Qılman İlkin
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967).
Qılman İlkin | |
---|---|
Doğum adı | Qılman İsabala oğlu Musayev |
Doğum tarixi | |
Doğum yeri | Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (95 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu (1936) |
Fəaliyyəti | yazıçı, redaktor, pedaqoq |
Fəaliyyət illəri | 1943–2009 |
Əsərlərinin dili | azərbaycanca |
Mükafatları |
|
Həyatı
Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur.[1]
Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır.[2]
Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir.[1] 1974-cü ildən fərdi təqaüdə çıxmışdır.[3]
Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.[4]
Yaradıcılığı
Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə "Yaralı şahin" adlı hekayəsi ilə başlamışdır. Onun Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi "Həyat yollarında" adlı povesti 1947-ci ildə çapdan çıxmışdır. Bundan əlavə, onun yaradıcılığında "Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988), "Bakı və bakılılar" (1998) əsərləri də yer alır.[5] 1994–2000-ci illərdə "Sən Bakını tanıyırsanmı?", "Tovuz lələyi" kitabları kütləvi tirajla nəşr olunmuşdur. Onun "Qalada üsyan" romanı əsasında "Azərbaycanfilm"də "Yenilməz batalyon" filmi çəkilmişdir. O, eyni zamanda "Kölgələr sürünür" filminin ssenarisini də yazmışdır.[3]
Yazıçı "Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Çətin döngələr", "Baba və nəvə", "Həyat sınaqları", "Qarışqa şıllaq atdı" pyeslərinin, "Şimal küləyi" (1962) povestinin, silsilə hekayələrin müəllifidir.[6] Bu əsərlərin əksəriyyəti uzun müddət televiziyada nümayiş olunmuş, "Təzə şagird" pyesi isə tamaşaya qoyulmuşdur.[3]
Yaradıcılığı boyu 50-dən çox kitabı çap olunan müəllifin bu nəşrlərdə dörd romanı yer alır. Digər kitabları isə, əsasən, povest və hekayələrdən ibarətdir.[5]
Təltif və mükafatları
- "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 27 yanvar 2003[7]
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 17 may 1989
- Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 28 aprel 1967 ("Şimal küləyi" əsərinə görə)
- "Qırmızı əmək bayrağı" ordeni — 28 oktyabr 1967
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002-ci ildən[8]
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 2 aprel 1970, 18 may 1984
- "Humay" milli mükafatı ("Bakı və bakılılar" kitabına görə)
- Qafqaz Xalqları Ali Dini Şurasının "Paklıq" mükafatı
Xatirəsi
8 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyi haqqında sərəncam imzalamışdır.[9] Onun adına Xəzər rayonu, Mərdəkan qəsəbəsində küçə var.[10]
Filmoqrafiya
- Kölgələr sürünür (film, 1958) (bədii film) — ssenari müəllifi
- Yenilməz batalyon (film, 1965) (bədii film) — ssenari müəllifi
- General (film, 1970) (bədii televiziya filmi) — ssenari müəllifi
İstinadlar
- "Qılman İlkin". "Azərbaycan" qəzeti. 7 noyabr 2009. 1 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2019.
- Qəmbərova, Şəhla; Məcidova, Nərgiz. Həyat və yaradıcılığı // Qələmlə çarpışan mücahid ömrü. Bakı. 2014. səh. 5.
- Əhmədov, T. Qılman İlkin // Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Bakı: Nurlar. 2011. səh. 544.
- "Azərbaycanın xalq yazıçısı Qılman İlkinlə vida mərasimi keçirilib". apa.az. 7 noyabr 2009. 1 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2019.
- Aynurə Əliyeva. "Ədəbiyyatımızda öz naxışı olan yazıçı". Mədəniyyət qəzeti. 26 aprel 2019. 1 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2019.
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 204. ISBN 978-9952-8021-9-1.
- ""Azərbaycan" və "Literaturnıy Azerbaydjan" jurnallarının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 27 yanvar 2003. 23 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2019.
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 11 iyun 2002. 1 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2019.
- "Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 8 iyul 2014. 31 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2019.
- "Mənim küçəm — Mərdəkan qəsəbəsi". xazar-ih.gov.az. 12 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2019.