Qış sarayının Müqəddəs Georgi zalı
Müqəddəs Georgi zalı (rus. Георгиевский зал) və ya Böyük taxt zalı (rus. Большой тронный зал) - Sankt-Peterburqdakı Qış sarayının ən böyük dövlət zalıdır. Sarayın ən şərq otağı olan zal kiçik Apollon zalı vasitəsiylə Qış sarayını Ermitaj binası ilə birləşdirir.
Tarixi
Sarayın əsas taxt zalı olan Müqəddəs Georgi zalı bir çox tarixi hadisələrin və mərasimlərin şahidi olmuşdur. 1906-cı ildə, məhz bu zalda Çar II Nikolayın iştirakı ilə Birinci Dövlət Dumasının açılışı olmuşdur. İnqlabın qarşısını almağa çalışan çar, xalqa güzəştə gedərək dumanın yaradılmasına razılıq verməyə məcbur olmuşdu. Lakin, imperator ailəsi bunu “Rusiyada mütləqiyyətin sonu” kimi dəyərləndirirdi.[1]
Tarixdə ilk dəfə, ictimai mövqeyindən asılı olmayaraq, çoxlu sayda rus saraya buraxılmışdı və bu həm imperator ailəsi, həm də xalq üçün sürrealist bir sınaq idi. Çar ailəsi ilə birgə taxt pilləkənində dayanmış çarın bacısı zalı doldurmuş sadə rusları xatırlayaraq yazır: “Mən anamla birgə Birinci Dumaya getdim. Mən zala dolmuş kəndli və fabrik işçiləri olan çoxlu millət vəkillərini xatırlayıram. Kəndlilər qaşqabaqlı baxırdılar. Lakin işçilər daha pis idilər, onlar elə baxırdılar ki, sanki, hamısı bizə nifrət edirdilər. Mən Aleksinin gözlərindəki narahatlığı xatırlayıram.”[2] Saray naziri Frederik qeyd edir ki, “Millət vəkilləri, nazirlər üzərinə hücum etmək üçün bir siqnal gözləyən cinayətkarlar dəstəsini xatırladırdı. Mən bir də heç vaxt həmin insanlar arasında olmaq istəmirəm."[3] Dul imperatriça isə “anlaşılmaz bir nifrət” sezmişdi.[3]
Taxtın arxasında kiçik Apollon otağı yerləşir. Kiçik giriş otağı funksiyasını daşıyan Apollon otağı əslində Ermitaj binası ilə birləşdirən körpü-pilləkənin yuxarı hissəsidir. Bu otağın stukko işləmələri olan kesson tavanı var.
Bu gün Ermitaj muzeyinin tərkibində olan zal Stasovun dekorativ dizaynını daşıyır.
Memarlıq xüsusiyyətləri
Zalın 1787-1795-ci illərdə memar Cakomo Quarencinin layihəsi əsasında inşa edilmiş neoklassik rəngarəng interyeri 1837-ci ildə sarayda baş vermiş yanğın nəticəsində tamamilə məhv olmuşdur. Yanğından sonra bütövlükdə sarayın bərpa olunması rus memar Vasili Stasova tapşırılmışdı. Stasov hər nə qədər sarayın ümumi memarlıq quruluşunu və fasad dizaynını olduğu kimi bərpa etsə də, əksər otaqların interyerini daha sadə klassik stillə əvəz etmişdir. Bərpa zamanı Müqəddəs Georgi zalının polixrom mərmər sütunları ağ mərmər sütunlarla əvəz edilmişdi. Yanğın zamanı zalın tamamilə məhv olmuş alleqorik səhnələrin çəkildiyi möhtəşəm tavanı, Stasov tərəfindən adi qızılı naxışları olan sadə tavanla əvəzlənmişdir.
- Birinci Dumanın açılışı zamanı II Nikolayın nitq söyləməsi, V. Polyakov.
- Apollon zalı, E.P.Hau, 1862.
- Müqəddəs Georgi zalının müasir görünüşü.
İstinadlar
- Van der Kiste, p.61
- Vorres, p.121
- Massie, R, Nicholas and Alexandra, p.242
Ədəbiyyat
- Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.
- Norman, Geraldine. The Hermitage: The Biography of a Great Museum. New York: Fromm International Publishing. 1998. ISBN 0-88064-190-8.
- Stuart, D. Dear Duchess: Millicent, Duchess of Sutherland (1867 - 1955). London: Victor Gollancz Ltd. 1982. ISBN.
- History of the Hermitage retrieved 1 November 2008