Qış sarayının Böyük saray kilsəsi
Böyük saray kilsəsi (rus. Большой придворный собор) və ya Xilaskarın təsviri kilsəsi (rus. Собор Спаса Нерукотворного образа) - Sankt-Peterburqdakı Qış sarayının tərkibində yerləşən, keçmiş pravoslav kilsəsi. Ümumilikdə Qış sarayının tərkibinə iki kilsə daxildir ki, onlardan da kiçik olanı şəxsi otaqların yaxınlığında yerləşməklə daha şəxsi (sırf ailə üzvlərinə xidmət edən) xarakterə malikdir. Həmin kiçik kilsə 1768-ci ildə inşa edilib. Sarayın şərq qanadında yerləşən Böyük saray kilsəsi isə Françesko Bartolomeo Rastrellinin layihəsi əsasında inşa edilmişdi və Qış sarayının "ən dəbdəbəli otaqlarından biri" kimi təsvir edilir.[1] Günümüzdə artı fəaliyyət göstərməyən kilsədən Ermitajın sərgi zallarından biri kimi istifadə edilir.[1]
Tarixi
Kilsənin inşasına 14 oktyabr 1753-cü ildə (Yuli təqvimi) başlanmışdır. Yeddi il sonra kilsənin interyeri italyan rəssamlar Karlo Zuççi, Françesko Martini, Covanni Antonio Veneroni və heykəltaraş G.B. Canni tərəfindən həll edilmişdir. Rastrelli şəxsən, İvan İvanoviç Belski və İvan Vişnyakovun ikonaları çəkdiyi üç səviyyəli ikonstasın inşasına cavabdehlik daşımışdır. İtalyan rəssam Françesko Fontebasso kilsənin spandrellərində yevangelistlərin təsvirlərini və vestibülün tavanında “İsanın dirilməsi” təsvirini çəkmişdir.
Böyük saray kilsəsi Qış sarayının son tamamlanan hissələrindən biri olmuşdur. 6 aprel 1762-ci ildə saray ilk dəfə məskunlaşmağa başladıqda kilsə hələ tamamlanmamışdı, buna görə də müvəqqəti yaradılmış “İsanın dirilməsi kilsəsi”nə Novqorod arxiyepiskopu Dmitri Seçenov tərəfindən xeyir-dua verilmişdir.
12 iyul 1763-cü ildə Sankt-Peterburq arxiyepiskopu Qavriil Krementski sarayda inşası tamamlanmış kilsəyə “Xilaskarın Əl ilə Çəkilməmiş Təsviri” adına xeyir-dua vermişdir. Eyni adlı ikona 1693-cü ildə Fyodor Uxtomski tərəfindən çəkilmiş, qızıl və brilyantlarla bəzədilmiş və mehrab yaxınlığında yerləşdirilmişdi.
Memarlıq xüsusiyyətləri
Böyük saray kilsəsi və İordan pilləkəni Qış sarayında Françesko Bartolomeo Rastrellinin yaratdığı rokoko interyeri xüsusiyyətlərinin saxlandığı azsaylı hissələrdəndir. 1837-ci ildə baş vermiş yanğından sonra məhv olmuş Qış sarayını bərpa etmək üçün vəzifələndirilmiş Vasili Stasov onun ilkin interyerini eyniylə bərpa etmişdir. Buna baxmayaraq, yeni interyerdə mürəkkəb naxışlar taxtadan yox, preslənmiş papye-maçedən işlənmişdir.[1]
Yanğından əvvəl kilsə korinf sütunları ilə üç nefə ayırılmışdı. Kənar pəncərələrdən düşən işıqlar kilsəni işıqlandırırdı. Mərkəzi nef günbəzlə tamamlanmışdı. Kilsənin divarları rokoko stilində stukkolarla zəngin şəkildə bəzədilmişdi. Gümbəzdə rəssam Pyotr Basinm tərəfindən “Məsihin yüksəlişi” freskası, lunetlərdə isə Fyodor Bruni tərəfindən Müqəddəs Matfey, Mark, Luka və İohann freskaları çəkilmişdi.[1] Kilsənin yanğından sonra bərpası tamamlandıqda 25 mart 1839-cu ildə Moskva mitropoliti tərəfindən xeyir-dua verilmişdi.
Kilsə, Romonovlar sülaləsi ilə bağlı anım mərasimlərinin və dini mərasimlərin keçirildiyi əsas məkan olmuşdur. Kilsə həm də imperator ailəsinin əsas ibadət yeri olmuşdur və ailə üzvləri kilsənin küncündəki yasaqlıqda ibadət edirdi. 1914-cü ildə Almaniyaya müharibə elan etmək üçün Qış sarayının eyvanına çıxmazdan əvvəl Çar II Nikolay təntənəli şəkildə bu kilsədə ibadət mərasimi təşkil etmişdi.
Böyük saray kilsəsi müasir dövrdə
1918-ci ildə kilsə rəsmən ibadətə bağlanmışdır. Hazırda kilsə Ermitaj muzeyinin sərgi zallarından biri kimi fəaliyyət göstərir.[2]
İstinadlar
- State Hermitage Museum Arxivləşdirilib 2008-08-29 at the Wayback Machine retrieved 10 November 2008
- Собор СПАСА НЕРУКОТВОРНОГО ОБРАЗА с церковью СРЕТЕНИЯ ГОСПОДНЯ при Императорском Зимнем дворце Arxivləşdirilib 2012-02-24 at the Wayback Machine Sankt-Peterburq ensiklopediyasından.
Ədəbiyyat
- Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.
- Norman, Geraldine. The Hermitage: The Biography of a Great Museum. New York: Fromm International Publishing. 1998. ISBN 0-88064-190-8.
- Stuart, D. Dear Duchess: Millicent, Duchess of Sutherland (1867 - 1955). London: Victor Gollancz Ltd. 1982. ISBN.
- History of the Hermitage retrieved 1 November 2008