Qəşəm Şahbazov
Qəşəm Cəlil oğlu Şahbazov (1902, Qarahəmzəli, İrəvan qəzası – 1989, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Zəngibasar Rayon Komitəsinin birinci katibi (1947–1950).
Qəşəm Şahbazov | |
---|---|
1947 – 1950 | |
Əvvəlki | Hüseyn Məmmədov |
1944 – 1946 | |
Birinci katib | Talıb Musayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 1989 |
Vəfat yeri | |
Partiya |
|
Uşaqları | 6 (Oqtay Şahbazov, Eldar Şahbazov daxil olmaqla) |
Həyatı
Qəşəm Cəlil oğlu Şahbazov 1902-ci ildə İrəvan quberniyası İrəvan qəzasının Qarahəmzəli kəndində anadan olmuşdur. Ailənin ən kiçiyi olmuşdur.[1] Orta təhsilini İrəvan şəhərində almış, 1925-ci ilin əvvəllərində Ermənistan LKGİ MK-da işə qəbul edilmişdir. Qısa zaman sonra isə komsomolun Yeni Bəyazid qəzası (sonralar Basarkeçər rayonu) üzrə məsul təşkilatçısı təyin edilmişdir.[2]
Qəşəm Şahbazov 1928-ci ildə Bakıdakı Səməd Ağamalıoğlu adına texnikuma daxil olmuş, ardınca Gəncədəki Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. Basarkeçər rayonuna qayıtdıqdan sonra üç il burada su idarəsinin rəisi işləmişdir.[1][3]
1938-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edildikdən bir müddət sonra İrəvan şəhərinə köçən Qəşəm Şahbazov "Sovet Ermənistanı" qəzetində redaktor müavini işləmiş, sonra isə Vedi rayonuna MTS direktorunun siyasi işlər üzrə müavini vəzifəsinə göndərilmişdir. 1942-ci ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə aparılmış, lakin bir neçə gün sonra Tiflisdən geri qaytarılaraq Qarabağlar rayonunda qəzet redaktoru vəzifəsinə təyin edilmişdir. 1944-cü ildə Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin ikinci katibi seçilmiş, 1946-cı ilin əvvəlində isə Ermənistan KP Mərkəzi Komitəsinin bölmə müdiri təyin edilmişdir.[2]
Qəşəm Şahbazov 1947-ci ildə Ermənistan KP Zəngibasar Rayon Komitəsinin birinci katibi seçilmiş və bu vəzifədə çalışan sonuncu azərbaycanlı olmuşdur. O, 1950-ci ildə Azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz etməsi ilə əlaqədar olaraq rayonun birinci katibi vəzifəsindən uzaqlaşdırılaraq Bakı Ali Partiya Məktəbində oxumağa göndərilmişdir.[1] Təhsilini tamamladıqdan sonra Sumqayıt şəhərində tikinti işlərinə kömək etmək üçün təyinat alaraq burada çalışmış, bir müddət sonra isə Şamxor rayonundakı "Komsomol" kolxozuna sədr təyin edilmişdir. 3 il burada çalışdıqdan sonra yenidən Bakıya qayıtmış və həyatının sonunadək burada yaşamışdır.[2]
Qəşəm Şahbazov 1989-cu ildə 71 yaşında vəfat etmişdir.[1]
Ailəsi
Qəşəm Şahbazovun altı övladı olmuşdur: Oqtay, Emin, Sevil, Eldar, Arifə və Afət. Böyük oğlu Oqtay Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri olmuşdur. Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun atasıdır. Eldar Şahbazov isə texnika elmləri doktoru, professordur.[1]
İstinadlar
- Əsgər Zeynalov. İrəvan ziyalıları. Bakı: Oğuz eli. 1999. səh. 340–345.
- Talıb Musayev. XX əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilmiş faciələr. Bakı: Ağrıdağ. 1999. səh. 242–246.
- İrəvan: Ensiklopedik foto-toplu. I cild. Bakı. 2019. səh. 29. ISBN 978-9952-37-151-2.
Xarici keçidlər
- "Qəşəm Şahbazov". qerbiazerbaycan.com. İstifadə tarixi: 2023-06-20.