Qız qalası

Qız qalası[lower-alpha 1]Bakıda yerləşən qədim memarlıq abidəsi.

Qız qalası
Qala
40°21′58″ şm. e. 49°50′14″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Asəf Zeynallı küçəsi, Bakı şəhəri
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Memar Məsud ibn Davud
Tikilmə tarixi XII əsr (e.ə. VII-VI əsrlərə aid tikilinin yerində inşa olunub[1])
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Hündürlüyü 28
Vəziyyəti muzey
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan Azərbaycan
RegionAvropaAsiya
İstinad nöm.2.2
KateqoriyaEv
ƏhəmiyyətiDünya əhəmiyyətli
Qız qalası (Bakı)
Qız qalası
Qız qalası (İçərişəhər)
Qız qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.[2]

Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir.[3]

Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.[4][5]

Son illərdə Qız qalasında və onun ətrafındakı meydanda hər il Novruz bayramı şənliklərinin keçirilməsi ənənəsi yaranmışdır.[5]

Tarixi

Üzərində Qız qalası təsvir edilən 10 manatlıq əsginas (1993).

Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi". Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lokanik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyi nəzərə alınsa, "Davudun oğlu Məsud"un Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür.[6] Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Digər tərəfdən bir çox alimlərin fikrinə görə Kufi yazılarından X–XII əsrlərdə istifadə olunduğu üçün Qala (üst qatı) həmin əsrlərdə inşa olunub. Lakin, bəzi alimlər bu fikirlərin səhv olduğunu iddia edirlər. Daşların qatışıq məhlulundan – əhəng qarışığından istifadə olunmasından İlyas Babayev, Qara Əhmədov kimi arxeoloqlarımız müəyyən nəticəyə gəliblər. Onlar Qəbələdəki birinci minilliyin ilk əsrlərinə aid edilən abidəni əsas götürüblər. Orada da abidə eynən belə əhəng qarışığı ilə tikildiyindən, Qız Qalasını da antik dövrə aid ediblər. Bu fikri Sara xanım Aşurbəyli də təsdiq edib.[7]

Funksiyası

Qız qalasının tikilmə tarixi kimi funksiyası barədə də irəli sürülən mülahizələrin bir çoxu inandırıcı arqumentlərə arxalandığı halda, fərziyyə və uydurmadan irəli getməyəni də var. SSRİ dövrü mətbuatında yayılan Qız qalasının guya Roma imperatoru Domisianın (I əsr) şərəfinə ucaldılmış "Kesar məbədi" olması haqqında yayılan informasiya bu cür, heç bir tarixi, elmi əsası olmayan, tendensiyalı uydurmadır.[8]

Funksiyaca Qız qalasının zikkuratın Abşeron variantı, atəşpərəstlik məbədi, sükut qülləsi, göz qülləsi, rəsədxana, passiv müdafiə tikilisi və s. olması haqqında ziddiyyətli fikirlər irəli sürülmüşdür. Professor Cəfər Qiyasi qeyd edir ki,

"Qız qalasının əvvələr hansı məqsədlə inşa edilməsi üzərində dayanmadan demək olar ki, abidədə uzunmüddətli passiv müdafiə üçün tikilmiş qüllə tipli qalaların səciyyəvi cəhətləri var: divarları çox qalındır (aşağıda 5 m, yuxarıda 4 m) , qülləyə basqını çətinləşdirmək üçün birinci və ikinci mərtəbə arasında pilləkən quraşdırılmayıb, divarın içərisində ağzı üçüncü mərtəbəyə açılan su quyusu qurulub, gövdəsinə bitişik bürclü qala divarı gedir və s. Ən başlıcası isə iç məkan quruluşu baxımından Qız qalası Abşeron qəsrlərinin dairəvi qüllələri ilə bir olub, onlardan kəmiyyətcə – böyük hündürlüyü və mərtəbələrinin çoxluğu ilə seçilir."[9]

Qız qalasının 1870-ci ildə çəkilmiş fotosu

Abidənin quruluşuna əsaslanaraq onun tarixini qədim dövrlərə çəkib aparan tədqiqatçılar Qalanın Zərdüşt dövrü – Zərdüşt daxması, atəşpərəstlik məbədi olduğunu bildirmişdirlər. Bu tədqiqatçıların ehtimalına görə atəşgah məbədi olan Qız qalası e.ə. VIII–VII əsrlərdə KaspianaMidiyanın bürclü məbədlərinin təsirilə Xəzər dənizi sahilində, təbii yanan atəşlərin arasında məhz qədim od şəhəri "Atəşi Baquan"da tikilə bilərdi.

Bir çox alimlərin fikirlərinə görə, Qız qalasının Çıraqqala müdafiə qalasına bənzərliyini əsas götürüb onun Gilgilçay müdafiə sisteminə aid olduğunu da söyləmək olar. Qız Qalasının Şimal-Şərqi Albaniyanın müdafiə qalalarındakı memarlıq elementləri ilə oxşarlığını qeyd edərək onu eramızın V–VI əsrlərinə də aid edən mütəxəssislər də vardır. Tarixdən məlumdur ki, Qafqaz Albaniyasının cənub şəhərlərindən sayılan Bakı, Sasanilərin təsiri altında idi. Ehtimal etmək olar ki, Qız qalası Sasani imperiyasının, şimaldakı mərzbanlığında, məhz Albaniya ərazisində tikdirdikləri müdafiə sisteminə daxil idi.

Əsrlər boyu müxtəlif döyüşlərdə zərər görmüş Qız qalası tədricən bərpa edilərək orta əsrlərdə, Bakı Qala divarı ilə bərabər şəhərin müdafiə işinə xidmət etmişdir. Bunu abidənin tikinti quruluşundakı dəyişikliklər də sübut edir. Qala elə bir formadadır ki, şəhər düşmən tərəfindən fəth edildikdə dövrün hökmdarı və ya ona yaxın olan adamlar qalanın qapılarını bağlayaraq uzun müddət müqavimət göstərə bilsinlər. Bütün bunlar müdafiə əhəmiyyətli qalalar üçün xarakterik olduğuna görə hər hansı məbəd, gözətçi qülləsi və ya rəsədxana üçün belə müdafiə tədbirlərinin tətbiqi zərurət təşkil edə bilməz.[10] Əlbəttə abidədən öz dövrünə görə məqsədyönlü istifadə edilməsi təkzib edilmir. Qız qalasının Abşerondakı müdafiə tipli möhtəşəm qalalara (Mərdəkan, Ramana, Şüvəlan, Nardaran qalaları) bənzərliyini qeyd etmək olar.[11]

Memarlıq xüsusiyyətləri

Azərbaycan SSR-in buraxmış olduğu poçt markasının üzərində təsvir edilmiş Qız qalası rəsmi
Müstəqil Azərbaycanın buraxmış olduğu poçt markasının üzərində təsvir edilmiş Qız qalası rəsmi
Qız qalasının kənardan görünüşü
Qız qalasının planı. Dəniz göy rənglə qeyd olunmuşdur.

Ucalığı və bayır görkəmi ilə Abşeronun, eləcə də bütün Azərbaycanın müdafiə qüllələri içərisində tayı olmayan Qız qalası, daha çox planının bənzərsiz forması ilə diqqəti cəlb edir. Bu bənzərsizliyi dairəvi qülləyə bitişik çıxıntı əmələ gətirmişdir. Çıxıntını tədqiqatçılar gah kontrfors – dayaq divarı, gah dalğaqıran, gah da gizli xəzinə yeri saymışlar. C. Qiyasi qeyd edir ki, funksiyası dəqiqəşdirilməyən bu ayrıntının üstü qala müdafiəçiləri üçün əlavə döyüş yeri də ola bilərdi.[9] Abşeron qalalarının bütün müdafiə gücü onların damlarında yığılırdı və qalaya edilən basqınlara müqavimət başlıca olaraq qüllələrin yastı damlarından aparılırdı. Qız qalasında çıxıntının dairəvi qüllə ucalığında qalxması, onların üst meydançaları arasında vaxtilə birbaşa bağlılığın olduğunu göstərir. Çıxıntı həm də qalaya ən çox hücum gözlənən şərq tərəfdən qoyulmuşdur. Azərbaycan memarlığında, qala tikintisində müdafiəni gücləndirmək üçün irəli çıxarılmış qurğuların varlığına başqa nümunə olaraq Cavanşir qalasını göstərmək olar.

Abşeron qəsrlərinin qüllələrində olduğu kimi Qız qalasında da uca silindrik tutum bayırda aşağıdan yuxarıya doğru yüngülcə daraldığı halda, içəridə əksinə mərtəbələr yuxarı qalxdıqca genişlənir (birinci mərtəbədə iç diametr 6,25 m, sonuncu mərtəbədə 7,0 m). Bu yolla qalanın mühəndis və baxış dayanıqlığı gücləndirilir.

Qız qalası nəhəng qaya üzərində tikilmişdir. Ən uca tutum-hündürlüyü 30 metrə çatan dairəvi qüllə enişli sal qayanın yuxarısında yerləşir. Qüllədən ayrılan çıxıntı bir az alçaqdır. Çıxıntının uca və qalın daş kütləsi qüllənin çevrəsinə toxunandır. Sanki çıxıntı burularaq qüllə silindrinə çevrilir. Kənardan və yuxarıdan baxdıqda isə bu doqquz görüntüsü yaradaraq binanın "9" şəklində tikilməsi effektini verir.

Qüllə çıxıntısının üst hissələrinin qabarıq üfüqi daşı sıraları ilə plastik üzlənməsi (bu sıralar arası çökəkliklər ilkin dövrlərdə ağ əhəng kütləsi ilə dolu olub.) səthlərdə özümlü bədiilik, spiralvari əlavə hərəkət yaradır. Qız qalasının görkəmində dinclik və gərginlik üzvi şəkildə birləşərək yenilməzlik, alınmazlıq rəmzi yaratmışdır. Bakı Qız qalası dahi sənətkar bacarığının güclü bədiilik dərəcəsinə yüksəltdiyi, əzəmət simvoluna çevirdiyi sadəlik nümunəsidir.

Qalanın birinci mərtəbəsinin hündürlüyü 3, digər mərtəbələrin hündürlüyü isə orta hesabla 2,5 m-dir. Mərtəbələrarası əlaqə qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər vasitəsilə saxlanılır. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında əlaqə yaratmaq yalnız tavanda olan dairəvi deşikdən nərdivan və ya ip vasitəsilə mümkündür. Qalanın qapısı keçmişdə bir neçə qatdan ibarət olmuşdur. Uzunluğu qala divarının eni qədər olan qapı yerinin tağlı tavanında qalmış tikinti qalıqları bunu sübut edir. Bundan əlavə, qapının ağzında keçmişdə bir neçə quyu da mövcud olmuşdur. Beləliklə, Qız qalasına orta əsrlərdə daxil olmaq istəyən hər kəs həmin quyuların yanından ehtiyatla keçərək, nərdivan vasitəsilə qapıya qalxmalı, giriş yolu üzərində olan qapılardan keçməli və nəhayət birinci mərtəbəyə çatmali idi. Ortadakı deşikdən yuxarı mərtəbələrə qalxmaq üçün ip nərdivandan istifadə olunurdu.[12]

Qalanın cənub və cənub-şərq tərəflərini, xüsusilə dənizi nəzarət altında saxlamaq üçün mazğallar düzəldilmişdir. Bunlar qalanın içərisinə təmiz hava daxil olmaq işinə də xidmət etmişdir. 1962–1963-cü illərdə qalanın birinci mərtəbəsinin döşəməsində arxeoloji qazıntı işləri aparılmışdır. 5 m dərinliyə qədər davam etdirilən həmin qazıntı nəticəsində məlum olmuşdur ki, abidənin bünövrəsi dəniz tərəfə enişli olan nəhəng bir qayanın üzərində tikilmişdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, abidəyə dəniz tərəfdən bitişik olan kontrfors həmin enişin qarşısında qalaya əsas dayaq rolunu oynamışdır.[13]

1964-cü ildə qalada tədqiqat işləri aparılan zaman bünövrədən 14 m hündürlükdə içəriyə doğru uzanan böyük ağac tirlərin olduğu müəyyən olunmuşdur. Onların nə məqsədlə istifadə edilməsi məlum deyil. Ola bilsin bu tirlər kontrforsun içində gizli bir tikinti ilə əlaqədardır və ya zəlzələyə qarşı amortizasiya rolunu oynamışdır. Dəqiq hesablama əsasında müəyyən edilmişdir ki, qalanın divarının eni bünövrə hissədə 5 metrdirsə, yuxarı hissəsində təqribən 4,5 mertdir.

Qız qalasının tikinti quruluşunda maraqlı cəhətlərdən biri də onun içərisində qayadan ovulub düzəldilmiş su quyusudur. Diametri 0,7 m olan bu quyu qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılmışdır. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə olunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olmuşdur ki, quyunun dəniz suyunun səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunmuş, onun içmək üçün tam yararlı olması müəyyənləşdirilmişdir. Quyunun ağız hissəsi Qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 m davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu qala divarı içərisində gizlətmişlər. Onun şimalcənub divarında enib qalxmaq üçün 10–12 sm dərinlikdə ayaq yerləri vardır. Quyunun 12 m dərinliyində divar genişlənir. Qız qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun məhz su quyusunun aşağı hissəsindən başlanması ehtimal olunur.[14] 1982-ci ildə İçəri Şəhərin şərq tərəfində aparılan genişmiqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı Qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş Multani karvansarasının altından keçərək Qız qalasına doğru gedir.

Qalanın cənub-qərb tərəfindəki divarı daxilində ikinci mərtəbədən başlayaraq yeddinci mərtəbəyə qədər daşdan səliqə ilə hörülmüş, quyu formasında şırım (oyuq) vardır. Hər mərtəbədə həmin şırım olan yerdə yarımdairə şəklində taxça açılmışdır. Şırımın içərisinə uzunluğu 40–45 sm, diametri 25–30 sm, divarının qalınlığı isə 2,2 sm olan saxsı tünklər yuxarıdan aşağıya doğru bir-birinin içərisinə geydirilməklə yerləşdirilmişdir. Tünklərin bir-birinə geydirilmiş hissələri (çöl tərəfi və divarının xarici) əhəng məhlulu ilə möhkəmləndirilmişdir. Birinci mərtəbədən başlayaraq qalanın özül hissəsinə qədər gedən tünkləri 22 x 18 sm ölçüdə dördkünc formalı saxsı novçalar əvəz edir. Həmin novçalar divarın içərisi ilə bayıra yönəlir. Saxsı tünklər və novçalar üzərində dulus çarxının izləri aydın görünür.[15]

Texniki təsviri

Daşdan tikilmiş Qız Qalasının hündürlüyü 28 metr, bünövrə hissədə divarların qalınlığı 5 metr, tikilinin yuxarı hissəsində isə 4 metrdir. Qala daxili hissədə səkkiz yarusa (mərtəbəyə) bölünüb. İkinci mərtəbədən axırıncı mərtəbəyədək əlaqə divarın içərisində düzəldilmiş dolama pilləkənlər vasitəsi ilə həyata keçirilir. Yarusların işıqlandırılması cənub tərəfdə yerləşən ensiz pəncərələr vasitəsilə həyata keçirilir. Mərtəbələr yastı daş günbəzlərlə örtülüb. Qalanın ensizləşən silindrik hissəsi şərqdən, demək olar ki, qalanın zirvəsinədək ucalan və doqquz rəqəminin formasını əmələ gətirən böyük çıxıntı ilə mürəkkəbləşir. Qalanın işlənməsinə, onun bayır divarının üçüncü yarusdan başlayaraq bir daş nazikliyində üfuqi kəmərlərlə til şəklində bölünməsinə, həcmli plastikasına, onun formasının qeyri-adiliyinə görə dünya memarlığında analoqu yoxdur.

Birinci versiya

Qalanın karnizi (pərvazı) öz tərtibatı ilə qədim Parfiyanın yunan-ellinizm dövrü memarlığını xatırladır… qülləvari silindrik görünüşü və qeyri adi çıxıntısı ilə Qız Qalası qala tipli tikililəri xatırladır. Buna görə onun belə görünüşü insanların çoxunu aldadır, və bu tikili Qız Qalası adlandırılır. Qız Qalasının içəri və bayır konstruksiyalarının ətraflı öyrənlməsi belə bir qəti qənaətə gətirib çıxarır ki, o, müdafiə tikilisi deyil, mayak (dəniz fənəri) deyil və, təbii ki, siqnal gülləsi deyil. Qala atəşpərəstlərin dini tikilisidir, pəhləvi dilində "daxma" termini ilə adlanır (zirvəsində çalağanlar tərəfindən parçalanmaq üçün insan cəsədləri qoyulan qala).

İkinci versiya

Məlumdur ki, Qız Qalasının çöl hissəsində, aşağı qapının 14 metr hündürlüyündə, 4×0,6 m ölçülü daş lövhəcikdə kufi yazısı mövcuddur. Yazının fonu daşdan yonulub, sözlər iki sətirdə yazılıb. İlk dəfə bu yazı görkəmli şərqşünas N.Xanıkov tərəfindən oxunub: "Məsud ibn Davudun günbəzi (qübbəsi)". Orta əsr abidələrini araşdıran alimlər belə qənaətə qəliblər ki, hündür qünbəzvari damı olan abidələr ya məqbərə, ya da ki, rəsədxana ola bilər. Qız Qalasının məqbərə olmasını ehtimal etmək mümkün deyil, çünki arxeoloji qazıntılar zamanı qalanın içərisində dəfn izləri aşkar edilməyib. Bundan əlavə, üçüncü mərtəbədən başlayaraq quyunun və yeddinci mərtəbədən aşağı gedən qaz borusunun mövcudluğu tikilinin türbə olmağını təmamilə təqzib edir. Rəsədxana ideyasına qayıdaq. Yazıda "günbəz" sözünün mövcudluğu bizi Qız Qalasının rəsədxana olması ideyasına yaxın edir. Marağa və Təbrizdə yerləşən rəsədxanaları təsvir edən Rəşid əd-Din (XIII–XIV) və Vəssaf (XIV) bu rəsədxanalarda hündür qünbəzlərin mövcudluğunu qeyr edir. Marağa rəsədxanasında keçirilən qazıntılar zamanı bu günbəzin dairəsi aşkar edilib.

Üçüncü versiya

Beləliklə görünür ki, Qız Qalası qüllə-mayak nümunəsidir. Bu abidənin zirvəsində müqəddəs alov yanır. Qız Qalası Şirvanşahların ümumi müdafiə tikililəri sisteminə daxil olan müdafiə tikilisi idi və təhlükə haqqında gündüzlər tüstü, gecələr isə alov vasitəsilə siqnal verən mayak kimi fəaliyyət göstərirdi.

Dördüncü versiya

Qız Qalasının cənub-qərb divarına kiçik kufi yazısı həkk olunub. Yazını ilk dəfə N. Xanıkov oxuyub. N. Xanıkovun ərəb mətnində birinci söz "kubbə" kimi verilib ki, bu da tərcümədə "günbəz" deməkdir. Daha gec yazılarda isə bu söz "məqbərə" anlamında da təqdim edilir. Onu aşağıdakı kimi oxumaq lazımdır: "Məsud ibn Davudun kulası". Paleoqrafik xüsusiyyətlərinə görə yazını XII əsrə aid edirlər, lakin bu tarix qalanın təmiri ilə bağlıdır. XII əsrdə Qız Qalası Bakı şəhərinin müdafiə sisteminə daxil idi. Qalanın adı, çox güman ki, Göz Qalasının təhrif olunmuş formasıdır, yani "nəzarət qalası"… Eyni zamanda qala mayak rolunu da oynayırdı. Dəniz tərəfindən və ya qurudan təhlükə olanda qaladan gündüzlər tüstü, gecələr isə alov vasitəsilə digər müdafiə tikililərinə siqnal verilirdi. Abşeron yarımadasında otuzdan çox müdafiə tikilisi var idi.

Beşinci versiya

Sasani çarı Ardaşir (III əsr) məbədlərdə ibadəti daha da gücləndirərək Baqavan qurbangahında Hörmüzün sönməyən alovunu qorumağa əmr edir. Qız Qalasında yeddi ocaq-qurbangah var idi.

Tədqiqi

Qalada təşkil edilmiş muzeydə Azərbaycan xalqının etnoqrafiyasını əks etdirən eksponatlar
Qız Qalasının daxili interyeri, daş döşəməli mərtəbə qatı

Qız qalasının arxeoloji tədqiqinə keçən əsrin 20-ci illərinin əvvəllərində başlanılmışdır. Professor Zummerin rəhbərliyi altında bir qrup tələbə Qız qalasında arxeoloji qazıntılar aparmışdır.[16]

Tarixi və funksiyası məsələlərində bu qədər çaşğınlığın yaranmasının başlıca səbəbi Qız qalasının yazılı qaynaqlarda birbaşa anılmamasıdır. Orta əsr müəllifləri içərisində Bakı abidələrinin təsvirinə mühüm diqqət ayırmış Arif Ərdəbilinin "Bakı qəbristanlığında elə bir günbəd var ki, onu hər kim görsə heyrətdən əl çalar" kimi dəqiq ünvanı olmayan, yayğın məlumatlar isə bu məsələlərə heç bir işıq salmır.

Qız qalasının bayır səthində yerdən 14 m ucalıqda olan kiçik bir kitabə də araşdırmaçılar arasındak mübahisəni kəsə bilməmişdir. Birincisi ona görə ki, kitabə Dairəvi Mərdəkan qalasıNardaran qalasında olduğu sayaq üzlük hörgüyə üzvi daxil edilməmişdir və bu səbəbdən də mütəxəssislərin əksəriyyəti onun sonradan divara quraşdırıldığını qəbul edirlər. İkincisi analogiyası olmadığından kitabənin mətni – "Məsud Davud oğlunun qübbəsi" (başqa bir oxunuşa görə qülləsi) çətin izah olunur. Belə ki, Abşeron qalalarının sahibləri – sifarişçiləri çox varlı, nüfuzlu, başlıca olaraq yüksək vəzifəli dövlət adamları olduğundan kitabələrdə özlərinin dəbdəbəli titullarını sayıb "tikdirmişdir", "tikməyi əmr etmişdir" ifadələri ilə tikintidəki rollarını konkret göstərirlər. Belə kitabələr arabir, məsələn Dairəvi Mərdəkan qalasında olduğu kimi "sahib" sözüylə başlıyır.

Qız qalasının yeganə giriş qapısı
Poçt markası (2010).

Qalaların müəlliflərinə gəldikdə çox yığcam kitabələrdə onların adları önündə "əməlidir", "ustad", "memar" sözləri yazılırdı. Qız qalasının kitabəsinin Abşeronun monumental xəttatlıq ənənələrində bənzəri tapılmadığından Məsud Davud oğlunu araşdırmaçıların bir qismi XII yüzildə yaşamış Səlcuq bəyi ilə eyniləşdirir, bəziləri isə bakılı memar hesab edirlər.

Kitabənin xətti üslubca XII yüzilə aid edilsə də, Qız qalasının həmin çağda tikilməsi fikrini bir çox mütəxəssislər qəbul etmirlər. Çünki başqa Abşeron qalalarında tikinti zamanı hakimiyyətdə olan Şirvanşah böyük təntənə və dəbdəbə ilə kitabələrdə göstərildiyi halda, Abşeronun ən möhtəşəm abidəsində belə kitabə göstəricisi yoxdur. Bu səbəbdən Qız qalasının Şirvanşahlar çağında ucaldılması fikri birmənaı olaraq rədd edilmişdir.[17] Şirvanşahlar olsa-olsa XII yüzildə bu qədim abidədə bərpa və yenidənqurma işləri aparmışlar. Qız qalasının ilkin olaraq hansı məqsədlərlə inşa edilməsi məsələsi müəyyən edilməsə də, abidənin XII yüzildən Bakının müdafiə sisteminə daxil olduğu və Şirvanşahların ən möhkəm qalalarından olan Bakı qalasının baş qülləsi rolunu oynadığı mütəxəssislər tərəfindən qəbul edilmişdir.

İçərişəhərin şimal-şərq küncündə yerləşən qalanın miflərəfsanələrlə əhatə olunmuş tarixi müxtəlif sivilizasiyalar və xalqlarla əlaqələndirilir. Lakin bununla belə ərazidə ilk insan məskunlaşmasının Paleolit dövrünə təsadüf etməsi sübut edilmişdir.[18]

Bakının tarixi və memarlıq abidələri haqqında geniş tədqiqatların müəllifi olan prof. Sara xanım Aşurbəyli qalanın özülünün qayanın 15 m dərinliyinə qədər getdiyini qeyd etməklə yanaşı, onun IV – VI əsrlərdə inşa edilməsi ehtimalını da irəli sürmüşdür.[19] Tanınmış alim akademik Bretanski də qalanın V – VI əsrlərdə inşa edilməsi ehtimalını qeyd etmişdir.[14]

Arxeoloji qazıntılar

Belə bir fikir söylənilmişdir ki, Qız qalası Abşeronun başqa müdafiə tikintiləri kimi qala rolunu oynamış, şəhərin müdafiəsi üçün istifadə edilmişdir.[20][21] Həmin abidənin dini səciyyə daşıması haqqında da fikirlər var.[22][23] Başqa bir fərziyyə isə Qız qalasının rəsədxana kimi istifadə olunmasını irəli sürür.[24]

Qız qalası ətrafında aparılan qazıntılar zamanı üzə çıxarılmış monumental binanın zirzəmisinin tədqiqi də maraqlı tapıntılardan olub, şəhər memarlığının bəzi mübahisəli məsələlərinə aydınlıq gətirmək üçün mühüm elmi əhəmiyyət kəsb edir.[25]

Dini xarakterli tikili qalıqları da 1998-ci ildə Qız qalası ətrafında aparılmış arxeoloji qazıntı zamanı üzə çıxarılmışdır. Qız qalasının ətrafında aparılan qazıntı zamanı Bakının qədim memarlıq abidələrindən biri, X əsrə aid edilən məscidin qalıqları üzə çıxarılmışdır.[26]

Bərpası

Abidədə müxtəlif dövrlərdə və müxtəlif səviyyələrdə bərpa işləri aparılmışdır. İlk bərpa işlərinin Şirvanşahlar dövləti zamanında aparıldığı güman olunur. Daha sonra Bakı xanlığı dövründə qalanın möhkəmləndirilməsi məqsədiylə bərpa işlərinin aparılması müəyyən edilmişdir. Abidədə geniş bərpa və tədqiqat işləri Azərbaycan SSR qurulduqdan sonra aparılmışdır. 1963–1965-ci illərdə qala ətraflı tədqiq edilmiş, prof. Əhmədov tərəfindən birinci mərtəbədə və qalanın ətrafında arxeoloji qazıntılar aparılmış, qala divarının içində yerləşən su quyusu kəşf edilmişdir. 2000-ci ildə İçərişəhər Bakı qalası və Qız qalasıyla birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmışdır. Elə həmin il Bakıda baş verən zəlzələdən sonra qala 2004–2009-cu illərdə abidə Təhlükədə olan Ümumdünya İrsi abidələri siyahısına salınmışdır. Bundan sonra abidənin bərpası və qorunmasıyla bağlı əlavə tədbirlər keçirilmiş və UNESCO-nun 1 fevral 2010-cu il tarixində keçirilən sessiyasında qala təhlükədə olan abidələr siyahısından çıxarılmışdır.[27][28][29]

Mədəniyyətdə

Qız qalası baletinin premyerası zamanı Q. Almaszadə Gülyanaq, və K. Bataşov isə Polad rolunda

Qız qalasıyla bağlı əfsanə Azərbaycanda bir çox poema və teatr tamaşalarının mövzusu olmuşdur. 1940-cı ildə böyük bəstəkar Əfrasiyab Bədəlbəyli həmin əfsanənin motivləri əsasında ilk Azərbaycan baleti olan Qız qalası baletini yazmışdır.[30] Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdir.

Qız qalasının gecə işıqlandırılması

Qız qalası 1992–2006-cı illərdə 1 və 250 manatlıq,[31] 2006-cı ildən 10 manatlıq[32] və 5 qəpiklik[33] pul əskinaslarında təsvir edilmişdir.

2010-cu ildən etibarən, hər il Qız Qalasının yaxınlığında Heydər Əliyev Fondunun, "Qız Qalası" Bədii Qalereyasının, Bakı Müasir İncəsənət Muzeyinin"İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun təşkilatçılığı ilə beynəlxalq "Qız Qalası" Beynəlxalq incəsənət festivalı keçirilir.[34]

Qız Qalası haqqında əfsanə

Qız Qalası haqqında əfsanə şahzadə ilə balıqçı arasında ehtiraslı sevgidən bəhs edir. Hər gün sevgilisini görmək üçün balıqçı dənizin kənarında yerləşən qalanın yanına gəlirdi. O, dənizin üzərində "sevgi inamının yelkənlərində" ağır-ağır yeriyirdi. Vaxt gedirdi. Onların sevgisi daha da möhkəmlənir və sevgililərə bütün çətinlikləri dəf etməyə güc verirdi. Lakin bir gün, geri qayıdarkən, balıqçının inamı büdrədi və o, batmağa başladı. Onu baxışı ilə yola salan şahzadə bunu görərək sevgilisini xilas etmək üçün qaladan suya atıldı, lakin qəlbində qorxu hissinin inamı üstələdiyinə görə özü də batdı.

O vaxtlardan qala xalq arasında inam və məhəbbətin, paklıq və mərdliyin simvoluna çevrilərək Qız Qalası adlandırılmağa başladı.

Xaricdə tanınması

2015-ci ilin fevral ayında Yaponiyanın Hokkaydo adasında rəsmi açılışı olan 66-cı Sapporo qar fiqurları festivalında Azərbaycan qardan düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları ilə iştirak etmişdir. Sapporo şəhərinin mərkəzində yerləşən Odori parkında təşkil edilmiş festivalda qar və buzdan düzəldilmiş müxtəlif ölçülü 207 heykəl nümayiş etdirilir. Onlar dünyanın müxtəlif ölkələrindən gəlmiş heykəltəraşlar tərəfindən düzəldilib.[35]

Azərbaycan festivalda ilk dəfə Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədovun təşəbbüsü ilə düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları təmsil edilmişdir. Festival yalnız Yaponiyada deyil, bütün dünyada populyarlığı ilə seçilən qış tədbirlərindəndir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan çox insan ziyarət edir.[36]

Qalereya

1992-ci ildə buraxılmış əskinazlar

1993-cü ildə buraxılmış əskinazlar

Qeydlər

  1. Bəzi azərbaycanca mənbələrdə Qız Qalası olaraq da qeyd edilir.

İstinadlar

  1. "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower" (ingilis). ISESCO-nun rəsmi saytı. 2000. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  2. "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  3. "АЗЕРБАЙДЖАН IV–XVIII веков" Л. С. Бретаницкий, Б.В. Веймарн Издательство "ИСKУССТВО ", Москва, 1976
  4. "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". Unesco.org. April 5, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 25, 2010.
  5. "Baku (Azerbaijan); Evaluation Report" (pdf). Unesco.org. July 25, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: November 25, 2010.
  6. "Qız qalası". 2012-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-06.
  7. http://www.azadliq.org/content/article/2182488.html Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine Qız Qalasının əslində neçə yaşı var? (Azadlıq radiosu)
  8. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 162
  9. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 163
  10. "Geheimnis des Jungfrauenturm soll gelöst werden". 2014-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  11. "Mythisches Bauwerk, mit Laser durchleuchtet". 2014-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  12. "Qız qalası". 2012-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  13. Blair, Sheila. The monumental inscriptions from early Islamic Iran and Transoxiana. BRILL. 1992. səh. 155. ISBN 9004093672. May 8, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 27, 2010.
  14. Ibrahimov, Dr. Kamil. "The Mystery of the Maiden Tower". Visions of Azerbaijan. 22–26. June 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 28, 2010.
  15. Karoly Gink, Ilona Turansky: Aserbaidschan. Paläste – Türme – Moscheen. Dausien Werner Verlag, Juli 1997. ISBN 3-7684-1955-X.
  16. C.Гусейнова 1992, стр. 119
  17. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 164
  18. Lonely Planet 1000 Ultimate Experiences. Lonely Planet. 2009. səh. 191. ISBN 1741799457. 2014-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  19. S. Aşurbəyli – Bakı şəhərinin tarixi, Bakı, 2007, səh 154
  20. O.Ш.Исмизаде, 1964; 1965; 1968
  21. М.Халилoв, 1997, стр. 296–297
  22. Р.М.Гиршман, 1978, стр. 37–41
  23. Д.А.Ахундов, 1974, стр. 14–25
  24. Г.Ахмедов, 1997, стр. 179–191
  25. K.Fərhadoğlu, 2006, səh. 60.
  26. F.Ə.İbrahimov, 1999
  27. "Decision – 27COM 7B.59 – Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower (Azerbaijan)". Unesco.org. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  28. "Decision – 28COM 15A.29". Unesco.org. 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  29. "Decides to retain the Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower (Azerbaijan) on the List of World Heritage in Danger". Unesco.org. 2015-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  30. "Əfrasiyab Bədəlbəylinin yaradıcılığının xronologiyası". 2014-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  31. Central Bank of Azerbaijan Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. National currency: 1, 5, 10, 50, 100 and 250 manat Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine. – Retrieved on 25 February 2010.
  32. Central Bank of Azerbaijan Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. National currency: 10 manat Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine. – Retrieved on 25 February 2010.
  33. Central Bank of Azerbaijan Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. National currency: New generation coins Arxivləşdirilib 2014-11-10 at the Wayback Machine. – Retrieved on 25 February 2010.
  34. В Баку появились красочные Девичьи башни. Arxivləşdirilib 2014-12-07 at the Wayback Machine  (rus.)
  35. "Arxivlənmiş surət". 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-28.
  36. "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-05.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.