkəzi hissəni Meqaron – iri mərkəzi zal tuturdu. Bütün axey sarayları möhkəm bərkidilərək, əsil qüllələri xatırladırdı. Məsələn, Tirinfe şəhərindəki sarayın xarici divarlarının hər biri 12 tondan ibarət iri əhəng daşlarından tikilir, divarın eni 4,5 m, hündürlüyü 7,5 m olurdu. Sonralar burada yaşayan yunanlar möhtəşəmliyinə görə bu tikililəri sikloplar adlandırırdılar. Axey saraylarının divarları da freskalarla bəzədilirdi, lakin bunlarda döyüş səhnələrinin təsvirləri başlıca yer tuturdu. Rəsmlər aslanların ov edilməsi, atları yəhərləyən döyüşçülərin təsvirlərini də əks etdirirdi. Mikenlilər təsviri sənətdə kompozisiyalarda statikliyin nümayişinə başlıca yer verirdilər. Kritin yerini tutan Miken mədəniyyəti öz təsirini Egey ərazisinin hüdudlarından uzaqlarda da göstərə bilmişdir. Onun izlərini Kiçik Asiya, Kipr, İtaliya, hətta Misirdə də tapmaq mümkündür.[1]
- Mədəniyyət Tarixi Və Nəzəriyyəsi. Bakı-2010