Psixika
Psixika (qədim yunan dilində ψῡχικός "mənəvi, həyati") — psixologiyada və tibbdə bilik və elm sahələrindən asılı olaraq aşağıdakı kimi müəyyən edilən mürəkkəb bir anlayışdır:
- Düşüncə prosesləri və hadisələrinin məcmusu (hisslər, qavrayışlar, emosiyalar, yaddaş və s.); heyvanların və insanların ətraf mühitlə qarşılıqlı əlaqəsində həyatın spesifik aspekti[1][2];
- “Yüksək mütəşəkkil canlıların xarici aləmlə qarşılıqlı əlaqəsi prosesində yaranan və onların davranışında (fəaliyyətində) tənzimləyici funksiyanı yerinə yetirən obyektiv reallıq subyektinin aktiv nümayiş etdirmə forması”;
- Yüksək mütəşəkkil canlı materiyanın subyekt tərəfindən obyektiv aləmi aktiv şəkildə əks etdirməsindən, ondan ayrılmaz dünya mənzərəsinin qurulmasında və bu əsasda onun davranış və fəaliyyətinin tənzimlənməsindən ibarət olan sistemli xüsusiyyəti;
- İnsanın daxili aləmi.
Psixika insanların və heyvanların subyektiv aləmi olub, subyektiv şəkildə yaşanan proseslərin və halların bütün kompleksini əhatə edir: qavrayış, yaddaş, təfəkkür, niyyət, yuxu və s.
Psixika bütövlük, fəallıq, inkişaf, özünütənzimləmə, ünsiyyət, uyğunlaşma və s. kimi keyfiyyətlərlə xarakterizə olunur; somatik proseslərlə əlaqələndirilir. Bioloji təkamülün müəyyən mərhələsində meydana gəlmişdir. İ.P.Pavlov psixi fəaliyyəti ali sinir fəaliyyəti ilə əlaqədar olduğunu müəyyən etmişdir[3]. Psixologiya elmi psixikanın öyrənilməsi ilə məşğul olur. 1970-ci illərdə psixologiya, nevrologiya və fiziologiyanın qovşağında psixi proseslərin beyin mexanizmlərini öyrənən psixologiyanın bir qolu olan neyropsixologiya inkişaf etmişdir.
Psixikanın təkamülü
Psixikanın əmələ gəlməsi materiyanın bioloji təşəkkülü ilə bağlıdır. Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm, instinktiv, intellektual və həyatda qazanılan davranış formalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə, birhüceyrəli orqanizmlərdə belə özünü göstərir və onlar cavab reaksiyası verirlər. Mühit canlı orqanizmə bioloji təsir göstərə bilir ki, bunun nəticəsində həmin orqanizmin protoplazmasının xassəsi dəyişir. Bioloji amillərə özünəməxsus cavab vermək üsulları tropizmlər və ya taksiklər adlanır. Tropizmlərin bir sıra növləri vardır:
- fototropizm – düşən işığın istiqamətindən asılı olaraq bitki orqanlarının böyümə istiqamətinin və ya vəziyyətinin dəyişməsi;
- termotropizm – işığın təsiri ilə hərəkətetmə meyli;
- xemotropizm – müəyyən fiziki-kimyəvi mühiti seçmə meyli;
- topotropizm – mexaniki qıcıqlandırıcıların təsirilə hərəkət etmə meyli və s.
Canlılarda psixikanın təşəkkül tapması onların mühitə uyğunlaşa bilməmələri ilə bağlı olan dəyişikliklərdən yaranır. Bir çox canlıların davranışı instiktiv davranışdır və təbii tələbatdan doğur. Mühitin müəyyən şəraitinə, təsirinə qarşı mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır. İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xarakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesab edirlər ki, instinktlər dəyişməzdir və canlıların fərdi qaydada mühitə uyğunlaşması prosesində dəyişməz qalır.
Ali heyvanlarda instinktiv davranış formaları ilə yanaşı dəyişkən formalı davranış – vərdişlər və intellektual hərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağı pilləsində belə özünü göstərir. Lakin açıq-aşkar ifadə olunan vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda müşahidə edilir. Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellektual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb münasibətləri əls etdirmək təşkil edir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, insan ağlından fərqli keyfiyyətə malikdir.
İstinadlar
- Психика // Большой Энциклопедический словарь. 2000.
- Немов Р. С. Психика (определение) // Психологический словарь / под ред. Н. В. Меньшиковой. — М.: Гуманитарный издательский центр ВЛАДОС (МПГУ), 2007. — С. 321. — 560 с.
- Шульговский В. В. Высшая нервная деятельность // Большая российская энциклопедия : сайт. — 2004.
Ədəbiyyat
- Кон И. С. Психология половых различий / Психология индивидуальных различий. Под ред. Ю. Б. Гиппенрейтера, В. Я. Романова. Издание 2-е // М.: ЧеРо, 2002. – 776 с. ISBN 5-88711-178-X. — С. 154-159.
- Крафт-Эбинг Рихард. Половая психопатия / Перевод: Н. Вигдорчик, Г. Григорьев // М.: Родина, 2019. — 576 с., ил. ISBN 978-5-907211-41-4.
- Филатова А. Ф. Психология половых различий и гендерная психология / УДК 159.922.2 // «Вестник Омского университета». 2007, № 1. ISSN 1812-3996. — С. 125-130.